Ədalətin və milli iradənin təntənəsi

Ədalətin və milli iradənin təntənəsi
SİYASƏT
16:54 24.06.2023
677
Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən hər bir tarixi gün daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 1993-cü il 24 iyun tarixi məhz bu əlamətdar günlər sırasındadır. Belə ki, parlamentin həmin tarixdə keçirilən iclasında Milli Məclis prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. 

Ümummilli liderin ölkədə ikinci dəfə hakimiyyətə qayıdışının başlanğıcı olan 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlamasının 30-cu ili tamam olur. Bu tarixdən etibarən Ulu Öndərin Prezident səlahiyyətlərini icra etməyə başlaması xalqın arzusunun, inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması və 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. 

Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Bu mənada, Ulu Öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı.

Ümummilli Liderimizin siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir: "İnkişaf edən və müasirləşən respublikamız qısa müddətdə regionun lider dövlətinə, xüsusilə dünyanın enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemi həll etməyə qadir olan bir dövlətə çevrilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər Ulu Öndər kursunun məntiqi nəticəsidir. Heydər Əliyev siyasəti hər zaman olduğu kimi davam edəcək, xalqımızı daha gözəl günlərə çıxaracaq”.

İndi qürurla və əminliklə deyə bilirik ki, nə qədər ki Azərbaycan dövləti və xalqı var, ümummilli lider Heydər Əliyevin ideyaları da var olacaq. Çünki Ulu Öndərin ideyaları və siyasət kursu bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam edir, ölkəmizi daha böyük zəfərlərə aparır.

Naftalan şəhər sakini Hatəm Qocayev

OXŞAR XƏBƏRLƏR