"Məmurun övladı harınlıq edirsə bu nə deməkdir? Deməli artıq artıqlaması ilə özünə yatırım yığıb, bu ölkəni çapıb-talayıb, indi də estafedi öz uşaqlarına verirlər"
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, bu cür qudurğan məmur övladları bundan sonra da ifşa olunacaq:
"Bu yaxınlarda generalın oğlunun harınlığı generalın öz başında çatladı. Gördünüz, Prezident onu vəzifəsindən çıxardı. Heç üstündən çox vaxt keçməyib, indi də baş nazirin müavinin nəvəsi harınlıqdan özünün də, ailəsinin də, məmur babasının da başını işə saldı. Yavaş-yavaş bütün məmurların ailələrindən bu cür xuliqanlar üzə çıxacaq. İlham Əliyev bunlarla neyləsin? Birini cəzalandırdı ki, başqalarına da dərs olsun. Amma yox, bunlar o qədər qudurublar ki, ölkə başçısının xəbərdarlığını da eşitməzdən gəlirlər. Baş nazirin müavini də, general da vaxtında ailələrinin tərbiyyəsi ilə məşğul olsaydılar, bu gün Azərbaycan xalqının qarşısında, Prezidentin qarşısında biabır olmazdılar. Onlar açıq-aşkar göstərirlər ki, "biz sənə tabe deyilik, bizi başqa şəxslər idarə edir!”. Hamısı yalan danışır, aldadır və ölkənin imicini sıfıra endirirlər. Millət bunların özbaşınalığından bezib. Ölkədə nə qədər narazılıq varsa, hamısını da məmurlar yaradır. "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinə məxsus maşının qiyməti hardasa yarım milyondur. Əli Həsənovdan soruşmaq lazımdır ki, "yarım milyon pulu sən hardan almısan?”. Baş nazirin müavininin də nəvəsi belə qudurğanlıq edirsə, demək, bunların hamısı harınlıqdan irəli gəlir. Maraqlıdır, bu maşını hardan və hansı pullara alıblar? Bunların bir deyil, bir neçə qiymətli maşın kolleksiyaları var. Əli Həsənov və digərləri xalqı talamaqla, xəyanət etməklə məşğuldurlar.”.