Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu siyasətdə humanizm prinsiplərinə xüsusi önəm verilir. Ölkəmizdə müxtəlif dövrlərdə, xüsusilə əlamətdar tarixlər ərəfəsində əfv sərəncamlarının və amnistiya aktlarının qəbul edilməsi bunun bariz nümunəsidir.
Dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində qəbul edilən humanist aktlar, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunan amnistiya qərarları nəticəsində minlərlə məhkum müxtəlif cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.
Sentyabrın 23-də Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti Sərəncamı imzalaması da ölkəmizdə həyata keçirilən humanizm siyasətinin növbəti göstəricisidir.
Sərəncamda məhkum edilmiş bir sıra şəxslərin, onların ailə üzvlərinin, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Prezidentə ünvanladığı əfv haqqında müraciətlərə baxıldığı qeyd olunur. Məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınaraq qərar verilib.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər də cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Budəfəki əfv sərəncamının diqqətçəkən məqamlarından biri də azadlığa qovuşanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Fransa, Rusiya, Türkiyə və Pakistan vətəndaşlarının da olmasıdır.
Bu fakt bir daha Azərbaycanda insan hüquqlarına, humanizm prinsiplərinə və mərhəmət dəyərlərinə xüsusi əhəmiyyət verildiyini göstərir. Əfv sərəncamları yalnız məhkumların taleyinə təsir edən hüquqi qərar deyil, eyni zamanda cəmiyyətdə humanizm və mərhəmət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edən mühüm addımlardır.
Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Əfv Məsələləri Komissiyasının üzvü, akademik











































