"Xidmət sektorunun artan tələblərə cavab verməsi üçün xüsusi iqtisadi mexanizmlər yoxdur".
Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Eldəniz Əmirov vurğulayıb ki, turizm sektorunda xidmət səviyyəsinə görə dünyanın qabaqcıl ölkələrindən biri Türkiyədir:
"Türkiyədə turistlərə göstərilən xidmətlər dünyanın nadir ölkələrində rast gəlinir. Yəni, xidmət mexanizmi və ya iqtisadi mexanizm deyə bir şey yoxdur. Bazar və sahibkarlar bu sahəni tənzimləyir. Rəqiblər arasında müştəri uğrunda aparılan mübarizədə qalib gəlmək üçün xidmət səviyyəsi artırılmalıdır. Bunun üçün əməkdaşlara yüksək məvacib verilir və onlardan yüksək xidmət tələb olunur”, – deyə o əlavə edib.
İqtisadçı həmçinin bildirib ki, turizm sahəsində peşəkar kadrlara investisiya vacibdir:
"Qeyd edim ki, turizm sahəsində əməkdaşlar davamlı olaraq təlimlərə cəlb edilir, marifləndirmə tədbirlərində iştirak edirlər. Xüsusi kurslar var və bu kurslara göndərilir. Peşəkar kadrları yetişdirən təhsil müəssisələrindən də işçi qüvvəsi cəlb olunur.
Bu proseslər dövlət müdaxiləsi ilə mümkün deyil. Əgər dövlət müdaxilə etsə, yalnız əlavə çətinlik yaranar. Xidmət sektorunun inkişafı birbaşa sahibkarların öz məsuliyyətidir və onlar bu sahədə prosesi tənzimləməlidirlər”, – deyə E. Əmirov bildirib.
Oksana Orucova