Elnarə Rzayeva: "Məni gözügötürməyən həmkarlarım əleyhimə kampaniya aparır" - MÜSAHİBƏ

MAQAZİN
10:05 08.06.2018
8073

"Gözügötürməyən həmkarlarım əleyhimə kampaniya aparır"

"Başıma gələnlər məni gözü götürməyən həmkarlarımın düzüb-qoşduğu şoudur”. Bu sözləri son günlər adı qalmaqallarda hallanan kosmetoloq Elnarə Rzayeva Hurriyyet.org-a verdiyi geniş müsahibəsində deyir.

O bildirir ki, bütün bu məsələlərin kökündə pasiyent-həkim narazılığı deyil, tamam başqa səbəblər dayanır: "Bu məsələnin əsas səbəbi mənimlə aparılan qeyri-sağlam rəqabətdir. Hərçənd, mən buna rəqabət deməzdim. Mənimlə eyni sahədə çalışan bəzi insanlar bilərəkdən əleyhimə kampaniya aparırlar. Təəssüf ki, bəzi mətbu orqanlar da onların bu ədalətsiz işinə dəstək verirlər, əleyhimə təbliğat aparırlar.

"Başqa ölkələrdə məni verilişə çağırırlar, burada isə hədələyirlər”

- Həmkarlarım deyirsiz, onlar konkret kimlərdir və sizinlə niyə belə ədavət aparırlar ?

- Onların kimliyini hamı bilir. Ad çəkib kimlərisə şərəfləndirmək istəmirəm. Mənə qarşı aparılan bu mübarizə əsasən Türkiyədə "İlin biznes-ledi”si mükafatı aldıqdan, orada verilişlərə dəvət olunduqdan və kosmetologiya aləminə iki yenilik gətirməyim bəlli olandan sonra başladı.

"Ayağı kəsiləcəkdi, xilas elədim"

- Nəydi o yeniliklər?

- Silikonun yaratdığı fəsadları aradan qaldıran tibbi yöntəmim, öz müalicə metodum var. Əslində işlətdiyim preparatlar yəqin ki, hər kosmetoloqun əlinin altında tapılar. Sadəcə, onları doğru şəkildə istifadə etməyi bacarmaq lazımdır. Necə ki, hər hansı xəstəyə sistem qoyulanda dərman preparatlarını qarışdırıb xüsusi effekt alırlar. Mən də öz sahəmdə tətbiq olunan dərmanları qarışdırıb süni qatqılar olmadan kosmetologiyada tətbiq edirəm və müsbət nəticələr əldə edirəm. Bu dərmanlar hamıda var, sadəcə, onlardan düzgün istifadə olunmalıdır. Bu metodla süni gelin əleyhinə mübarizə aparıram. Çalışıram ki, onu vurdurmasınlar. Eyni zamanda onun fəsadları son həddə çatanda, üz şişib irinləyəndə, pasiyentlər çarə tapa bilməyəndə onlara yardım edə bilirəm. Həyatlarını xilas eləmək üçün çarə tapıram. Elə olub ki, ayağını itirmək üzrə olan biri gəlib, onu müalicə eləmişəm, şükür Allaha, indi yaxşıdır. Onun başına oyun açıblar, az qalıb ayağını itirsin. Yaxud bir başqası gəlib ki, süni silikondan sonra üzündə çapıq yaranıb, ona yardım eləmişəm. Deməyim odur ki, bu metodla belə halların qarşısını ala bilirəm və bu da çoxlarını qıcıqlandırır. Mənə Azərbaycandan kənarda - Türkiyədə, Rusiyada dəyər verirlər, xidmətlərimi qiymətləndirirlər. Həm də harada oluramsa, olum, ölkəmin adından danışıram, buranı təmsil edirəm. Amma, işə bax ki burada, vətənimdə məni burunlayırlar, işimə əngəllər yaradırlar. Ən acınacaqlısı da odur ki, bunu həmkarlarım elətdirir. Çox çirkin oyunlar sifariş verirlər.

"Bir kəlmə sözə 10 min təzminat?”

