Qeyd edək ki, Azərbaycanda bu layihəni ilk olaraq ANS ortaya atdı və ardınca isə ATV bəhsə girdi, həmin layihəni yamsılamağa və ya təkrarlamağa başladı. Onu da deyək ki, adıçəkilən layihə neçə illərdir Türkiyənin ATV televiziya kanalında efirdə görünür və "İzdivac" adlı layihənin tərkib hissəsidir.
ümumiyyətlə, hər hansı bir şeyin yamsılanması həmişə əcaib görünür. ANS Türkiyənin ATV kanalının layihəsini, bizim ATV isə ANS-in yamsıladığı layihəni yamsılamağa başlayıb. Bildiyimizə görə bu iki kanal arasında da buna görə soyuqluq hökm sürür.
Milli adət və yamsılama texnologiyası
Təbii ki, Türkiyə efirində yayımlanan "İzdivac" layihəsini görənlər efirə gələrək evlənən dulların (kişi və ya qadın) həyatında hansı dəyişikliyin olduğunu görürlər. Və 70 milyon əhalisi, təmiz Avropalı olan və yüz illərdir dəyişməz dövlətçilik tarixinə malik Türkiyənin əhalisinin belə bir layihədə iştirakını təbii qəbul etmək olar. Belə layihə əhalisi 300 milyonu keçmiş Rusiyada, əhalisi 1,3 miyard nəfər olan çində və s. keçirilməsini də başa düşmək olar. çünki efirdə bir-birini tapıb ərə getmək, yaxud bir xanımla ailə həyatı qurmaq prinsipləri bu ölkələrdə başadüşüləndir bəlkə də... Amma əhalisi təxminən 9 milyon olan Azərbaycanda dünən yaranmış tele-kanalların efirinə çıxıb özünə dul ər və ya dul xanım axtarmaq, kobud səslənsə də, səfehliyin bir formasıdır. çin və ya Rusiya ilə müqayisə etsək, 9 milyonluq Azərbaycanda hamını bir-birinə qohum da saymaq olar.
Haşiyə: Deyilənə görə, Tamerlan Qarayev çində səfir olan zamanlarda bu ölkənin Statistika Komitəsinin (SK) sədri səfir T.Qarayevdən Azərbaycan haqqında bilgi soruşur. Sonra isə əhalimizin sayını xəbər alır:
- Sizdə əhali nə qədərdir?
T.Qarayev:
- 8,5 milyon nəfər...
çinin SK-nin sədri:
- Sizdə əhali elə qohum-əqrabadan ibarətdir ki...
***
Bəli, bizdə indi telekanallar beş-üç manat gəlir götürücəyi layihənin hesabına Azərbaycan milli mədəni irsinə ləkə vuran layihəni millətə sırıyır, yad meylləri formalaşdırmaqla məşğuldurlar...
"Mən özümə ər axtarıram..."
Bu yazının yazılmasına səbəb isə dünən rastıma çıxan bir Azərbaycan qadını ilə təsadüfi söhbətim oldu: iş yerinə - "Azərbaycan" nəşriyyatına çatanda avtobus dayanacağında qoltuğunda bazar çantası olan bir cavan xanım mənə yaxınlaşdı:
- Bağışlayın, sizdən bir şey soruşa bilərəm?
- Buyurun...
- ATV kanalı hardadır?
Mən nabələd xanıma ATV istiqamətinə gedən marşrut avtobuslarını göstərdim və birdən nədənsə onun ərə gedənlər layihəsinə tələsənlərdən olduğunu duydum və əlavə etdim:
- ANS-in yanına gedən avtobuslar isə orada dayanır...
Xanım sevincək dedi:
- Yox, mənə ATV lazımdır, "Onun yarısı" layihəsinə gedirəm...
Zənnim məni aldatmamışdı, odur ki, xanımın qənaətinə dəyişiklik etmək istədim:
- Niyə, ANS-dəki "Toy olsun" daha maraqlıdır...
- Yox, deyirlər ki, ATV-də evlənənlərə ev, mebel, pul verirlər...
Mən onun nə düşündüyünü bilmək marağı ilə soruşuram:
- Əksinə, mənə deyiblər ki, ANS daha yaxşı pul verir.
