Hörmüz boğazı ətrafında yaranan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Qlobal enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Avropa İttifaqı məsələni gündəmə gətirib.
Avropa Birliyinə (AB) üzv ölkələr Hörmüz boğazında təhlükəsizliyin gücləndirilməsi məqsədilə bölgəyə hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edir. Bununla bağlı AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri AZXEBER.COM-a açıqlamasında Mətin Məmmədli deyib ki, hörmüz boğazı dünyanın əsas nəqliyyat arteriyalarından biridir:
"Hörmüz boğazı ətrafında yaranmış vəziyyət davam edən müharibə fonunda prosesləri daha da mürəkkəbləşdirən amillərdən biri kimi qiymətləndirilməlidir. Məlum olduğu kimi, Hörmüz boğazı dünyanın əsas nəqliyyat arteriyalarından biridir. Xüsusilə də dünya neftinin və qazının əhəmiyyətli hissəsi -təxminən 20–25 faizi məhz bu boğaz vasitəsilə qlobal enerji bazarına çıxarılır. Bu səbəbdən İranın bu boğazı bağlamağa cəhd etməsi ABŞ və İsrailə təsir göstərmək məqsədi daşıyır. Yəni İranın müharibə şəraitində istifadə edə biləcəyi əsas vasitələrdən biri məhz Hörmüz boğazını bağlamaqdır”.
O qeyd edib ki, Hörmüz boğazı heç bir ölkənin deyil:
"Hörmüz boğazı heç bir ölkənin -nə İranın, nə də Omanın yurisdiksiyası altında deyil. Bu ərazi beynəlxalq gəmiçilik üçün açıq və azad keçid zonası hesab olunur. Yəni dünyanın bütün dövlətlərinin ticarət və hərbi gəmiləri bu boğazdan sərbəst şəkildə keçə bilər. Hazırda müşahidə olunan odur ki, ABŞ müxtəlif vasitələrlə Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti yumşaltmağa və gəmilərin keçidi üçün mövcud maneələri aradan qaldırmağa çalışır. Çünki boğazın bağlanması həm ABŞ, həm də bir sıra digər dövlətlər, xüsusilə də Qərb ölkələri üçün ciddi problemlər yarada bilər. Belə olan halda dünya enerji bazarında qiymətlər sürətlə artır”.
M.Məmmədli vurğulayıb ki, yaxın gələcəkdə ABŞ bu məsələdə bəzi Avropa müttəfiqləri ilə birlikdə hərəkət edə bilər:
"Vaşinqton çalışır ki, Hörmüz boğazında yaranmış vəziyyəti təkbaşına deyil, Avropa ölkələri ilə birlikdə həll etsin və nəzarət altına alsın. ABŞ hesab edir ki, Avropalı müttəfiqlərlə birgə hərəkət etmək daha effektiv nəticə verə və İranın mövqeyinə təsir göstərə bilər. Eyni zamanda bu, təhlükəsizlik baxımından riskləri də azaldar.
Hazırda bəzi Avropa dövlətlərinin mövqeyinə baxdıqda görürük ki, onların bir hissəsi Donald Trampın təklifini qəbul etməyərək bundan imtina edir. Digərləri isə bildirir ki, bu təklif hələ müzakirə mərhələsindədir. Donald Trampın bu təşəbbüsü müəyyən Avropa ölkələri tərəfindən qəbul edilə bilər. Lakin mövcud vəziyyət göstərir ki, Almaniya kimi aparıcı Avropa dövlətləri hələlik bu təklifi dəstəkləməyiblər. Yaxın gələcəkdə ABŞ bu məsələdə bəzi Avropa müttəfiqləri ilə birlikdə hərəkət edə bilər”.
Şahanə Ziyad










































