Əbu-Dabidən sülh mesajı: İlham Əliyev regional sabitliyə çağırış etdi

Əbu-Dabidən sülh mesajı: İlham Əliyev regional sabitliyə çağırış etdi
SİYASƏT
11:35 06.02.2026
289
Seyran Hüseynova, Göygöl Regional Aqrokimya Laboratoriyasının müdiri

Azərbaycan Prezidenti cənab İlham Əliyev 4 fevral 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edib.

Dövlət başçısı mərasimdəki çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş sülhün yalnız iki ölkə üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dinlərarası dialoqun inkişafına və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdikləri töhfələrə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını ifadə edir.

Dövlət başçısı mərasimə ünvanlanan müraciətlərdə Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətinin bir daha xüsusi qeyd olunmasını yüksək qiymətləndirib və bu mövqeyi dəstəkləyən bütün həmkarlarına təşəkkürünü bildirib.

Prezident İlham Əliyev çıxışında həmçinin qeyd edib ki, Azərbaycan xalqı 30 ildən artıq müddətdə müharibə şəraitində yaşayıb, hazırda isə artıq altı aydır ki, bölgədə sülh mühiti hökm sürür. Bu isə regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
OXŞAR XƏBƏRLƏR