Əbu-Dabi görüşündən sonra sülh müqaviləsi imzalanacaq? - AÇIQLAMA

Əbu-Dabi görüşündən sonra sülh müqaviləsi imzalanacaq? - AÇIQLAMA
SİYASƏT
17:32 10.07.2025
411
Xəbər verdiyimiz kimi, bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub.
 
Görüşdə həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.

Bu gün baş tutan Əbu-Dabi görüşündən gözləntilər barədə AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov Azərbaycan dövlətinin Ermənistan qarşısında qoyduğu tələbin aydın olduğunu deyib:
"Qalib tərəf kimi Azərbaycanın Ermənistan qarşısında tələbləri aydındır. Bunlardan biri Konstitusiyanın dəyişdirilməsi və artıq tarixə qovuşan təsisata birgə rəsmi müraciətin ünvanlanmasıdır. Sözsüz ki, bu iki əsas məsələ olmadan sülh olmayacaq. Çünki dəfələrlə rəsmi bəyanat yayıldı ki, heç bir beynəlxalq sənəd daxili qanunları üstələmir. 

Azərbaycanın yanaşması budur. Gələcəkdə istənilən boşluqdan tutub yararlanmamaq üçün məsələləri fundamental, "təmiz süpürə-süpürə” həll etmək lazımdır. Hər bir halda tarixə qovuşan keçmiş münaqişənin bəzi sənədlərində bu cür söz oyunlarına getməyin ağır praktikasından Azərbaycan çox əziyyət çəkib və dərs çıxarıb. Bu məsələdə nəinki Ermənistana, istənilən tərəfə güvən yoxdur. Sülhə qədər iki mühüm məsələ bizi qarşıda gözləyir, amma bu o demək deyil ki, proseslərin arxaya doğru aparılmasına, tormozlanmasına və yaxud da kənar müdaxilələrin yenidən fundamental xarakter almasına Azərbaycan icazə verəcək".
 
"Regionda son baş verən hadisələr indiki ssenari deyil" deyən millət vəkili Ermənistanın Azərbaycanın məqsədinin nə olduğu aydın dərk etdiyini vurğulayıb:
 
"Uzun müddət idi ki, Rusiya-Ukrayna adı altında gedən, heç cür ümid edilən nəticəyə gəlinə bilməyən Rusiya-Qərb rəqabətinin üzü Cənubi Qafqaza çevrilməyə çalışılırdı. Bu istiqamətdə regional aktorlara təzyiqlər bir cür idisə, Azərbaycana qarşı yumşaq görkəm altında daha fərqli təzyiqlərə bürünmüş yanaşmaların da olduğu son dərəcə aydın görünürdü. Lakin bütün mənfi ritorikaya, meyillərə və addımlara baxmayaraq Azərbaycan məqsədin nə olduğu aydın dərk edir, bütün cəhdləri əlinin tərsi ilə geri çevirməklə bütövlükdə regionumuzu münaqişələrdən təcrid, müharibələrdən isə tamamilə uzaq etmək istiqamətində addımlar atırdı. Onu da vurğulayaq ki, son zamanlarda artan gərginlik fonunda Ermənistandan da bənzəri yanaşmanın şahidi olduq. Məsələni isə bu cür izah etmək lazımdır ki, bir aktor tarixdən özü üçün dərs çıxarıbsa, digəri, digərləri də düzgün hesablamalar aparmaq lazım olduğunun acı praktikasını dəfələrlə yaşayıb. Bu baxımdan maraqlarla dolu, subyektivlik deyil, neytral mövqe üzərindən öz məqsədlərini masa üzərinə qoymağın daha düzgün olduğu reallığını realizə etmək üçün fürsət və zamanı yetişdi. Bu istiqamətdə BƏƏ-nin ayrı-ayrılıqda Türkiyə, Azərbaycan, Ermənistanla olan münasibətləri baxımından da bu ölkəyə platforma kimi üz tutuldu. Bu həm də BƏƏ-nin özünün xarici siyasətini şaxələndirmək üzrə daha geniş strategiyasının bir hissəsidir. Bununla da bu dəst-xətt Əmirliyin öz xarici siyasətini diversifikasiya etmək, onu müxtəlif oyunçularla münasibətdə daha elastik hala salmaq və xüsusilə də beynəlxalq əlaqələrin bu müxtəlifliyindən daha çox qazanc əldə etmək cəhdində gizlənir. Son zamanlarda bu Körfəz dövləti öz strateji balanslaşdırma aktını və dünya səhnəsində artan təsirini vurğulayır".
 
