‘Əgər qəzetimdə bir dənə belə səhv buraxılsa, həmin gün onu bağlayaram’ – Aqil Abbas

SİYASƏT
14:11 02.09.2014
1405

“Yazırlar ki, Əlibəylidə kənd sakinləri qaçırlar. Axı kim qaçır, hara qaçır?”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas söyləyib. O, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin KİV rəhbərləri və mətbuat xidmətinin rəhbərləri ilə keçirdiyi müşavirə zamanı söylədiyi fikirlərə münasibət bildirib.

Aqil Abbas akademik Ramiz Mehdiyevin müşavirədə səsləndirdiyi fikirlərin həqiqətə uyğun olduğunu dilə gətirib:

“Bu müşavirədə çox ciddi fikirlər səsləndi. Mən mətbuatda daima buna aid yazılar da yazıram ki, jurnalistlər dezinformasiyalar yazmasınlar, dövlət sirri ilə informasiyanı ayırd edə bilsinlər.  Yazırlar ki, Əlibəylidə kənd sakinləri qaçırlar. Axı kim qaçır, hara qaçır? Əgər orada əsgərlərimiz 15 şəhid veriblərsə sakinlər heç vaxt qaçmazlar. Cəbhə bölgəsində elə kəndlər var ki, illərdi öz yurd-yuvalarını tərk etməyiblər.  Ona görə bu müşavirədə çox düzgün məsələlərə toxunuldu. Xüsusən də son günlər cəbhə xəttində baş verən hadisələrdə mətbuat qeyri-peşəkar işlər görürdü. Sizin vasitənizlə də deyirəm. Əgər təsisçisi olduğum “Ədalət” qəzeti bununla bağlı bir dənə səhv buraxsa mən o qəzeti həmin gün bağlayaram”.

Xatırladaq ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məruzə ilə çıxış etmişdi.

Çıxışda Ramiz Mehdiyev bəzi mətbuat orqanlarının Azərbaycanın hərbi sirlərini yaydığını, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajladığını söyləmişdi.

OXŞAR XƏBƏRLƏR