Əhməd Şahidov Azərbaycan-Suriya əməkdaşlığını gündəmə gətirdi - VİDEO

Əhməd Şahidov Azərbaycan-Suriya əməkdaşlığını gündəmə gətirdi - VİDEO
SİYASƏT
11:00 17.07.2025
390
Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlərin suallarını cavablandırıb. Brifinqdə jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov da iştirak edib və ABŞ Dövlət Departamentinin mətbuat katibi xanım Tammy Bruce`a regional əməkdaşlıqla bağlı sual ünvanlayıb.

Əhməd Şahidov çıxışında qeyd edib ki, ötən həftə Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şəraan Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşüb. Səfər zamanı müharibədən sonrakı yenidənqurma, enerji sahəsində əməkdaşlıq və Azərbaycanın Suriyaya təbii qaz ixracı imkanlarını əhatə edən bir sıra razılaşmalar imzalanıb.

Əhməd Şahidovun sualı ABŞ-ın son vaxtlar Suriyaya qarşı bəzi sanksiyaları müvəqqəti yumşaltması fonunda verilib. O, İran mediasının bu əməkdaşlığa kəskin reaksiya verdiyini, Tehranın bu yaxınlaşmanı regionda öz maraqlarına təhdid kimi qiymətləndirdiyini qeyd edib və bu kontekstdə Vaşinqtonun Azərbaycan-Suriya əməkdaşlığına münasibətini soruşub.

Dövlət Departamentinin sözçüsü Tammy Bruce cavabında bildirib ki, ABŞ Suriyada müharibədən sonrakı bərpa və humanitar fəaliyyətləri qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, ABŞ administrasiyası bəzi sanksiyaları məqsədli şəkildə yumşaldaraq beynəlxalq humanitar yardımın bölgəyə daxil olmasını və yenidənqurma prosesinin başlamasını mümkün edib. Bu qərarın məqsədi sıravi suriyalıların həyat şəraitini yaxşılaşdırmaq və ölkənin sabitləşməsinə töhfə verməkdir.

Bruce əlavə edib ki, ABŞ Suriyanın yeni rəhbərliyi ilə regional əməkdaşlıqları, xüsusilə enerji və infrastruktur sahəsindəki təşəbbüsləri diqqətlə izləyir və bu proseslərin regionda sülhə, sabitliyə və iqtisadi inkişaf perspektivlərinə xidmət etməsini vacib sayır. O vurğulayıb ki, Vaşinqton region ölkələrinin bu çərçivədə atdıqları konstruktiv addımları alqışlayır.
 

OXŞAR XƏBƏRLƏR