Xəbər verdiyimiz kimi, ermənilər tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
O, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itiriblər, nəticədə Ermənistan ordusu tərəfindən əsir götürülüblər.
Ermənistanın Azərbaycan hərbçisinə 20 il həbs cəzası müəyyən etməsi ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, günahsız Azərbaycan əsgərini 20 il həbsə məhkum etmək Ermənistanın hüquq sisteminin işləmədiyinin , Azərbaycanla düşmənçilik niyyətində olduqlarının göstəricisidir:
"Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itirən əsgərimizə 20 il həbs qərarının verilməsi Ermənistanda Azərbaycana qarşı etnik nifrətin hələ də qaldığını deməyə əsas verir. Yolu azan, sərhəddi keçən silah olmayan əsgərə qarşı bu cür qəddarcasına davranış Ermənistanın sülhü istəmədiyini göstərir. Əsgərimiz erməni vətəndaşını öldürməkdə ittiham edilir. Ancaq bu qondarma, saxta ittihamdan ibarətdir”.
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Hüseyn Axundovun üzərindən saxta ittihamlar qaldırılmasını tələb edir:
"Əsgərimiz dərhal azad edilməlidir. Nə qədər ki, Ermənistanın hüquq sistemində çalışanlar azərbaycanlılara nifrəti qanundan üstün tutacaqlar, Ermənistan-Azərbaycan arasında sülhə nail olunmayacaq. Nəticə etibari ilə bu cür addımlar ermənilərin hələ də düşmənçilikdən əl keçməklərinin göstəricisidir”.
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli də AZXEBER.COM-a fikirlərini bildirib:
Siyasi şərhçi hesab edir ki, Zəngəzur mis-molibden kombinatının gözətçisini ermənilər özləri öldürüb:
"Əlbəttə ki, hərbçimiz Hüseyn Axundov iddialar əsasında həbs edilib. Hərbçi yolunu azaraq Ermənistan sərhəddinə keçib və mənfur düşmənlərimiz tərəfindən əsir götürülüb. O, Zəngəzurdakı mis-molibden kombinatından tam kənar keçib. Hərbçimizin kombinatın gözətçisini öldürmək istəməsi nəyinə lazımdır?. Həmin gözətçinin öldürülməsi faktı da sonradan açıldı. Məlum oldu ki, bu cinayət elə ermənilərin işi imiş. Demək istəyirəm ki, bizim hər iki hərbçimizə ağır ittihamlarla cəza verilib".
Politoloq əlavə edib ki, sözügedən məsələnin yeganə çıxış yolu erməni hərbçilərlə azərbaycanlı hərbçilərin dəyişdirilməsidir:
"Bircə həmin cəzaların içində sərhədi silahlı keçmə məsələsində müəyyən cinayət tərkibi ola bilər. Qalan bütün ittihamlar yalan və qəbuledilməzdir. Prosesin yeganə yolu odur ki, ya məhkəmənin verdiyi qərar ləğv edilməlidir, ya da hökm oxunulmuş erməni hərbçilərlə Ermənistanda əsir götürülmüş azərbaycanlı hərbçilər dəyişdirilməlidir. Əsas məsələ ondan ibarətdir ki, adam öldürmək və sərhədi qeyri-qanuni silahla keçmə iddiası var. Ermənistan da öz qanunlarını Avropa standartlarına uyğun formalaşdırıb. Bu səbəbdən də yəqin ki, onlar iki ittihamı əsas götürərək hərbçimizə 20 il həbs cəzası veriblər".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusunda dərc edilib.