“Azərbaycan müxalifəti siayasi proseslərdə dialoqun hər zaman tərəfdarı olub”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına münasibət bildirərkən söyləyib.
“Dialoq məsələsi zaman-zaman gündəmə gəlib və hər dəfə də Azərbaycan hakimiyyətinin müxalifətə qarşı radikal münasibət bəsləməsinə görə bu dialoq çağırışları alınmayıb. Və Azərbaycan müxalifəti siayasi proseslərdə dialoqun hər zaman tərəfdarı olub. Bununla bağlı İctimai Palata (İP) tərəfindən “Demokratiyaya Yumşaq Keçidin YolXəritəsi” adlı layihəsi hakimiyyətə təqdim edilmişdi. Burada müxalifətlə iqtidar arasında dialoqun keçirilməsi də vurğulanmışdı. Ancaq bizə qarşı ironik bir münasibət oldu və bu təkliflər nəzərə alınmadı. Əli Həsənovun bu açıqlamasında məqsəd dialoqdan qaçmağı gizlətmək olub. Ona görə də Azərbaycan hakimiyyəti öz siyasətində korrektələr etməyincə, siyasi proseslərin demokratik məcrada inkişafı ilə bağlı islahatlar aparmadıqca dialoq çağırışları səmimi görsənməyəcək”.
Qeyd edək ki, Əli Həsənov jurnalistlərə açıqlamasında müxalifətlə, mətbuat orqanları ilə, siyasi partiyalarla dialoq həyata keçiriləcəyini bildirib.
Əfsələddin Ağalarov