- Siz də ora gedirsiniz?
- İstəyirəm, amma sabah gedəcəyəm.
- Nə qədər pul verirlər?
- Dərhal ərə gedən xanıma "Akkordun" evlərindən və bəyə isə 10 min manat pul...
Xanım ani olaraq düşünür və avtobus gəldiyindən duruxub əlavə edir:
- Siz birinci dəfədir gəlirsiniz?
- Yox, ikinci dəfədir...
- Bəlkə mən də ANS-ə gedim?
- İstəyirsiniz, əvvəlcə ATV-yə gedin, bəlkə Allah özü sizi ora göndərib...
- Yox, qonşumuz dedi, mən də gəldim...
- Noolsun qonşu deyib, bir dəfə ATV-yə get, görsən ki, bir şey alınmır, ANS-ə gedərsən. Hansı rayondan gəlmisiniz?
- ... (Rayonun adını yazmaq ayıbdır deyə yazmırıq - red.)... Bəs siz hardan gəlmisiniz?
- Ağdamdan...
- Həəə!, -deyərək köks ötürür və elə bu vaxt avtobus gəlir, Bakıda özünə ər axtarmağa gəlmiş xanım avtobusa tələsir:
- Görüm, alınsa, xalam qızı da deyib ki, xəbər elə mən də gəlim...
- Allah qismətini versin, amma gərək çalışıb rayonda ərə gedəydin...
- Rayonda necə ərə gedim? Qonşuluğumuzda bir dənə də olsun kişi yoxdur, hamısı Rusiyada, ya da Bakıdadır-fəhləlik eliyirlər...
Faciənin kökü tapıldı, amma...
...Bəli, mən jurnalist marağı ilə "aldatdığım" xanımdan ayrıldım. Olduqca acı bir təəssüf hissi məni ağuşuna almışdı. Təsəvvür edin, tele-kanallarımız rayonlarda cavanların ev-eşiklərini tərk edib harasa getməsinin kökünə gedib dövlət və ya ictimaiyyət səviyyəsində tədbir görülməsinə nail olmaq əvəzinə, millətimizi rüsvay edən, yeni nəsli pis vərdişə və yola dəvətləyən layihəyə könül veriblər.
Haşiyə: Bir müddət əvvəl ailəlikcə Bakıya çox yaxın olan rayonlardan birinə qonaq getmişdik. Dostumun ailəsində şad məzmunlu bir tədbir vardı. Biz rayona çatanda ev sahibəsi olan qoca nənə (ailə başçısını itirmişdi) bir xoruz tutdu və onu kəsmək istədilər... Mən evə daxil olduğumdan çöldə nə baş verdiyindən xəbərsiz idim. Biz ailəvi qonaq getdiyimizdən həyat yoldaşım da çöldə xanımların yanında idi. Təxminən yarım saat sonra məni çölə çağırdılar. Gördüm ki, evin yaşlı xanımı, gəlin, qız... hamı gülümsəyir və başladılar bir-birinə pıçhapıç etməyə. Və maraq məni götürdü. Soruşdum ki, nə baş verir? Həyat yoldaşım dedi ki, yarım saatdır ki, bu xoruzu kəsmək istəyirlər, amma evdə kişi xeylağı yoxdur (Dostumuz Gəncədən işdən gəlirdi deyə, bir az gecikmişdi - red.), qonşulara da baş çəkiblər, təsəvvür elə, bir nəfər də olsun başıpapaqlı yoxdur... Dedim, verin mən kəsim... Və xoruzun "qanını töküb" onları çox çətin bir problemdən xilas etdim... (Amma əsas problem qalmaqda idi və dövlət səviyyəli həll istəyirdi). Mən isə ev sahibəsindən həm də soruşmalı oldum ki, bu boyda rayon mərkəzində, qonşuluqda bir nəfər belə kişi xeylağı yoxdur, bəs bu evlərin kişiləri hanı?
Məlum oldu ki, ayağı yer tutan ya Bakıdadır, ya da Rusiyada- iş axtarmağa, çörək pulu qazanmağa gediblər... Təsəvvür edirsinizmi, rayon mərkəzində 6-7 qonşu evində kişi mənsubiyyətli bir nəfər də yox idi. Və dedilər ki, bu rayonun mərkəzində həyət-bacanın 40-50 faizi indi belədir...
