"Elektron hökumət quruculuğu prezidentin diqqət mərkəzindədir" – Nazir müavini

İQTİSADİYYAT
14:06 19.12.2014
1672
“Çox ciddi nailiyyətlər əldə olunub”.
Növbəti illərdə Azərbaycanda elektron hökumətin inkişafı daha geniş vüsət alacaq.
AZXEBER.COM -un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Mənim elektron hökumətim” məqalə və video müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində deyib.
“Elektron hökumət quruculuğu dövlət siyasətidir və bu yolda məqsədyönlü siyasət həyata keçirilir. Elektron hökumət siyasətinin icrası ölkədə yoxsulluğun azaldılması, korrupsiyanın aradan qaldırılmasına böyük töhvə verir. Elektron hökumətin qurulması prosesi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bunun nəticəsində elektron hökumətlə bağlı beynəlxalq hesabatlarda Azərbaycan ildən-ilə mövqeyini yaxşılaşdırır”, - deyə o bildirib.
Nazir müavini xatırladıb ki, Azərbaycan bu il BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə reytinqində 68-ci yeri tutub.
“2014-cü ildə elektron hökumət sahəsində çox ciddi nailiyyətlər əldə olunub. Elektron hökumət portalı istifadəçilərinin sayı 5 milyon nəfəri keçib. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş elektron xidmətlərin sayı 428 idisə, hazırda onların sayı 452-yə çatıb. Hesab edirəm ki, gələn ilki reytinqdə Azərbaycan daha da irəliləyəcək”, - o deyib.
Elmir Vəlizadənin sözlərinə görə, elektron hökumət quruculuğunda digər ölkələrlə təcrübə mübadiləsi vacibdir.
“Dünyada elektron hökumət modeli eyni olsa da, müxtəlif tətbiqlər mövcuddur. Belə ki, hər bir ölkənin öz xüsusiyyətləri var. Dünyada elektron hökumət sahəsində qabaqcıl ölkələrlə təcrübə mübadiləsi ilə Azərbaycanda elektron hökumətin daha da inkişaf etdirilməsinə nail olmaq olar,” – o qeyd edib.

OXŞAR XƏBƏRLƏR