Əlcəzairin nüfuzlu "algeriescoop.com” xəbər portalında araşdırmaçı-jurnalist, "Xalq qəzeti”nin siyasət yazarı Anar Turanın müəllifi olduğu "Azərbaycan özünün Vətən müharibəsi tarixini yazdı” sərlövhəli məqaləsi dərc olunub.
"44 günlük müharibə”, "27 illik işğalın nəticələri” yarımbaşlıqlarından ibarət olan yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT tərəfindən tanınan qanuni ərazilərimizin 20 faizinin işğala məruz qalması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsi zamanı Bərdə, Tərtər və Gəncə şəhərlərinin raket atəşinə tutularaq dinc insanların qətlə yetirilməsi və müharibədə Ordumuzun parlaq qələbəsi barədə söhbət açılır. Məqalədə, həmçinin Fransanın Əlcəzairdə, Ermənistanın isə Xocalıda törətdikləri soyqırımları üzrə paralellər aparılıb.
Məqalədə qeyd olunub ki, 2020-ci ilin iyul ayında beynəlxalq əhəmiyyətli neft kəmərlərinin keçdiyi bölgələrimizə hücumlar edən Ermənistan "yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını əsas tutaraq müharibə ritorikasını davam etdirdi. Lakin bu dəfə 1990-cı illərdən fərqli olaraq güclü Azərbaycan Ordusu ilə rastlaşdı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirdi və qısa müddət ərzində dünya hərb tarixində qızıl səhifələr yazaraq öz torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Nəticədə, Ermənistan Ordusu məğlubiyyətini anlayaraq Rusiya Federasiyasının vasitəçiliyi ilə təcili kapitulyasiyaya imza atdı. Kapitulyasiya nəticəsində işğal altında olan digər torpaqlar da Azərbaycana qaytarıldı.
Müəllif, həmçinin bildirib ki, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biridir. Ərazicə kiçik olmasına baxmayaraq, Yaxın və Orta Şərqin aktual problemlərinin həllində fəal mövqe sərgiləyən, bundan əlavə, dünyanın mədəni arenasında, sülh missiyasında rol alan ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edib, paytaxtı Bakı şəhəri 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı seçilib. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika kimi yaradılan Azərbaycan, eyni zamanda, qadınlara ilk seçki hüququ verən müsəlman ölkəsi kimi tarixə düşüb.