Eldar və Nigar Türkiyə televiziyasına tərcüməçi ilə çıxdılar - VİDEO

Eldar və Nigar Türkiyə televiziyasına tərcüməçi ilə çıxdılar - VİDEO
ŞOU-BİZNES
05:05 11.06.2011
1873

Türkiyə televiziya məkanının ən nüfuzlu tok-şoularından olan və Bəyazid Öztürkün apardığı proqramda iştirak edən tamaşaçılar Eldar və Nigarı Azərbaycan bayraqları ilə qarşılayıblar. Demək olar ki, iştirakçıların əksəriyyətinin əlində Azərbaycan bayraqları olub. Bundan başqa, zalda böyük Azərbaycan bayrağı da görünüb.

Amma nə qədər qəribə olsa da, Bəyazid Öztürk proqrama Eldar və Nigar üçün tərcüməçi də dəvət edib. “Eurovision-2011”-in qaliblərinə tərcüməçiliyi Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva edib. Aparıcının özü Eldar və Nigarla anlaşmaqda çətinlik çəkmədiklərini desə də, verilişə onunla eyni dildə danışan qonaqlar üçün niyə tərcüməçi dəvət etdiyinə izah verməyib. Tərcüməçi xidmətindən istifadə əslində proqramın gedişində iştirakçıların bir-birini başa düşməsində çətinlik yaradıb. Vəziyyət o yerə çatıb ki, proqramda iştirak edən Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Halit Kıvanc “Tərcüməçi azərbaycancadan azərbaycancaya tərcümə etdiyi üçün mübahisə yaranır” deyə müdaxilə edib.

Eldar Qasımov isə Bəyazid Öztürkə Azərbaycan türkcəsini öyrənməyi təklif edib. Aparıcı Azərbaycana gəlməyi çox istədiyini bildirib: “Mən hamıya deyirəm ki, Azərbaycan musiqisi dünyanın ən gözəl musiqilərindən biridir. Əlinizdə albom yoxdursa, internetə girin və Azərbaycan musiqisinə baxın. Məsələn, “Küçələrə su səpmişəm”. Məni valeh etdi. Məncə, Azərbaycan musiqisi “Eurovision”la birlikdə layiq olduğu yeri tapdı. Çünki özünü tanıtmaqda çox gecikib. Azərbaycan musiqisi çox müdhişdir”.

Verilişdə iştirak edən Alişan isə Azərbaycan tamaşaçıları barədə danışıb. Onun sözlərinə görə, türkiyəli müğənnilər Azərbaycana konsert verməyə gələndə ehtiyatlanırlar. Alişan bildirib ki, Azərbaycanda tamaşaçılar musiqini seçməyi bacarırlar və pis musiqini heç vaxt alqışlamırlar. O, yeni albomunda Azərbaycan mahnısına da yer verdiyini deyib. Amma mahnının adını açıqlamayıb.

Eldar və Nigar proqramda “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikləri “Running Scared” mahnısını ifa ediblər.

Proqramda tamaşaçılara "Eurovision-2011"-in qaliblərinin mahnısı olduğu disklər paylanıb. Bilirilib ki, bu gün Türkiyə vaxtı ilə saat 14.00-da (Bakı vaxtı ilə saat 16.00) azərbaycanlı müğənnilər İstanbulda pərəstişkarları üçün disklərini imzalayacaqlar.

ANS PRESS

OXŞAR XƏBƏRLƏR