Deputat həmçinin qeyd edib ki, danışıqların vasitəsiz formada aparılması mühüm göstəricidir:
 
"Prezident İlham Əliyevin rəhbərliyi ilə görüşlərdə iştirak edən Azərbaycan rəsmiləri ilə Nikol Paşinyanın heyətinə daxil olan rəsmilərin arasında olan münasibət danışıqlar kanallarının vasitəsiz formada aparılmağa üstünlük verildiyinin göstəricisidir. Bunu "praqmatik ünsiyyət" də adlandırmaq olar. 
Sülh müqaviləsinin imzalanmasından öncə öz maraqlarını prioritet tutmaq uğrunda göstərilən bütün təzyiq və təhdidlərə baxmayaraq qətiyyətli addımlar davam edir. Bu addımlar qətiyyətimiz qədər, həm də beynəlxalq vəziyyətin verdiyi imkanlardan istifadə etmək üçün çox praqmatik bir yanaşmadır. Kommunikasiyalar açılmalıdır. Bu, regiona sülh, təhlükəsizlik, rifah gətirəcək. Nikol Paşinyan da bu reallığı aydın dərk edir. Hər bir halda Əbu-Dabi görüşü irəliyə doğru bir addım olmaqla yanaşı, sülh müqaviləsinə daha çox yaxınlaşdıran bu günümüzün müsbət reallığıdır".
"Mən ümumilikdə belə bir formatı, görüşün özünü müsbət qiymətləndirirəm. Heç bir vasitəçilər olmadan, təşəbbüskarlar olmadan belə bir görüşün keçirilməsi çox müsbətdir".
 
"CrossMedia" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü də Əbu-Dabi görüşünü AZXEBER.COM üçün şərh edib. 

Siyasi şərhçi qeyd edib ki, bu görüşü müsbət qiymətləndirir:

"Artıq iki tərəf özü bu prosesi gerçəkləşdirir, idarə edir, prosesi irəli aparır. Bu tərəflər Azərbaycan və Ermənistandır. Və bu mənada bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu format davam edə bilər və hətta davam etməlidir. Yalnız bu şərtlərdə biz nəticə əldə edə bilərik. Yəni, sülh sazişi, sərhədlərin müəyyənləşdirməsində yaranan problemlərin həlli, Zəngəzur dəhlizi və digər məsələlərdə biz irələyiş əldə edə bilərik.

Hətta mən düşünürəm ki, biz gələcəkdə Əbu-Dabidə və yaxud da ki, hər hansısa başqa bir neytral sayılan ölkə və şəhərlərlə yanaşı Azərbaycan və Ermənistan arasında olan şərti sərhəddə də görüşə bilərik. İllər əvvəl belə görüşlər də olub. Ümumili lider Heydar Əliyevdə Ermənistan prezident, eks-prezident Köçəryanla görüşmüşdü. Biz Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin də ermənistanlı həmkarı ilə şərti sərhəddə görüşünün şahidi olmuşuq. Yəni, Azərbaycan və Ermənistan rəhbərləri də düşünürəm ki, görüşə bilərlər. Bu da çox gözəl bir presidentin başlanğıcı olar".

Siyasi şərhçi sülh müqaviləsinin nə zaman imzalana biləcəyi haqda da danışıb:

"Bu görüşdə qeyd edildi ki, sülh sazışının bəndləri razılaşdırılıb və hazırdır. Biz indi bu sülh sazişının harada, nə vaxt, necə imzalanması məsələsində bir irəlləyişlərin əldə olunacağına gözləyirik. Mətn razılaşdırılsa da, harada imzalanacağı məsələsi dəyiqləşməyib".

Politoloq qeyd edib ki, görüşdə Zəngəzur dəhlizinin açılması məsələsi də geniş müzakirə edilib:

"Azərbaycan və Ermənistan arasında münasibətlərin qaydaya salınması ilə bağlı problem sayılan məsələlərin həllində də bu görüşün müsbət nəticələrinin olacağı inamındayam. Ən əsas məsələ, təbii ki, Zəngəzur dəhlizli ilə bağlıdır. Mən düşünürəm ki, Zəngəzur dəhlizlinin açılması ilə bağlı nəticə əldə olunması ehtimal yüksəkdir və biz yaxın perspektivdə bunun şahidi ola bilərik.

Ümumiyyətlə, mən hesab edirəm ki, iki tərəfin bu şəkildə görüşməsi, danışması və razılaşması problemlərin həlli istiqamətində müsbət bir məsələdir. Bir daha qeyd edirəm ki, təşkilatçılarsız, vasitəçilərsız görüşün keçirilməsi tərəflər arasında müsbət nəticələrin əldə olunacağına inamı daha da artırır".
 
Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR