Ekspert: Psixoloji zorakılıq fiziki zorakılıqdan daha ağır nəticələr doğura bilər

Ekspert: Psixoloji zorakılıq fiziki zorakılıqdan daha ağır nəticələr doğura bilər
SOSİAL
16:38 18.03.2026
222
Uzun illərdir cəmiyyətdə uşağın tərbiyəsi əsas məsələ kimi qəbul olunur. Lakin bəzi hallarda bu tərbiyə üsulları zorakılığa çevrilir.

Azərbaycanda uşaqlara qarşı fiziki və psixoloji zorakılığın qarşısının alınmasına yönəlmiş yeni qanunvericilik təşəbbüsü irəli sürülüb. Milli Məclisdə müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən 525-1-ci maddəyə əsasən, tərbiyə məqsədilə uşağa qarşı zorakılıq edən valideynlər, eləcə də təhsil, tibb, sosial xidmət, idman və digər müəssisələrin əməkdaşları 200 manatadək cərimə ediləcək.

Layihədə qeyd olunur ki, bu cəza yalnız həmin əməlin Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq olunacaq. Məqsəd uşaqlara qarşı cismani cəza hallarının qarşısını almaq və daha sağlam tərbiyə mühitinin formalaşdırılmasıdır. 

Yeni təşəbbüs cəmiyyətdə müxtəlif reaksiyalar doğurub -bəzi vətəndaşlar bunu uşaqların hüquqlarının qorunması baxımından müsbət addım kimi qiymətləndirsə də, digərləri "ənənəvi tərbiyə” üsullarına müdaxilə kimi dəyərləndirir.

Millə Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələni qiymətləndirərkən bir neçə mühüm məqamı nəzərə almaq lazımdır:

"Bu məsələni qiymətləndirərkən bir neçə mühüm məqamı nəzərə almaq lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, bu yanaşma təsadüfi deyil və bir çox Avropa ölkələrinin qanunvericiliyində artıq uzun müddətdir tətbiq olunan praktikadır. Uşaqlara qarşı fiziki cəzanın məhdudlaşdırılması Avropada qəbul edilmiş hüquqi və etik standartların bir hissəsi hesab olunur. Bu yanaşma beynəlxalq hüquqda da öz əksini tapıb. Xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyası dövlətlərdən tələb edir ki, uşaqları zorakılığın bütün formalarından qorusunlar. Azərbaycan da bu konvensiyanın iştirakçısı kimi müəyyən öhdəliklər götürüb və qanunvericiliyin həmin beynəlxalq prinsiplərə uyğunlaşdırılması təbiidir”.


Parlamentari qeyd edib ki, məsələyə yalnız hüquqi prizmadan yanaşmaq da düzgün olmaz:

"Məsələyə yalnız hüquqi prizmadan yanaşmaq da düzgün olmaz. Açığı, hər bir xalqın özünün formalaşmış ailə dəyərləri, adət-ənənələri və tərbiyə mədəniyyəti var. Azərbaycan cəmiyyətində də uşağın tərbiyəsi həmişə ailənin, böyüklərin və müəllimin məsuliyyəti kimi qəbul olunub və klassik tərbiyə modeli uzun illərdir mövcuddur. Mən şəxsən klassik tərbiyə metodlarının tam şəkildə inkar edilməsinin tərəfdarı deyiləm”.

Deputat vurğulayıb ki, burada əsas məsələ sərhədlərin düzgün müəyyən edilməsidir:

"Bir tərəfdən uşaqlara qarşı real zorakılıq halları qəti şəkildə yolverilməzdir və dövlət buna qarşı ciddi mövqe tutmalıdır. Digər tərəfdən isə tərbiyə ilə zorakılıq anlayışları qarışdırılmamalıdır. Valideynin və müəllimin məqsədi uşağı qorxutmaq və ya incitmək deyil, onu düzgün istiqamətləndirmək, cəmiyyətə faydalı və məsuliyyətli bir insan kimi yetişdirməkdir. Bu baxımdan hesab edirəm ki, qanun qəbul edilərkən həm beynəlxalq öhdəliklər, həm də cəmiyyətimizin sosial-mədəni xüsusiyyətləri nəzərə alınmalıdır. Məqsəd ailəni və müəllimi cəzalandırmaq deyil, uşaqları qorumaq və sağlam tərbiyə mühitini təmin etmək olmalıdır. Əgər bu balans düzgün qurularsa, həm beynəlxalq standartlara uyğunlaşmaq, həm də milli tərbiyə ənənələrimizi qorumaq
mümkündür”.

Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında bildirib ki, şagirdlərin və müəllimlərin davranış qaydalarında müəyyən prinsiplər mövcuddur:

"Beynəlxalq təcrübədə şagirdlərin (təhsil alanların) və müəllimlərin (təhsil verənlərin) davranış qaydalarında müəyyən prinsiplər mövcuddur. Biz də çalışırıq ki, həmin prinsipləri öz məktəblərimizdə tətbiq edək.


Əgər bir müəllim şagirdə qarşı fiziki zorakılıq edirsə, onun cərimələnməsi yanlış addım hesab edilə bilməz. Lakin bu cəzanın hansı səviyyədə tətbiq olunacağı da mühüm məsələdir.

Bəzi hallarda belə məsələlərə birtərəfli yanaşırıq. Məsələn, 1970–1980-ci illərdə, hətta 1990-cı illərdə məktəbi bitirən valideynlər qeyd edirlər ki, o dövrdə valideynlər müəllimə "əti sənin sümüyü mənim”, "müəllim nə deyirsə, düz deyir” prinsipi ilə yanaşırdılar. Amma bu, tamamilə qəbuledilməzdir və heç bir halda əsaslandırıla bilməz”.

Ekspert qeyd edib ki, psixoloji baxımdan da məsələyə diqqət yetirmək vacibdir:

"Psixoloji baxımdan da məsələyə diqqət yetirmək vacibdir. Şagirdlər, xüsusilə 6-7-ci sinifdən etibarən yeniyetməlik dövrünə qədəm qoyurlar. Bu mərhələdə onlar özlərini ifadə etməyə, cəmiyyətdə yer tutmağa çalışırlar. Sinif yoldaşları arasında öz mövqeyini formalaşdırmaq, "mən də varam” prinsipi ilə davranmaq onların yaş xüsusiyyətlərindən irəli gəlir. Yaş psixologiyasına görə, bu dövrdə müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması və ya ona qarşı sərt davranması ciddi psixoloji təsir yaradır. Hətta demək olar ki, psixoloji zorakılıq fiziki zorakılıqdan daha ağır nəticələrə səbəb ola bilər.
Bu baxımdan müəllimlərin məsuliyyətə cəlb olunması müsbət addımdır”.

Təhsil eksperti vurğulayıb ki, şagirdələr üçün etik davranış qaydaları bütün məktəblərdə tətbiq olunmalıdır:

"Lakin hər xırda hadisədə şagirdlərin vəziyyətdən sui-istifadə etməsi və ya həddini aşması yolverilməzdir. Etik davranış qaydalarını pozan şagirdlər üçün müəyyən cəza mexanizmləri varmı? Əslində, şagirdlər üçün etik davranış qaydaları mövcuddur.
Problem ondadır ki, etik davranış qaydaları hələ bütün məktəblərdə tam şəkildə tətbiq olunmur. Təxminən 3-4 ildir ki, bu istiqamətdə iş aparılır və hazırda yalnız pilot layihə kimi məhdud sayda məktəbdə tətbiq edilir. Bu qaydalar təxminən 100-dən çox məktəbdə tətbiq olunur, halbuki ölkədə 4000-dən artıq məktəb fəaliyyət göstərir. Əgər bu qaydalar bütün məktəblərdə tətbiq olunsa, müəllim-şagird münasibətlərində mövcud olan bir çox problemlər aradan qalxar”.

Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR