Sentyabrın 24-də Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
AZXEBER.COM xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin və hesabat dövründə dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev çıxışında ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatındakı rolundan danışıb, onların tövsiyə və məsləhətlərinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov hesabat dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, Şura üzvləri məktəb və liseylərdə gənclərlə görüşlər keçirib, maarifləndirici tədbirlər təşkil edib, şəhid ailələri və qazilərlə görüşərək onlara dəstək göstəriblər.
Konfransda YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və Şuranın İdarə Heyətinin üzvləri də çıxış edərək təşkilatın fəaliyyəti barədə danışıblar.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov çıxışında Xətai rayonunda həyata keçirilən quruculuq işlərinə toxunub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən və təşkilatın cəmiyyət həyatındakı rolundan danışıb.
Əhliman Əmiraslanov çıxışında boşanma hallarının artması, erkən nikahlar, yaxın qohumlar arasında evliliklər və narkomaniya kimi sosial problemlərə də toxunub. O, bu məsələlərin qarşısının alınmasında maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb və ağsaqqalların bu istiqamətdə daha fəal rol oynamasının vacibliyini qeyd edib.
Akademik Əhliman Əmiraslanov Xətai Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın gələcəkdə də fəaliyyətini daha fəal şəkildə davam etdirəcəyinə əminliyini bildirib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.














































