Elektron Sənəd Dövriyyəsinə keçidin məntiqi davamı – Prezident Fəaliyyət Planını təsdiq etdi

Elektron Sənəd Dövriyyəsinə keçidin məntiqi davamı – Prezident Fəaliyyət Planını təsdiq etdi
SOSİAL
18:02 04.03.2026
344

27 fevral tarixdə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” dövlət idarəçiliyində aparılan islahatların mahiyyətini və istiqamətini daha aydın şəkildə ortaya qoyur. Bu sənəd "bir pəncərə” sistemi, süni intellektin tətbiqi, "açıq hökumət”in təşviqi, dövlət xidmətlərin elektronlaşdırılması və s. sahələrlə yanaşı ilk növbədə sənədləşmə və sənədlərlə işin təşkili sahəsində illərdir mərhələli şəkildə həyata keçirilən dəyişikliklərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

 

Fəaliyyət Planının "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət”ə keçid adlı 6.1.1.2.3. və Tədbirlər Planının "Dövlət
orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması” adlı 8.1.12. yarımbəndləri diqqət çəkən əsas istiqamətlərdir. Məlum istiqamətlər, eyni zamanda dövlət xidmətlərində sənədləşmənin tam elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin (ESD) tətbiqi və təkmilləşdirilməsi, idarələrarası sənəd dövriyyəsinin inteqrasiyası, eləcə də vətəndaş
müraciətlərinə baxılmasında çevikliyin artırılması sahəhində konkret tapşırıqlar ortaya qoyur, vəzifəli şəxslərin sözügedən sahədə bilik və bacarıqlarının formalaşdırılmasını zəruri edir. Bu yanaşma göstərir ki, ESD artıq alternativ deyil, dövlət qurumlarında idarəetmənin əsas mexanizmi kimi qəbul olunur.

Ümumiyyətlə, Elektron sənədə keçid necə başladı?

Məsələyə xronoloji yanaşsaq deyə bilərik ki, elektron sənədə keçid sənədləşmə tarixində II inqilab adlana bilər. Bəs birinci inqilab nə vaxt olmuşdu? Sənədləşmənin digər materiallarıdan kağız daşıyıcıya keçməsini mübahisəsiz olaraq bu sahədə I inqilab adlandıra bilərik. Qısa tarixi arayış verərək deyə bilərəm
ki, ümumiyyətlə sənədləşmənin yaranma tarixi hələ bizim eramızdan da minillər əvvələ söykənir.
Sənədləşmənin konkret yaranma tarixi dəqiq olmasa da, onun yaranma tarixinin ilk dövlətlərin yaranma tarixi ilə eyni olduğu aydındır. Sənəd işi elektronlaşanadək material olaraq aşağıdakı inkişaf mərhələlərini keçmişdir: daş → gil → papirus → dəri (perqament) → kağız → elektron sənəd.

Yəni, bugün elektron sənəd dövriyyəsi, əslində, minilliklər boyu davam edən sənədləşmə təkamülünün ən son və ən səmərəli mərhələsidir.

Elektron sənəd ölkəmiz üçün yeni anlayış deyil. Elektron sənəd anlayışı ilk dəfə 2004-cü ildə "Elektron imza və elektron sənəd haqqında” Qanun ilə hüquqi müstəvidə təsbit edildi. Həmin dövrdə əsas məqsəd elektron sənədin hüquqi qüvvəsinin tanınması idi və bu, prosesin başlanğıc mərhələsi kimi mühüm
əhəmiyyət daşıyırdı. Sonrakı mərhələdə:

Nazirlər Kabinetinin 2006-cı il qərarı ilə təsdiq edilmiş "Elektron sənədlərin mübadiləsi Qaydası”,

2010-cu ildə dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sisteminin yaradılması haqqında qərar,

Daha sonra 2012-ci ildə İdarələrarası Elektron Sənəd Dövriyyəsi haqqında Əsasnamə qəbul olundu.
Qeyd edilən qərarların icrası çərçivəsində bir çox dövlət təşkilatları müəyyən proqramlar əsasında daxili elektron sənəd dövriyyəsi sistemlərinin ilkin formalarını tətbiq etməyə başladılar. Lakin bu proqramlar əsasən qurumdaxili istifadə üçün nəzərdə tutulmuş, vahid yanaşmanı və idarələrarası sənəd mübadiləsini təmin etmirdi.

Mərkəzləşmə zərurəti

Zaman keçdikcə aydın oldu ki, elektron sənəd dövriyyəsinin effektivliyi yalnız ayrı-ayrı sistemlərin mövcudluğu ilə deyil, vahid və mərkəzləşdirilmiş yanaşma ilə mümkündür. Məhz bu zərurət:

2018-ci ildə "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında”,

Daha sonra isə 2023-cü ildə "Dövlər orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Prezident Fərmanlarının imzalanmasını şərtləndirdi.

Bu Fərmanların nəticəsi olaraq əvvəlcə Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (MESD), ardınca isə
Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sistemləri tətbiq olunmağa başladı. Proses təkcə texnoloji həllərin
tətbiqi ilə məhdudlaşmadı, eyni zamanda dövlət qurumlarının vəzifəli şəxsləri üçün təlimlər və praktiki maarifləndirmə tədbirləri həyata keçirildi. Nəticədə bugün əksər dövlət orqanlarında elektron sənəd dövriyyəsi real iş mexanizminə çevrilmişdir.

Yeni Fəaliyyət Planı nəyi dəyişir?

ESD-nin tətbiqində əsas çətinliklərdən biri də dövlət qurumlarında istifadə edilən proqramların yalnız
qurumdaxili xarakter daşıması, yəni sənədlərin digər qurumlarla elektron mühitdə mübadiləsinin mümkün
olmaması idi. Bu isə elektron sənədin imkanlarını məhdudlaşdırırdı. Son Fərmanlardan sonra bu boşluq
aradan qaldırıldı və


 vahid elektron sənəd dövriyyəsi mühiti formalaşdırıldı. Hazırda müxtəlif dövlət qurumlarında tətbiq edilən AzDOC, DDC, Meis, MESD, RSD və digər sistemlər vahid platforma üzərindən inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bu isə idarələrarası sənəd mübadiləsini sürətləndirir, insan amilindən asılılığı azaldır və proseslərə nəzarəti gücləndirir.

2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı elektron sənəd dövriyyəsinə texniki layihə kimi deyil, idarəetmənin əsas sütunu kimi yanaşmanı rəsmiləşdirir. Burada məqsəd sadəcə kağız daşıyıcıdan imtina deyil, sənədlərlə iş mədəniyyətinin köklü şəkildə dəyişdirilməsi, qərar qəbuletmə proseslərinin
sürətləndirilməsi və vətəndaş müraciətlərinə baxılmasında çevikliyin artırılmasıdır.

Ekspert yanaşması ilə demək olar ki, bu sənəd dövlət idarəçiliyində elektron sənəd dövriyyəsinin artıq geri dönməz mərhələyə daxil olduğunu təsdiqləyir və qarşıdakı dövrdə bu sahədə daha dərin institusional dəyişikliklərin əsasını qoyur.

Şəmsi Gülverdiyev
Sənəd dövriyyəsinin təşkili üzrə ekspert

OXŞAR XƏBƏRLƏR