Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu gün bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Bu barədə AZXEBER.COM-a Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb. Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.
İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.