Elnur Aslanov: 'Biz sülhə hazırıq, ancaq Azərbaycanın ərazi bütövlüyü hesabına yox...'

SİYASƏT
20:15 04.10.2013
1512

Təəssüflər olsun ki, Ermənistan indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində qeyri-konstruktiv mövqe tutmaqda davam edir.

AZXEBER.COM-u verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qarabağ Araşdırmalar Mərkəzinin açılışında çıxış edən E.Aslanov Serj Sarkisyanın AŞPA-dakı çıxışında Azərbaycanı qeyri-konstruktivlikdə ittiham etməsini absurd adlandırıb.

“Ərazi bütövlüyünün bərpasına cəhd edilməsi qeyri-konstruktivlik kimi qiymətləndirilə bilərmi? BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin təmin edilməsi qeyri-konstuktivlik sayıla bilərmi?” – E.Aslanov bildirib.

Prezident Administrasiyasının rəsmisi beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində prinsipial mövqe tutmağa çağırıb.

“Beynəlxalq ictimaiyyət ikili standartlar siyasətindən əl çəkməli və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qətiyyətli mövqeyini nümayiş etdirməlidir” – deyən E.Aslanov bunu da vurğulayıb ki, bu məsələnin nizamlanması Ermənistanın öz maraqları üçün də faydalı olacaq və erməni xalqının rifah səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Onun sözlərinə görə, Ermənistan bu gün öz xarici siyasətini heç cür müəyyənləşdirə bilmir və daxili çəkişmələrin içində batıb-gedir. Bu nöqteyi-nəzərdən də o, daha rasional və konstruktiv mövqe tutmalıdır.

“Hər il Ermənistanı yüz minlərlə vətəndaş tərk edir, - belə davam edərsə, bu ölkənin heç bir gələcəyi olmayacaq. Bununla yanaşı, Azərbaycan get-gedə inkişaf etməkdədir. Vaxt bizim xeyrimizə işləyir”, - E.Aslanov bildirib.

Elnur Aslanov bəyan edib ki, əgər danışıqlar prosesi sülhə gətirib çıxarmazsa, Azərbaycan başqa metodlardan istifadə etmək hüququna sahibdir.

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və insanların sülh şəraitində yaşamasını istəyir.

Dediklərinin təsdiqi kimi, E.Aslanov ölkəmizdə on minlərlə erməninin yaşaması faktını yada salıb.

“Biz sülhə hazırıq, amma bu sülh Azərbaycanın ərazi bütövlüyü hesabına təmin olunmamalıdır” – E.Aslanov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri öz çıxışında həmçinin Qarabağ Araşdırmalar Mərkəzinin yaradılmasının böyük əhəmiyyətindən söz açıb və bildirib ki, buna çoxdan ehtiyac var idi.

“Sözügedən mərkəzin açılması Qarabağ haqqında tədqiqatların və araşdırmaların yeni müstəviyə çıxarıılmasına imkan yaradacaq və gələcəkdə gənc araşdırmaçıların formalaşmasına yardım edəcək”- E.Aslanov qeyd edib.

Onun sözlərinə görə, Qarabağın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi ilə əlaqədar olan vahid mərkəzin yaradılması artıq reallığa çevrilib:

“Bu mərkəz Qarabağın tarixini, mədəniyyətini və perspektivlərini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq”.

O sözlərinə davam edərək bildirib ki, analoji mərkəzlərin yaradılması Azərbaycanın ədalətli mövqeyi barədə məlumatların xarici ölkələrdə, beynəlxalq təşkilatlarda geniş yayılmasına imkan yaradacaq.

“Bu ilk təşəbbüsdür və mən əminəm ki, bu mərkəzin açılışı digər universitetlər üçün də örnək olacaq. Qarabağı araşdırmaqla məşğul olan mərkəzlər bütün ali məktəblərdə fəaliyyət göstərməlidir” – E.Aslanov bəyan edib.

“Vaxt gələcək, analoji mərkəzlər Qarabağda da açılacaq” – o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR