Azərbaycan Respublikasında ümumxalq səsverməsi azad, demokratik və şəffaf keçib.
AZXEBER.COM xəbər verir ki, bu fikri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov sentyabrın 26-da partiyanın qərargahında keçirdiyi mətbuat konfransında söyləyib.
Əli Əhmədov bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı keçirilən referendumla əlaqədar səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, demokratik əsaslarla, ədalətli və şəffaf keçirilib.
Səsvermə insanların yüksək fəallığı şəraitində keçib. Həm bütün seçki məntəqələrində YAP-ın çoxsaylı müşahidəçilərinin verdiyi məlumatlar, həm də keçirilmiş "exit-poll”ların nəticələri bunu təsdiq edir. Seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə edib. Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər.
Ən önəmli məqamlardan biri də bütün məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçməsidir.
Səsvermənin gedişini həm yerli, həm də beynəlxalq müşahidəçilərin izlədiyini söyləyən Əli Əhmədov bildirib ki, referendumun normal şəkildə keçirilməsini bütövlükdə Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyin bir ifadəsi hesab etmək olar.
Sonra yerli və xarici jurnalistlərin sualları cavablandırılıb.