Dövlət vətəndaşdan ən sadə şeyi istəyir...

Dövlət vətəndaşdan ən sadə şeyi istəyir...
SOSİAL
13:01 30.06.2020
618
Hacıbəy Heydərli,
AZXEBER.COM saytının baş redaktoru
 
Son günlər koronavirusa yoluxmaların çoxu yas mərasimində qeydə alınır. Hətta yas yerinə getdiyinə görə COVİD-19-dan ölən həkim də var. 

Nazirlər Kabineti yanında Operativ Qərargah yas və toylara qadağa qoysa da, çox təəssüf ki, milli mental dəyərlərimiz bu qərarı kölgədə qoyur və koronavirus yaslarda bayram edir. Kütləvi yoluxmalar da məhz toplu məkanlarda qeydə alınır. 

İndi isə bu suala cavab tapaq. Biz nəyə görə yoluxmağa meylliyik? 

Olduqca həssas olan bu günlərdə dövlət əlindən gələn və gəlməyən bütün addımları atıb. Həyatımızın öz axarına qayıtması üçün tədbirlər görülüb, vətəndaşlardan isə bu işdə ən sadə istək var: Maska, sosial məsafə və gigiyenik qaydalara riayət. 

Ancaq bu gün ictimai nəqliyyata, küçələrə çıxsaq, görərik ki, bəzi vətəndaşlar yalnız postlara yaxınlaşanda və PPX maşını görəndə maska taxır. Biz niyə belə edirik? Bununla anlamırıq ki, karantin rejimi artırılacaq? Anlamırıq ki, belə etsək həyatımız öz axarına dönməyəcək? Bilmirik ki, belə davam etsə, toy və yaslara icazə verilməyəcək?

Sadəcə onu dərk etməliyik ki, hər şey öz əlimizdədir. Bəlkə də hər şey maskamızdadır. Maskamızı əlimizdə və cibimizdə yox, ağzımızda saxlasaq, tezliklə koronavirusa qalib gələ bilərik. 

Əks təqdirdə isə yoluxmalar artacaq, COVİD-19 hər evə girəcək. Seçimi özümüz edək, hansı yola gedək: Yay günlərində sərt karantinə davam, yoxsa 3 sadə qaydaya riayət etməklə həyatımızın əvvəlki vəziyyətə gəlməsi?

Ölkədə sərt karantin tətbiq olunur. Ancaq hələ də evdən icazəsiz çıxanlar, maska taxmayanlar, dost-tanışı görəşəndə öpüşüb-görüşənlər var. 

Onların da arqumenti budur ki, sərt karantində olsaq da, yoluxma sayı azalmır. Belə olan təqdirdə buna nə ehtiyac vardı? Həmin şəxslərə həkimlərin və ÜST-ün dəfələrlə dediyi faktı xatırlatmaq istəyirəm: Koronavirus simptomları özünü 10-14 gün sonra büruzə verir. Yəni, insan yoluxandan 10-14 gün sonra qızdırır, öskürür, tənginəfəs olur. Bu o deməkdir ki, bugünkü 500-550 aralığında olan rəqəmlər 2 həftə öncənin fəsadlarıdır. O fəsadlar ki, 2 gün evdə oturacağıq deyə 200 nəfər çörək uğrunda dava edirdi....

Sərt karantin isə 9 gündür ki, tətbiq olunur. Əminəm ki, nəticələrini də yaxın 2-3 gün ərzində görəcəyik. Bizə isə yalnız gözləmək, 3 sadə qaydaya riayət etmək qalır. Gözəl günlər uzaqda deyil
OXŞAR XƏBƏRLƏR