Amerikalı alimlər beynin skanlaşdırmasını apararaq hiss, həyəcan və ağrıların intensivliyini ölçməklə yanaşı, sakitləşdirici və ağrıkəsici dərman preparatlarının effektivliyini ölçüblər. Milli.Az New England Journal of Medicine-ə istinadən bildirir ki, sensasiyalı nəticələrin əldə olunduğu araşdırma ABŞ-ın Boulder şəhərindəki Kolorado Universitetinin professoru, tanınmış neyrobioloq Tor Veyqerin başçılıq etdiyi qrup tərəfindən aparılmış tədqiqat və eksperimentlərin nəticəsidir. Veyqerin dediyinə görə, onlar hələlik emosional zəminli ağrılar, habelə hiss və həyəcanları tədqiq ediblər. "Bundan sonra kəskin və zəif başağrıları, habelə bel ağrılarını araşdırmaq niyyətindəyik. Ağrı insanın həkimə müraciət etməsinin əsas səbəbidir. İndiyədək həkimlərin pasiyentə inanmaqdan savayı çarəsi yoxdu. Lakin biz ağrı ilə yanaşı, hiss, həyəcan, emosiyalar və hətta depressiya kimi psixi-fiziki amilləri dəqiq diaqnozlaşdırmağa çalışdıq", - Veyqer söyləyib. FOX31-in məlumatına görə, Veyqerin qrupunun eksperimentləri zamanı könüllülərə orta intensivli hissi, həyəcan və fiziki ağrılar verilib. Bu zaman onların beyin aktivliyi funksional maqnit-rezonans tomoqrafiya (Functional Magnetic İmage Resonance, fMRI) vasitəsilə müşahidə olunaraq qeydə alınıb. Skanlaşdırma insanın hansı intensivlikdə ağrı və ya həyəcan hiss etdiyini göstərib. Yaxın vaxtlarda eşq münasibətlərində pərişanlıqla üzləşən və ya sevimli insanını itirən insanlar üzərində aparılan müşahidələr isə beyində emosional ağrıların izlərinin fiziki ağrı izlərindən fərqlənmədiyini təsbit edib. "114 könüllünün cəlb olunduğu eksperimentlərin nəticələrinə istinadən deyə bilərəm ki, insanın əlinə və ya ayağına zərbə dəyəndə hiss etdiyi ağrı onun nakam eşq və ya sevdiyi insanla bağlı həyəcanının acısına bərabərdir", - Tor Veyqer söyləyib. Mother Nature Network bildirir ki, belə insanlara sınaqlar zamanı morfin infuziyası veriləndə emosional ağrı və həyəcanın səviyyəsi aşağı düşüb. Alimlərin dediklərinə görə, bu tədqiqat "elmdə inqilab" sayıla bilər. Çünki bədən əzalarından beyinə və onurğa beyninə gedən ağrı impulslarını keyidən adi dərman preparatları - analgetiklər əvəzinə bilavasitə beyinə təsir edərək ağrının qarşısını almaq üçün yeni metodologiyalar və farmasevtik preparatlar hazırlana bilər.