"Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqaisədə 1,1% azalaraq cəmi 508 min nəfər olub".
AZXEBER.COM xəbər verir ki, bu barədə rəqəmləri açıqlayan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın Qobustan kimi bir turizm yeri var, amma bu yeri dünyaya tanıda bilmirik:
"İstənilən ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, elə bir hekayə quruculuğu təşkil olunardı ki, bütün dünya Qobustanı tanıyardı. Qobustan turizm üçün hekayə quruculuğunda idial yerdir – nə desən var, hətta nə istəsən artıraraq göstərə, danışa da bilərsən. Haşiyə: 2014-cü ildə Gürcüstan dünyaya elan etdi ki, 8 min il öncə Şulaveri və Qadaçreli bölgəsində şərab istehsal olunub, indi həmin kəndlərə, bölgəyə ildə 400 min turist gəlir (foto şərh bölümündə). Biz isə Qobustanı belə normal təbliğ edə bilmirik, bu bir kənara, 8 may 2025-ci ildə Qobustana giriş biletlərini kəskin bahalaşdırıblar. Əvvəlki qiymətlər belə idi: yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edirdi".
İqtisadçı-ekspert bu cür turizm obyektlərinin ziyarəti üçün ikiqat qiymət artımının tamamilə məntiqsiz olduğunu bildirib:
"Bir neçə gün öncə yeni qiymətlər elan ediblər: indi yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar. Qiymətləri turistlər üçün 2, tələbələr üşün 3, məktəblilər üşün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üşün muzeylərə, qoruqlara baha bilet yanaşması dünyanın bir çox ölkələrində var, bunu anlayıram, amma, bu addımı məkanın PR-ı ciddi qurulandan sonra mümkündür, məsələn, qardaş Türkiyədə "Aya Sofyanı” dünyada tanımıyan yoxdur, orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq? Bundan başqa, yaxşı, öz şagirdlərimizə, tələbələrimizə qiyməti nədən artırırıq ki?! Elə yenə Türkiyədən misal çəksək, orada məktəblilər üçün əksər muzeylər tam pulsuzdur – bilirsiniz niyə? Çünki, bu həm də hekayə quruculuğunun bir hissəsidir, məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdlıları ilə danışır və hər biri "turizm agentinə” çevrilirlər".