Suriyanın yeni lideri Əhməd əş-Şara milli dialoq konfransının açılışındakı çıxışında keçmişdə törədilən cinayətlərlə mübarizə aparmaq üçün Keçid Ədalət Komitəsi quracaqlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin birlik içində yenidən qurulması lazım olduğunu vurğulayan Şara dövlətin silah üzərində nəzarəti saxlamasının vacib olduğunu bildirib.
Şara bəyan edib ki, yeni administrasiya xalqın hüquqlarına hörmət edən və keçmişdə törədilən cinayətlərin cəzasız qalmayacağı bir sistem qurmaq istəyir.
Dəməşqdə keçirilən milli dialoq konfransı Suriyanın gələcək idarəçiliyində ən mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.
Konfransdan əvvəl yüzlərlə iştirakçı Suriyanın yenidən qurulması üçün atılacaq addımları müzakirə etmək üçün bir araya gəlib.
"Silahların birliyi və dövlət inhisarı lüks deyil, zərurətdir” deyən Şara ölkədəki silahlı qrupların nəzarətsiz hərəkət etməsinə icazə verilməyəcəyini, o cümlədən Suriyanın bölünməz bir yer olduğunu vurğulayıb.