***
Bəli, Azərbaycanın rayonlarında cavanlar-kişilər çörək pulu qazanmaq üçün Rusiyaya, xanımlar isə ərə getmək üçün Bakıya gedir. Amma vaxt vardı ki, kişilər müharibəyə gedərdi və xanımlar evdə ailə qayğılarını yola verərdi. Hətta orta və yaşlı nəsil yaxşı xatırlaya bilər ki, xanımlar vardı, əri müharibədən qayıtmamışdı, ömrünün sonuna kimi balalarının himayəsini təşkil etmiş, evdə kişisini əvəz etmişdilər. özü də son nəfəslərinə kimi. Müvəqqəti ər deyil, ailə haqqında düşünmüşdülər...
***
Bəs indi nə baş verir? ANS və ATV efirində ərə getməyə və ya xanımla ailə qurmağa gələn xanımların-kişilərin hamısı duldur. Bir dəfə ərə gedib, 3-5 aydan sonra boşanıb, yaxud heç evlənməyib deyə, indi efirdən özünə ər, yaxud arvad axtarırlar.
Əvvala, biz görmüşük ki, evlilik bir dəfə olur və neç vaxt pozulmur. Vallah, bizim kənddə yadıma gəlmir ki, kimsə arvadını boşayaydı, yaxud hansısa qadın ərindən ayrılmış olaydı. Adını çəkməsəm də, deyim ki, kəndimizdə hamının tanıdığı bir əhli-kef insan vardı. Hamı bilirdi ki, bu adamın həyatında faciə baş vermişdi deyə, ayıq günü olmazdı. Amma onun xanımı bir dəfə də olsun ailənin dağılması barədə düşünməzdi. Düşünmədi də. Və indi həmin ailənin övladları ən sayılıb-seçilən gənclərdir, ailə qurublar, nümunəvi ailə başçılarıdırlar.
İndi boşanmaların 99 faizi bir bəhanə içindədir: "Həyat yoldaşım evə gec gəlirdi" (Əvvəl misal çəkdiyim həmin əhli-kef adam isə həftələrlə evə gəlmirdi - red.), "evə çörək qazanmır", yaxud "az qazanır", "bizi təmin etmir" və sair.
Qısası, indi Azərbaycanda ailələr qeyri-ciddi səviyyədə, hansısa maraqlar üstündə qurulduğundan elə o maraqlar müstəvisində də parçalanır. ölkəmizdə ailə institutu yox dərəcəsindədir. Dünən Rusiya mətbuatı bir maraqlı məlumat yaydı: Rusiya prezidenti D.Medvedyev bəyan edib ki, Rusiyada 3-cü uşağı dünyaya gətirənlərə torpaq sahəsi də veriləcək. Hansı ki, iki uşağa növdənəkənar, üç uşağa isə daha artıq mənzil sahəsi verilir.
Məgər bizdə bu məsələlərə dövlət səviyyəsində müdaxilə etmək olmazmı? Mədəniyyət və Turizm Nazirliyi, çox saylı gənclər təşkilatları, QHT-lərə Dövlət Dəstəyi Şurası, Ailə və Uşaq Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumlar var ki, problemi öyrənərək Axzərbaycanda, gec evlənmələri bir kənara qoyuruq, boşanmaların səbəbini layihə xatirinə deyil, vətənpərvərlik hissi ilə aydınlaşdırıb problemin kökünü tapan layihələrin maliyyələşdirilməsinə nail ola bilərlər. Ailələr var ki, həqiqətən də ailə başçısı qazanc üçün baş götürüb Rusiyaya gedib, sonradan isə orada kiminləsə də evlənib və ailəsini, həm də Azərbaycanı unudub. Belə ailələrin dağılmaması üçün əvvəlcədən tədbir görmək, gənc ailənin dolanması və yaşaması üçün ailə başçısına iş yeri təklif etmək olmazmı?
