"El Klassiko" həyəcanı davam edir: "Real" yoxsa "Barselona"

"El Klassiko" həyəcanı davam edir: "Real" yoxsa "Barselona"
İDMAN
12:52 20.04.2011
2726

Ötən həftənin şənbə günündə fərqli olaraq bu dəfə Madrid yox, Valensiya diqqət mərkəzində olacaq. Belə ki, dünya futbolunun iki nəhəngi - "Barselona" və "Real növbəti "El Klassiko" tarixini yazacaqlar. Bu dəfə "Kral Kuboku"nun finalında üz-üzə gələcək əzəli rəqib və əbədi düşmənlərin qarşılaşması Valensiyadakı "Mestalya" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00.30-da başlayacaq. Bu əzəli rəqiblərin kubokda 29-cu dueli olacaq. İndiyə qədər keçirilən 28 qarşılaşmanın 14-də "Barsa", 9-da "Kral Klubu qalib gəlib. Qalan 5 qarşılaşma sülhlə bitib. Rəqiblər indiyədək "Kral Kuboku"nun finalında 6 dəfə qarşılaşıb. Yenə də "Barsa" rəqibi ilə duellərdə üstün durumdadı.

Keçirilən 5 finalın 3-də kataloniyalılar, 2-də madridlilər sevinən tərəf olub. "Real" sonuncu dəfə "Kral Kuboku"nu 1993-cü ildə, "Barselona" isə 2009-cu ildə qazanıb. "Kral Kuboku"nun tarixinə gəlincə, finalda ən çox oynayan komanda "Real"dı. Kralın klubu indiyədək 36 dəfə finala çıxıb. 17 halda kuboka sahib çıxan madridlilər "Barselona"dan geri qalır. Belə ki, kataloniyalılar indiyədək 25 dəfə "Kral Kuboku"nun qalibi olmaqla, kuboku ən çox qazanan komanda ünvanını özlərində saxlayırlar. Bu oyun "El-Klassiko" tarixində baş tutan 211-ci qarşılaşma olacaq. İndiyədək keçirilən 210 matçın 85-də "Real", 82-də "Barselona" qələbə qazanıb, 43-cü matç sülhlə bitib. "Real"ın baş məşqçisi Joze Mourinyo məşqçi karyerası ərzində oynadığı 16 finalın 11-də qalib gəlməklə möhtəşəm rekorda imza atıb. O, yaydan çalışdırdığı "Real"da hələ kubok qazanmayıb. Bu mənada "Kral Kuboku" onun üçün ilk ola bilər. 

Maraqlı bir məqamı da qeyd edək ki, "Kral Kuboku"nun finalı 5 qitənin 140 ölkəsində canlı yayımlanacaq. Qeyd edək, 18 gün ərzində futbolsevərlər dörd "El Klassiko"ya şahidlik edəcək. Aprelin 16-da Madriddə keçirilən ilk "El Klassiko" sülhlə bitib - 1:1. Bu günkü qarşılaşmadan sonra "Real"la "Barselona" Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcəklər. İlk oyun aprelin 27-də Madriddə, cavab qarşılaşması isə mayın 3-də Barselonada keçiriləcək.

 

/// fanat.az

OXŞAR XƏBƏRLƏR