Əlahəzrət mistika adamın beynini qarışdırır: Avropa Şurası Azərbaycanı təşkilata tamhüquqlu üzv qəbul etdiyi bir gündə - 17 yanvarda Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi.
Böyük siyasətdə təsadüf olmur və heç şübhəsiz Azərbaycanın dünyada artan rolu fonunda məlum qətnaməni də təsadüfi siyasi gediş saymaq olmaz. Görünür 17 yanvar tarixi avropalı "siyasət tacirləri”nin Azərbaycanla bağlı seçdiyi özəl gündür.
Amma bu yazıda "Qətnamə niyə qəbul olundu və hansı məqsədlərə xidmət edir?" sualına yox, qətnamədə əksini tapan məqamlara işıq salmağa çalışacağıq.
Qətnamədə qeyd olunur ki, Azərbaycanda insan hüquqları pozulur.
Bəli, 26 ilə yaxındır bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqları pozulur. BMT-nin bununla bağlı çoxsaylı qətnamələri var və yerinə yetirilmir. Amma Avropa Parlamentinin buna etiraz olaraq ortaya qoymuş olduğu ciddi mövqeyinə rast gəlmirik.
"İslahatların vacibliyindən danış, amma islahatlara çox da aludə olma” tezisini rəhbər tutan qərblilər erməni lobbisinə bağlı bir-iki səsə görə, buna ehtiyac duymurlar. Axı, bəzən bir səs də həlledici olur.
Qətnamədə daha sonra iddia olunur ki, Azərbaycanda söz azadlığı pozulur və insanlar siyasi düşüncələrinə görə, təqib olunur. Mehman Hüseynovla bağlı məsələ xüsusi qabardılır.
Mehman Hüseynov özü açıqlama yayaraq, durumunun yaxşı olduğunu, hər hansı təzyiqlərə məruz qalmadığını bildirir. Ölkəmizdə akreditasiya olunmuş diplomatik korpusların nümayəndələri və vətəndaş cəmiyyəti insitutu fəalları ilə görüşdə heç bir aclıq keçirmədiyini, yeni ittihamla bağlı məhkəmədən ədalətli qərar gözlədiyini deyir.
Dövlət rəhbərliyinin məsələyə birbaşa müdaxiləsi, iqtidar və müstəqil medianın məsələni ən yüksək səviyyədə diqqətdə saxlaması fonunda hakimiyyəti Mehman Hüseynovun hüquqlarını pozmaqda ittiham etməsi hansı məntiqə sığır? Yoxsa xəbərimiz yoxdur, bizdə də "Quantonamo” həbsxanası var və insanları dini, siyasi baxışlarına görə, "cəhənnəm əzabı”na məruz qoyurlar.
Və ya hansı Avropa ölkəsində buna göz yumurlar? Bu söz azadlığının pozulmasıdırmı, cənab parlamentarilər? Bəlkə Avropa öz emissarlarına toxunulmazlıq hüququ vermək istəyir? Yoxsa dünyaya mesaj verirlər ki, bizim yanımızda olan, sifariş və təlimatımıza uyğun hərəkət edən dəstə və bu dəstənin üzvləri məsuliyyətdən azaddırlar.
Qətnaməyə nəzər salanda aydın şəkildə görmək olur ki, burada əksini tapan məqamlar Avropa Parlamentinin özünü ifşa edir. Yəqin ki, bundan sonra çox belə qətnamələr qəbul olunacaq. Çünki Azərbaycan inkişaf edir, müstəqil siyasət yürüdür, güc mərkəzinə çevrilir. Bu isə Cim dayıların xoşuna gəlmir.
Azər Niftiyev,
AZXEBER.COM
AZXEBER.COM