Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir

Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
SİYASƏT
16:06 14.07.2026
449
"Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş Azərbaycan-Slovakiya münasibətlərinin növbəti mərhələyə keçidini ifadə edən diplomatik hadisə olmaqla yanaşı, həm də Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət konsepsiyasının praktik nəticələrinin nümayişi kimi qiymətləndirilə bilər”.

Bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib.

O qeyd edib ki, bu görüşün əsas özəlliyi onun məhz Şuşada keçirilməsidir:


"Görüşün əsas özəlliyi onun məhz Şuşada keçirilməsidir. Çünki Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkənin diplomatik gücünün, siyasi iradəsinin və postmünaqişə reallıqlarının təqdim olunduğu mühüm siyasi platformaya çevrilib. Azərbaycanın xarici siyasətində formalaşan yeni ənənə - xarici dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin Qarabağa səfərlərinin təşkili – həm beynəlxalq ictimaiyyətə yeni reallıqların nümayiş etdirilməsi, həm də Azərbaycanın suveren hüquqlarının praktik müstəvidə təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Peter Pelleqrininin Şuşaya səfəri və burada keçirilən görüşlərdə iştirakı Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin növbəti ifadəsi kimi qəbul edilə bilər. Bu baxımdan, səfərin siyasi çəkisi ikitərəfli münasibətlərin iqtisadi gündəliyindən daha geniş məna 
daşıyır”.

Parlamentari qeyd edib ki, diqqət çəkən məqamlardan biri Peterin Azərbaycanı regionun sabitliyinin və inkişafının təminatçısı kimi xarakterizə etməsidir:

"Diqqət çəkən məqamlardan biri Slovakiya Prezidentinin Azərbaycanı regionun sabitliyinin və inkişafının təminatçısı kimi xarakterizə etməsidir. Əslində bu yanaşma son illərdə Avropada formalaşan yeni geosiyasi baxışın tərkib hissəsidir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və Orta Dəhlizin artan əhəmiyyəti fonunda Azərbaycan Avropa üçün sadəcə enerji tərəfdaşı deyil, Avrasiya məkanını birləşdirən mühüm geosiyasi mərkəz kimi qəbul edilir. Bu gün Azərbaycanın təşəbbüskarı olduğu layihələr təkcə iqtisadi xarakter daşımır. Orta Dəhliz, Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yeni logistika marşrutları Avrasiyanın siyasi və iqtisadi xəritəsini yenidən formalaşdıran amillər sırasında yer alır. Slovakiyanın bu proseslərə maraq göstərməsi isə Mərkəzi Avropanın yeni nəqliyyat arxitekturasında iştirak etmək niyyətindən xəbər verir”.

O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə xarici tərəfdaşların cəlb olunması siyasi etimad göstəricisidir:

"Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakı münasibətlərin praktik müstəviyə keçdiyini göstərən mühüm göstəricidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə xarici tərəfdaşların cəlb olunması təkcə investisiya və texnologiya transferi deyil, həm də siyasi etimad göstəricisidir. Slovakiya məhz bu etimadı qazanan ölkələrdən biri kimi çıxış edir.

Görüş zamanı energetika, ticarət-iqtisadi əməkdaşlıq və hərbi-texniki sahələrin prioritet istiqamətlər kimi vurğulanması tərəfdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Xüsusilə hərbi-texniki əməkdaşlığın gündəmdə yer alması Azərbaycanın Avropa məkanında müdafiə sənayesi əlaqələrini genişləndirmək strategiyasının tərkib hissəsi kimi diqqəti cəlb edir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri artıq klassik diplomatik münasibətlər çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə daxil olur. Şuşa görüşü bu prosesin növbəti mərhələsini müəyyənləşdirən siyasi hadisə kimi tarixə düşə bilər. Qarşıdakı dövrdə tərəflərin əldə olunan siyasi anlaşmaları konkret layihələrə və institusional mexanizmlərə çevirməsi münasibətlərin dayanıqlı inkişafının əsas şərti olacaq”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR