Elşən Musayev siyasətin tərifini verdi - KÖŞƏ

Elşən Musayev siyasətin tərifini verdi - KÖŞƏ
KÖŞƏ
13:50 17.01.2013
2064
Elşən MusayevSiyasətin bir də görünməyən tərəfləri var.
Bəzən bir “oktava”sında ən az 3 xarab notu olan piano qarşısında oturmağa məhkumsan.                  
Önünə qoyulan əsəri nəyin bahasına olursa-olsun ifa etmək, sadəcə peşəkarlığına sığınıb o xarab notları bəlli etmədən sonuca varmaq, olmazları yaratmaq, öz istedadını, gücünü “mümkünsüzlər”ə tanıtmaq məcburiyyətindəsən…                       
Alındısa, bütün sürəkli alqışlar sənindir! Ən azından həmin gün tam anlamıyla sənindir! Bir an içində hüsnü-camalına elə təriflər yağdıracaqlar ki, ən qalın Azərbaycan lüğətinin belə ağzı heyrətdən ikiyə açıla qalacaq..                                
Və..səhnə arxasında real mənzərənin xəbərdarlarından savayı kimsə bilməyəcək ki, az öncə sərgilədiyin “performans” gerçək bir möcüzə imiş əslində! Barmaqların 3 xarab not aralığında üşüdü, titrədi, zaman-zaman ən kiçik xəta edər deyə qorxdu… Kimsə, amma kimsə bilməyəcək bunu.
Bütün sevgilər salondaca qalacaq! Salondaca bitəcək! Salondaca qeybə çəkiləcək!                         
O ifa haqqda “LAZIMİ” yerlərə məlumat verənlər (və ya verməli olanlar) isə istedadını qiymətləndirəcək  əsl GƏRƏKLİ insanları bir an içində elə bir  yalnış təəsürata kökləyib, ortaya elə bir mənzərə hakim edəcəklər ki, başqaları bir yana, özün-öz gücünə, bacarığına, ortaya qoyub-ərsəyə gətirdiklərinə şübhə ilə yanaşacaqsan..
Ən sonda da bəlli olacaq ki, demə bütün uğurlar pianonun sanbalında imiş...                  
Sən onun qarşısında sadəcə oturubmuşsan...Bir tək SƏN rahat olasan deyə, dünyanın ən ucqar nöqtəsindən o piano tapılıb, məhz sənin barmaqlarının ölçüsünə uyğun seçilib, gətirilib, hüzuruna təhvil verilib. .                                                                     
Sənə isə sadəcə ifa etmək qalıb. Sən də, “canın çıxıb” ifa etmisən!
***
Siyasət həm də...istedadlılarla istedadsızların bir məhkumiyyət (məhz MƏHKUMİYYƏT!) səbəbilə bulunduğu amansız savaş meydanıdır!             
İstedadsızlar daim təkəbbür, kompleks içindələr...                                                                                     
Onların amalı, xisləti özləri üçün yeni bir şans qazanmağa deyil, tam əksinə şanssızların sayını mümkün qədər artırma fəlsəfəsinə köklənib...                                               
Bu təxminən, bir idmançının hansısa yarışda, turnirdə - öz çəkisində bir kimsə olmadı deyə əziyyətsiz-filansız qazandığı qələbəyə, davamınca da təqqdim etdiyi lovğalığa bənzər...  
İstedadsızın kor baxışları olur...    
Məsələn, onun nəzərincə, əlində siqaret tutan İSTEDADLI şəkk-şübhəsiz narkomandır.. Ağzından “Allah” kəlməsi çıxan İSTEDADLI heç bir mübaliğəsiz vəhhabidir, bir yeni fikir söyləmək istəyən İSTEDADLI – ambisiozdur. Ya da buna bənzər şeylər..
İstedadsızlar, “Homo sapiens”- insan tipinə ən uzaq məsafədə durublar.                          
Sanki, daxilləri - üzlərindəki cizgilərə çökmüş, siraət etmiş durumda. Bu möhürdümü, nədimi bilmirəm amma  ən bəsit addımlarından – məsələn yerişlərindən, gülüşlərindən, yanında hərlənən özünəbənzərlərdən, hətta qalstuk bağlanışlarından belə bəlli edərlər özlərini..
Qayğısızdırlar, məsuliyyətsizdirlər, təhlükəlidirlər..
Bəladırlar onlar. Sözün gerçək mənasında bəladırlar!  
***
Siyasət – möhtəşəm tramplindir!.                                                                                          
Fəqət, bir tək yüksəliş deyil, fərqli qütbdən həm də eniş tramplinidir!           
Çün, birilərinə çatmaq üçün bəzən ucalmaq deyil, aşağı doğru sürətlə əyilmək məcburiyyəti daşıdığımız anları da unutmuş deyilik...
Siyasət – son dərəcə dietik bir menyu! Onu hər kəs qida rassionuna daxil edə bilər, fəqət hər yerindən duran rabiteyi - həzmdən keçirə bilməz.. Hardasa ilişib qalacaq, nə cürsə ilişib qalacaq! Çünki ruhun siyasətçi olmalı...”yapı”n siyasətçi olmalı!
Siyasət  – zaman zaman hətta sevmək, sevgini izhar etmək üçün belə icazə almaq absurdudur!           
Ləyaqətini, mərdliyini, o meydanda ifadə etmə səbəbilə-növbə tutmaq məziyyətidir! - Nonsensidir! Sevgi monopoliyada olmur, ola bilməz, olmamalıdır!!! - nidası ilə ucadan  bağırmaq istəyidir!
Siyasət –  elşadbdullayevlərin, rüstəmibrahimbəyovların, eldarnamazovların hansı qapıdan girdiyini görüb də, hansı bacadan çıxdığını fərq etməmək sirridir!
Siyasət – yaxşı gündə şərəfsiz buqələmunların göz qamaşdıran rəngini, pis gündə isə vurduqları qurşaqdan aşağı zərbələri seyr etmə məcburiyyətidir!
Amma, bəzən də...
Siyasət – Səni tam fərqli yerdə “görənlər”, haqqında mötəbər düşünənlər öz təxminlərində yanılmasın deyə, metronun ən uc vaqonunda üzünə qəzet tutub hər kəsdən gizlənməkdir....
Çöldə qazandığın qəhrəmanlığın bədəli  olaraq ailədə yaşadığın məhrumiyyətlərlə üz-üzə qalmamaq üçün saatları saymaq, hamının yuxuya dalmasını gözləmək, evin qapısını ehtiyat açarla ehmalca açıb, ayaq səslərini belə hiss etdirmədən yerinə girib, yorğanı başına çəkməkdir...
Gənc ikən, həm də çox gənc ikən...hər gecə başını yastladığın balıncın böyrünə ürək, təzyiq, əsəb dərmanlarını ard-arda düzməkdir...
***
...Siyasi fəlsəfəmdə sentimantal notlar azdır. Hətta “yox”a yaxındır. Amma, niyəsə hər dəfə bu “hava”ya girdiyimdə qeyri-ixtiyarı olaraq, atamın illər öncə nəql etdiyi çox ibrətamiz (və olmuş bir hadisəni xatırlayıram:
“Erkən yaşında yetim qalan 7 yaşlı qızcığaz anasının məzarı üstə gəlir. Aylardır qəpik-qəpik yığdığı pulla Quran oxutdurmaq istəyir ona.. Amma bir də baxır ki, molla 5 manat verənin ölüsünə olduqca az, 10 manat verənin ölüsünə bir az daha çox, 25 manat verənin ölüsünə isə bütöv “Yasin” oxuyur.                     
...Tez cibindəki pulları sayıb, yetərli olmadığını görüncə kövrək bir titrəyişlə anasına səslənir: “Ana, səni çox sevirəm. Lap çox. O qədər çox ki, istəmirəm sənə yarımçıq dua oxunsun. Bütövünə də gücüm çatmır. Bu günə qədər tam öyrəndiyim və əzbərdən bildiyim tək şey “Uşaq və buz” şeridir. Gəl, onu söyləyim sənə. Ürəkdən deyəcəm. İçdən deyəcəm. İnan, o şer bütün dualardan daha tez gəlib çatacaq sənə.. - Canım anama”
***
Siyasət  – bəzən həm də, “Uşaq və buz” səmimiyyətinə sığınıb, itirə biləcəyin heç nəyin qalmamasına, olmamasına rəğmən, eyni sürətlə.. eyni kişiliklə... eyni ürəklə davam etməkdir!!!
Bunu bacaran hər kəsin qarşısında baş əyirəm!
Dünya üstümə gələ, yüz namərd qova-qova məni də özü kimi namərd etmək istəyə... getdiyim Azərbaycançılıq yolundan, Heydər Əliyev yolundan sapdırmağa çalışa....ALINMAYACAQ!
..... Bu yol mənim qazanc yolum deyil...
Bu yol mənim şərəf yolumdur!!!..... Bax bu səbəbdən !
NÖQTƏ.Gün.Az
OXŞAR XƏBƏRLƏR