Söhbətimizə kosmetoloqun vəkili Könül Əliyeva da müdaxilə edir: "Əslində mətbuatda anonim, yaxud şəxsiyyəti naməlum olanların şikayətləri əks olunur. Halbuki, bunların çoxu qondarmadır. Rəsmi olaraq ortada iki nəfərin şikayəti var. Onlardan biri efirə çıxan ana-baladır. Validə adlı qadının iddiası əsasında Elnarə xanımın iştirakı olmadan məhkəmə prosesi baş tutub. Onlar iddia edir ki, guya hansısa saytdan onun şəkilləri yayılıb. Şərəf-ləyaqətinə toxunan hərəkətlər olub. Əslindəsə məhkəmə işi tam araşdırılmayıb. Prosesdə təmsilçisi olduğum xanımın iştirakı təmin olunmayıb. Eyni zamanda həmin saytın Elnarə xanıma aid olması, şəkillərin ordan yayılması müəyyən olunmayıb. Bununla belə, 10 min manat təzminat ödənməsi haqda qərar çıxarıblar. Biz də həmin qətnamə ilə bağlı şikayət vermişik. Bu səbəbdən də qətnamə qanuni qüvvəyə minməyib və icraat dayandırılıb. Digər şikayətçi - Aygün xanıma gəlincə, həmin məsələdə də heçnə müəyyən olunmayıb. O iddia edir ki, guya üzünə hansısa maddələr vurulub. Halbuki o, mərkəzdə konsultasiya müayinəsindən keçib. Bu bəs deyilmiş kimi canlı efirdə hamının gözü qarşısında Elnarə xanıma xəsarət yetirib. O da yıxılıb başından xəsarət alıb, beyni silkələnib. Üstəlik onurğasından xəsarət alıb. O vaxtdan müalicədədir. Əmək qabiliyyəti pozulub. Özünüz də görürsüz, işə ev paltarında gəlib. Həmin baxımlı, işgüzar xanımdan əsər-əlamət qalmayıb. İşgüzar nüfuzuna xələl gəlib. Amma bununla belə, o idda edir ki, guya Elnarə xanım onu vurub... Həmin məqamda əlindən almasaydılar, bəlkə xanım bundan daha ağır xəsarət alardı. Deməyim odur ki, hay-küy yaradan iki nəfərdir, ikisi də xuliqanlıq nümayiş elətdirib. Biz o qadının Elnarə Rzayevaya hücum etməsi haqda görüntülərini yayacağıq, bu haqda material hazırlayırıq”.

"Elnarə günahkardırsa, cəzalansın”

Vəkil deyir ki, məsələ kimlərinsə marağında olduğu üçün əyləncəli bir şey kimi şişirdilib yayımlanır: "Xəsarət alan bir kənarda qalıb, kimlərsə bunu əyləncəyə çevirib hər gün paylaşırlar. Üstəlik, kimliyi bəlli olmayanlar belə mən də şikayətçiyəm deyə yazırlar. Halbuki, onların bir qismi anonim, bəzisi isə özünü başqa adla təqdim edənlərdir. Elnarə xanım, başqa kosmetoloqlardan fərqli tibbi yöntəmlərdən istifadə edərək hamının vurduğu süni maddənin əridilməsi üçün mübarizə aparır. Cəmiyyətə də bildirir ki, süni gellərdən istifadə etməyin, bu gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq. Bu da bir çox insanların biznesinə mane olur”.

Vəkil əmindir ki, bu məsələdə kim günahkardırsa, mütləq cəzasını alacaq: "Kimin bu işdə suçu varsa, mütləq haqqında sərt qərar çıxarılacaq. Kim kimi təhqir edib, kim kimə bötan atıb, işgüzar nüfuzunu, şərəf-ləyaqətini ləkələyibsə, o adam cəzalanacaq. Əgər sübut olunsa ki, Elnarə xanım günahkardır, qoy məhkəmə onun haqqında da qərar çıxarsın. Deyir, elin gözü tərəzidir. Hamı hər şeyi gözəl anlayır, kimin suçlu, kimin suşsuz olduğunu aydın görür”.

 

"Türkiyədə efirlərə çıxdım, başıma gəlməyən qalmadı”

- Elnarə xanım, Türkiyədəki verilişlərə dediyiniz yeniliklərlə bağlı dəvət eləmişdilər?

- Mən Türkiyədə "Bəyaz TV”-də və "Acun-Media”nın yayımladığı proqramlara qatılmışam. Eyni zamanda orada səriştəsiz kosmetoloqun zərər verdiyi Mərvə Kələş adlı xanımı müalicə etmişəm. Onun başına gələnləri az qala bütün dünya bilir. Naşı kosmetoloqun vurduğu dolğudan dodaqları pis vəziyyətə düşmüşdü. Heç kim ona kömək edə bilmirdi. Üstəlik, məcburiyyətdən hormon iynələri vurulurdu deyə çəkisi də artmışdı. Bir sözlə, səhhəti təhlükədəydi. Mən məhz ona yardım eləmək üçün Adanaya getdim. Müdaxiləmdən sonra həmin xanımın dodaqlarındakı dolğunun fəsadları aradan qalxdı, hormon dərmanlarından xilas oldu, çəkisi azaldı. Amma təəssüf ki, buradakıların əli ora da çatdı. Nə oldusa, mənim o insana köməyimin üstündən xətt çəkildi, xidmətim kölgələndi. Adımın əvəzində tamamilə başqa bir həkimin adı çəkildi. Halbuki, onu müalicə eləyir dedikləri həkim ikinci belə bir xəstəyə yardım edə bilməz. Çünki o, həmin müalicə metodunu bilmir. Artıq Türkiyə mətbuatı da bu məsələdən xəbərdardır. Yavaş-yavaş bu üzə çıxır. Bu haqda, yəni mənə qarşı olunan ədalətsizlik bir proqramda müzakirəyə çıxarılacaq.


"Mərvə Kələşi sağaltdım, adımın üstündən xətt çəkdilər”

- Bəs, Mərvə Kələş bunun sizin zəhmətiniz olduğunu demədimi?

- Biz müalicəyə başlayandan çox keçməmiş Mərvədə ciddi irəliləyişlər oldu və o, öz səhifəsində "doktorumla fotolar” yazıb birgə şəkillərimizi paylaşdı. Mənə təşəkkür edəcək video yaydı. Amma sonra onu necə, hansı yolla ələ aldılar bilmirəm, mənimlə əlaqəni kəsdi. Bir neçə saat sonra şəkillər də, videolar da silindi. Ardınca da "siz yaxşı insansız, məni bağışlayın” yazıb məni bloka atdı.

Əslində Mərvə elə bildi ki, hər şey düzəldi. Amma indi o, yenə həmin vəziyyətə düşüb. Çünki müalicə yarımçıq qaldı. İndi ona yenidən hormonlar vurmağa başlayıblar. Yenə də çəkisi artıb. Amma indi mənə yazmağa üzü gəlmir. Ola bilər, nə vaxtsa həqiqəti danışar. Amma mən daha onunla əlaqə saxlamaq istəmirəm. Mən onun üçün burdan İstanbula, ordan da Adanaya getdim. Gördüm çox kasıb ailədir. Qonşusu ona tez-tez baxırdı ki, özünü öldürməsin. Olduqca pis durumdaydı. Mən ondan heç nə ummadan təmənnasız müalicə elədim. Amma o, mənlə ədalətsiz davrandı. Zəhmətimi tamam başqa adamların adına çıxdı. Çünki onu bizimkilər pulla satın almışdılar. Halbuki, mən Mərvənin səhhətindəki irəliləyişlə konfranslara hazırlaşırdım. Həmin konfranslarda onun müalicə yöntəmindən danışacaqdım. Orada həmin xanımı məhz azərbaycanlı həkimin müalicə etdiyi bəlli olacaqdı. Di gəl, imkan vermədilər.

"Məni zəhərləyiblər”

- Sosial şəbəkədə "mənə nəsə olsa, bilin ki, həyatıma qəsd ediblər” yazmısız...

- Hə. Gerçəkdən də, başıma nəsə gəlsə, heç kim inanmasın ki, beyin qanaması keçirmişəm, qəfildən ürəyim dayanıb. Çünki, ehtiyat edirəm. Hətta, başqa yerdə su içəndə də belə tədbirli davranıram. Bilirəm ki, məni zəhərləyə bilərlər. Belə hallar olub. Maşınıma xəsarət yetiriblər, zəhərləyiblər. Yəni, hər şey ola bilər. Mənimlə rəqabət aparanlar manyakcasına hər yola əl ata bilərlər. Həyatım təhlükə altındadır.

"Himalaydan ot yığmışam...”

- Fərqli müalicə deyirsiz. Bu sizin öz icadınızdır, yoxsa bu metodu hardasa öyrənmisiz?

- Fərqli metod deyəndə, onlar bunu zəhərli dərman-kimi təqdim eləyib yanıma gələnləri qorxudurlar. Elə bil, Himalay dağından ot yığıb qaynatmışam. Bu, sertifikatlaşdırılmış preparatların kokteylidir. Adama deyərlər, siz də ağlınızı işlədin, onun eynisini hazırlayın. Bəyəm sizə icazə vermirlər? Sabah məndən soruşan olsa, heç kimdən qorxacaq, çəkinəcək işim yoxdur. Bu, sertifikatlaşdırılmış bir preparatdır. Sadəcə, onu qarışıq şəklində sistem kimi düzgün nahiyyəyə və doğru şəkildə vurmaq lazımdır. Onlar bunu bilmirlər, belə zəhmətlərə qatlanmaq istəmirlər. Tutaq ki, bunu liftinq üçün vurursan, bunu da başqa bir şey üçün. Sən də qarışdır yoxla, gör nə alınır?!

- Adətən, insanların əksəriyyəti kosmetologiyada tətbiq olunan dərman preparatlarının ucuzuna qaçır.

- Mən insanlardan bircə onu soruşmaq istəyirəm. Niyə süni geli tətbiq edənlərdən birini bu şəkildə tənqid edib üstünə getmirlər? İndi 99 faiz belə işlərlə məşğuldur. Mənə böhtan atan, məni ittiham edən özünü müştərim kimi tətbiq edənlərin əksəriyyətinin dodağında silikon var. Niyə biri çıxıb demir ki, onun dodağındakı o silikonu kim qoyub? Onların adını çəksinlər, təhqir eləsinlər, hədə-qorxu gəlsinlər də...

Saxtanı nişan verdiyi üçün "vururlar”

Vəkil Könül Əliyeva yenə də kosmetoloqun fikrinə dəstək verir: "Cəmiyyət də, dövlət də belə məsələlərə çox həssas yanaşır. Bu yaxınlarda mənbəyi məlum olmayan gellər, botokslar gətirənlər aşkar olunub məsuliyyətə cəlb edildi. Əslində Elnarə xanım bu yöndəki siyasəti davam etdirir. İnsan orqanizminə zərər vuranlara qarşı mübarizə aparır. Bu, ən ucuz materialdan yararlanılan biznesdir. Az xərclə böyük məbləğ əldə etmək yoludur. Xanım siftədən də bunun əleyhinə çıxanlardan biridir. İnsanlara məsləhət görür ki, istifadə etdikləri maddənin, preparatın saxta, yaxud gerçək olduğunu araşdırsınlar. Məhz bu da dərhal ajiotaja səbəb oldu. Necə digər dərman preparatlarında deyirlər ki, bu orijinaldır, bu saxtadır. Bu da onun kimi. Təbii ki, Elnarə xanımın da saxtanı nişan verməsi onun biznesi ilə pul qazananların qıcığına səbəb olub.

Qadınların həyatını təhlükəyə atan kosmetoloqlar cəzalanmalıdır

Düşünürəm, gərək biz hüquqşünaslar da bu məsələ ilə bağlı cinayət məcəlləsinə yeni maddə əlavə olunmasına nail olaq. Gərək hüquqşünaslar bir araya gəlib qanunverici orqana müraciət edək ki, belə maddələrdən istifadə edən həkimləri məsuliyyətə cəlb eləsinlər. Çünki, onlar insan sağlamlığını təhlükəyə salırlar. Kosmetoloji bumdan istifadə edib pul naminə qadınları, insanları zəhərləmək olmaz.

"Şikayətçiyəm” deyənlərin 99 faizini tanımıram”

- Bəs sizin istifadə etdiyiniz dərman preparatlarının sertifikatı varmı?

- Əlbəttə! "Kosmetoloqun istifadə etdiyi bütün dərman preparatlarında sertifikat olmalıdır. Əgər yoxdursa, demək ondan istifadə təhlükəlidir. Demək, o, tətbiq oluna bilməz..!

"Təbii silikona icazə vermirəm, o ki qala sünisi..."

Mənim işimdə qüsur axtarmağa çalışanlar oturub bir də onu düşünsünlər ki, necə olur, iki ayın içərisində bu qədər zərərçəkmişin hamısı birdən ortaya çıxdı? Əgər gerçəkdən də onlar zərərçəkmişdilərsə, niyə indiyə qədər səslərini çıxarmırdılar?

Haqqımda "maşınqayırma”nı qurtarıb, yaxud "ali təhsilli deyil” kimi cəfəngiyyat yayanlar yaxşı olardı ki, bir də bu məsələ haqda düşünərdilər. Seçenov adına Moskva Tibb Universitetini bitirən peşəkar həkim haqda ağlına və ağzına gələnləri söyləmək əvəzinə sual verərdilər ki, necə olur işlədiyi 8 ildə bir dəfə də olsa bir narazı adam ortaya çıxmadı. Amma indi elə bil hamısı bir-biri ilə danışıblar. Bu adamların hamısı necə bir-birini tanıyıb tapışıblar? O onu, o biri bir başqasını özü ilə gətirir. Həm də mən o adamların heç 99 faizini tanımıram. Demək, bütün bunlar mənim üçün qurulan tuzaq, məni sıxışdırıb aradan çıxarmaq üçün düzəldilən oyundur da...

"Üzüm pasiyentlərimə nümunədir, süni heç nə yodxur”

Məni tanıyanların hamısı bilir ki, heç təbii silikona icazə vermirəm, o ki qala sünisi... Öz üzümü də ona görə saxlayıram. Gələnlərə də simamı nümunə göstərirəm. Ancaq o halda müdaxilə edirəm ki, pasiyentin üzündə hansısa ciddi qüsur var. Yəni, dodağı çökəkdir, burnunda əyrilik var. Yoxsa sağlam adam gəlir ki, mənim yanağımı böyüt. Mən imtina edirəm. Hətta, yaxşı pul təklif eləsələr də razılaşmıram. Çünki bu, mənim prinsipimdir. Ölüm-dirim də olsa, mən bu prinsipdən dönməyəcəm!

"Kosmetoloq yanına yalnız pulu olan getməlidir”

- Ümumiyyətlə, kosmetologiya çox vəsait tələb edən sahədir və bu xidmətdən hər adam istifadə edə bilmir...

- Bəli. Bizim cəmiyyətdə kosmetologiya düz qavranılmır. Xanımlar kosmetoloq yanına gedirəm deyəndə həyat yoldaşları etiraz eləyirlər. Deyirlər ki, ora ancaq vulqar, bayağı insanlar gedir. Məqsədimin biri də odur ki, kosmetologiyanın üstündəki bu ləkə götürülsün. Kosmetologiya xarici görünüşdəki qüsuru aradan qaldırmaq üçündür. Bu, dodağı, yaxud başqa bir yeri doldurmaq üçün deyil. Bizdə bununla bağlı çox səhv təəssürat yaradıblar. Bir böyük problem də odur ki, bizdə qadınlar bu sahədə ucuz yollara qaçırlar. Əslində isə kosmetologiya VİP xidmətdir. Tibdə özəl, xüsusi xidmətdir. Yalnız imkanları çox olan insan bu xidmətdən yararlana bilər. Bu ekstern bir şey deyil ki, bahasını edə bilmədim deyə ucuzuna qaçasan. Pulun yoxdursa, eləmə! Yenə deyirəm, bu sahəyə yalnız imkanı olanlar gələ bilər. Kim deyirsə ki, imkanım yoxdur deyə dodağımı ucuz yolla şişirtdim, demək o adamın psixoloji problemi var.

Ətraflı məlumat üçün instagram ünvanı: https://instagram.com/dr.elnara_rzayeva

 


 

OXŞAR XƏBƏRLƏR