04:48 çərşənbə Axşamı, 18 Iyun 2019
SİYASƏT

Elmar Məmmədyarov: "Ermənistan uşaq söhbətlərini qırağa qoyub danışıqlar masasına əyləşməlidir"

15:30, 14.05.20192245
Elmar Məmmədyarov:

"Özümüzü aldatmayaq, yəni nələr baş verdiyini, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı planın mövcud olduğunu hamı bilir. Bunları nəinki danışıqlar aparan tərəflər, həm ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, həm də başqa ölkələrin paytaxtlarında olanlar gözəl anlayırlar”.

Bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunan yüksək səviyyəli konfrans çərçivəsində keçirilən "Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir həmçinin 16 yanvar Paris görüşündə də, bu yaxınlarda Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri arasında Moskvadakı üçtərəfli görüş zamanı da münaqişə tərəflərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair açıq şəkildə müzakirə apardıqlarını xatırladıb.

"Biz çox konkret mövzuları müzakirə etmişik, çünki Ermənistan tərəfi dövlətçilik məsələsini, bir də təhlükəsizlik məsələsini qaldırmışdı. Dövlətçiliyə gəlincə, məncə bu məsələni 15 ildir müzakirə edirik. Bu 15 il ərzində məsələ ətrafında az-şox aydınlıq yaranıb, fikrimcə, bu artıq sirr deyil”, - E.Məmmədyarov bildirib.

Təhlükəsizlik məsələsinə gəlincə, həmsədrlərin bu istiqamətdə işləyərək öz fəaliyyətlərini Ermənistanla razılaşdırmaları fikrinin irəli sürüldüyünü qeyd edən nazir bildirib ki, Ermənistan tərəfinin mövqeyi mənə hələ də aydın deyil: "Yəni söhbət ATƏT-in 1994-cü il Budapeşt sammitində təsdiqləndiyi kimi, beynəlxalq sülhməramlılardanmı gedir, yoxsa müzakirə etməyə hazır olduğumuz hansısa əlavə parametrlər olacaq? Hər halda, gəlin bu uzanmış məsələni qısaldaraq substantiv danışıqlara başlayaq. Əks halda, başlayaq görüşləri müzakirə etməyə, bu görüşlər liftdəmi, yoxsa harada keçiriləcək? Bunlar uşaq söhbətidir. Oturub, həqiqətən də, müzakirə olunmalı, bu müddət ərzində görülən işlərlə bağlı danışıqlar aparmalıyıq. Düşünürəm ki, mövqeyimiz şəffafdır”, - E.Məmmədyarov vurğulayıb.

XƏBƏR LENTİ