***
Bəli, əri seçmirlər, ər seçilir... Yaxud da əksinə, qızı seçmirlər, qız seçilir. Açması budur ki, qızı da, bəyi də qohum-əqraba, yaxınlar seçər və qohumluğun ciddiliyi təmin edilər, elçi gələr, qohumluğun vacib atributları ortaya qoyular. Qoyular ki, evlənənlər də gələcəkdə özlərində məsuliyyət hiss etsinlər. Zamanında elçilərin göndərilməsinin mənası nə idi: qızı və ya elə oğlanı da əvvəlcə gizlincə öyrənərdilər, nəsli-kökü dəqiqləşdirilərdi. İndi ATV və ya ANS efirində çıx ortaya de ki, mən filan oğlanı bəyənirəm. Əcəb eliyirsən. Bəs hələ gör səni bəyənirlərmi?
***
İkincisi və bəlkə də ən vacibi, qızı seçəndə və ya elçi göndərəndə bunu olduqca gizli edərdilər ki, birdən bu qohumluq sövdələşməsi alınmaz, biabır olmasınlar. Qız tərəf də bu işi ümumi razılığa qədər elə gizli aparardı ki, kimsə bilməsin, çünki qohumluq baş tutmazsa, bu qapıya elçi gəlindiyi bilinərsə, sabah həmin qızın adını kimsə çəkməz!
İndi nə baş verir: efirdə külli Azərbaycan bilir ki, filankəs ANS-də və ya ATV-də, özü də xətirlərinə dəyməsin, verilişlərində özlərini qeyri-ciddi aparan aparıcıların şahidliyi-ağsaqqallığı ilə özünə ər axtarır. Yaxud, filankəs efirdə özünə qız axtarır.
Siz deyin: bunu bilən Azərbaycanın dəyərli, şərəfini və ləyaqətini qoruyan gənci və ya onun ailəsi sabah həmin qıza və ya oğlana üz çevirib qohum ola bilərmi? Əsla! Əgər efirdə özünə qız axtaran oğlan sabah hansısa bir qıza elçi göndərərsə, yəqinki ona "Rədd ol, ləyaqətsiz!" deyə bilərlər. çünki ləyaqət və ailə, qohum-əqraba şərəfi həm də belə qorunur. Efirdə özünə arvad(ər) axtaran gəncin Vətən şərəfini qorumasının şübhəsi ortadadır. çünki özünün şərəf və ləyaqətini qorumayan insanın gələcəkdə ailəsinin mənafeyini hər hansı bir formada qoruya bilməsi məndə ciddi şübhə doğurur. Bəlkə də sərt qiymət vermiş oldum, amma Azərbaycan prizmasından baxanda bu, belədir.
Ev, maşın və ya dəyərli əşya, pul maraqları ilə efirə gəlib özünə ər(arvad) axtaranların əslində, itirdikləri etimad və ya etibar rüsvayçılıqdır. Mən başqa ad tapa bilmirəm.
Əgər kiminsə bu məsələdə mövqeyi varsa, buyursun, dərc etməyə hazırıq. Amma bircə şeyi bilmək gərəkdir ki, layihə irəli sürmək və pul qazanmaq yaxşı şeydir, amma Azərbaycan ailəsinin əsrlər boyudur formalaşmış, bəlkə də bu milləti yaşadan yeganə dəyər olan evlilik ənənələrini alver predmetinə çevirmək, gözdən salmaq cinayətdir!
Ailə-dövlətin kiçik bir modelidir. çünki dövlət ailələrdən formalaşır, bərkiyir, inkişaf edir. Dövlətçiliyi alverə çevirməyin acı nəticələrini millətlər və xalqlar yaşayır, bir dəfə yol verilmiş səhv və naşı hərəkət bir dövlətin süqutuna gətirib çıxarıb. Tarixin çoxsaylı acı dərsi vardır... Ailə də elədir, əgər bu gün onun formalaşmasına ANS, yaxud ATV efirindən, özü də o şəkildə yanaşırıqsa, vay bizim halımıza. Efirdə tapışan cütlərin əmələ gətirdiyi övlad-uşaq sizcə, necə ola bilər?
Bütün bu və ya digər suallara növbəti yazılarımızda birgə cavab tapmağa çalışacağıq.
Asif Mərzili, Tezadlar qəzeti