"Elton Allahı tanısaydı, dini atıb, içkiyə başlamazdı!”

ŞOU-BİZNES
22:21 23.11.2010
3810

 

- Rəqsanə xanım, Eltonun portalımıza son açıqlaması ilə tanış oldunuz. Sizin ona və ailəsinə şər atdığınızı deyir.

- Bəli, elə indi oxudum. Ona sadəcə yazığım gəldi. Kişi olan kəsin neçə sifətli olarmış?! Dəhşət! Şoka düşürəm. O, deyir ki, bizi hamı tanıyır, Təranə də (Rəqsanənin prodüseri Təranə Səmədova-red). Düz deyir, Təranə də onu yaxşı tanıyır. Birinci, duetin pulunu mən vermişəm. Orada işləyən Oleq bunu təsdiqləyə bilər. Ora 300 manat pul verdik. Sonra deyir, Rəqsanənin borcu qalıb. Utanmaz! Mən 3 il bundan qabaq “Səbuhi” studiyası ilə işləyirdim. “ETA” prodakşnla “Səbuhi” studiyasının kontraktı var idi. “Səbuhi”-də mahnılarını yazdıran insanlar gəlib orada pulsuz mahnı ifa edirdilər. Sonra mənim albomum dayandırıldı, çıxmadı. Orada sadəcə bir anlaşılmazlıq oldu. Və Elton öz prodüseri Anar Mədətova sözlə deyib ki, anlaşılmazlıq olub və borc bağlanıb. Orada borcların heç biri mənə aid deyildi. Bu cur murdar söhbətləri bizə yaraşdırmıram. Onun da müsahibəsini oxuyuram, yazığım gəlir. Çünki bizim 4-5 ay dost kimi yaxınlığımız olub. Elton, sən həyatını mənə danışanda, gözünün yaşını tökmüsən. Sənə ürəyim ağrıyır. İstəyərəm ki, Allah sənə kömək olsun, qayıdıb təzədən namaz qılasan, din yoluna gələsən və bu içkini buraxasan! Normal həyata qayıtdıqdan sonra özünün o müsahibəni oxuyub deyəsən ki, İlahi mən nə gündəyəm!

- Bəs mesaj söhbəti nədir?

- Çox xahiş edirəm, onun mesajlarını öz saytınızda verəsiniz. Yalvardığı və ağladığı mesajları yazasınız. (Rəqsanə xanım telefonunu açıb, Eltonun mesajlarını göstərir və onları oxuyur)

Mesajda yazılıb: "Mən sənin haqını yeyə bilmərəm. Sadəcə bir şey mənim qəlbimə çox dəydi. Onu da Təranəyə dedim. Sənin borcunu isə qaytaracağam".

Növbəti mesaj: "Mən 10 min dolları mütləq verəcəyəm. 3 mini indi düzəldə bilmirəm. İnan Allaha alınmır. Bir az vaxt ver. 3 mini də verəcəyəm. BAĞIŞLA!"

Daha bir mesaj: "Mən 10 min dolları çatdıracağam. 5 min manatı 2 saata sizə göndərəcəyəm. 3 min manat isə sabah günorta, saat 15:00-da çatacaq sənə. Çünki məndə yox idi. Alacağım adam isə rektordur. Bağışla, səni də pis vəziyyətdə qoydum. Amma 5 mini göndərəcəyəm 2 saata, 3 mini də axtarıram. Düzəldən kimi, elə həmin gün hamısını göndərəcəyəm. Təki alınsın. Elə bu sözləri deməyə zəng vurmuşdum".

Bax, bu yazılanlar Eltonun mənim telefonuma göndərdiyi sms mesajlardır!

- Amma Eıton deyir ki, siz hər kəsə borclusunuz.

- Elton hələ əvvəlcə mənə olan borclarını qaytarsın, mən özüm öz borcumu ödəmişəm. Amma mənim sənə borcum olsaydı Elton, sənə borc verməzdim. Mesajlarını da oxudunuz. Bəli, Elton, sənin mənə 14 min dollar borcun var! İstəmirdim bunu deyəm, ancaq o, məni elə həddə gətirdi ki, mən bunu açıb dedim. O, kişiliyini mənə yox, arvadına sübut eləsin. Onun bu ədəbsiz, tərbiyəsiz, əxlaqsız açıqlamaları məni iyrəndirdi. Birinci mən hörmətsizlik etsəydim, elə efirdə canlı yayımda edərdim. Canlı yayımda sözümü kəsəsi deyildilər ki, onun haqında ağzıma gələni danışa bilərdim. Mən ona burdan müraciət edirəm, mənə az hədə-qorxu mesajları yazsın! Mən ona 1 həftə vaxt verirəm, bu vaxt ərzində mənim pulumu çatdırsın. Bəlkə mənim Eltona borcum var, heç bilmirəm!? Mən borca düşmüşəm, bunu da heç vaxt danmamışam. Hər zaman da demişəm, bəli, mənim borcum olub. Başıma çox problemlər gəlib və 250 minə yaxın borcum var idi. Həyatda hər kəsin borcu olur. Amma mən alnımın təri ilə halal pulumu qazanmışam və borcumu ödəyib qurtarmışam, Şükür Allaha!

- Eltonun “Onun kimi pozğunları yığışdırmaq lazımdır” iddiasını necə qarşıladınız?

- Pozğun da, səviyyəsiz də onun özü və arvadıdır! O, məni başqa şeylərə vadar eləməsin! Elə eləməsin ki, mən dövlət orqanlarına müraciət edim və onun başına başqa oyunlar açdırım! Getsin işi ilə məşğul olsun. Eltonun danışdığı sözlər və verdiyi bu müsahibəsi ilə bağlı onu məhkəməyə verəcəyəm. Qoy mənim pozğunluğumu sübut eləsin!

- Axı sizin münasibətləriniz yaxşı idi... Siz dost idiniz, nə oldu sizə?

- Bütün bunları Eltonun arvadı başlatdı, çıxıb efirdə qatıqladığına görə, belə söhbətlər oldu. Mən də dedim ki, getsin, arvadının ağzını yumsun, mənim disk daşıyanımın ağzını bağlasın. Əgər Elton yummasa, mən onun ağzını özüm bağlayacağam! Bizim davamız elə ona görə başladı. Eltonla münasibətimiz normal idi, heç bir problemimiz  yox idi. 

- Rəqsanə xanım, o deyir ki, yoldaşı din adamıdır. Yəni,  onlar sizə qarğış etməsə də, axır-əvvəl Allah sizin cəzanızı verəcək. Həqiqətən də şər-böhtan Allah qarşısında günah sayılır. Sizin açıqlamalarında yalanlar varmı?

- O, düz deyir, Allah özü bilir neyləyəcək! Mən ömrümdə heç kəsə böhtan atmamışam. Mən həyatda o qədər təmiz qəlbli bir insanam ki, mənə qarşı səhv addım atmış və ata biləcək insanları belə bağışlamışam.
Elton iddia edir ki, guya mən ona böhtan atıram, nə bilim, mənə borclu deyil və s. Ayıbdır! Utan Elton, deyirsən telefonum itib, nömrəm itib. Özünə hörmət qoy. Heyif, çox heyif! Səni tanımaq çox çətin bir məsələ imiş. Sən necə də dondan-dona girən bir insan imişsən! Mən daha söz tapmıram. Sadəcə olaraq,  sənə yazığım gəlir!

- Çox üzr istəyirik suala görə, amma bu məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır, çünki əlavə problemlər də yarada bilər. Sizin aranızda kişi-qadın münasibətiniz olubmu? Çünki hər ikiniz tərəfdən çox eyhamlı açıqlamalar gəldi....

- Mən o gün Day.az radiosunun qonağı olanda, radionun efirində danışdım və çox əsəbi idim. Sonra Milli.Az-a müsahibə verdim və o müsahibəmdə Tomanın (Eltonun həyat yoldaşı Tamilə Hüseynəliyeva-red) cavabını verdim. Çünki onda mənim davam Toma ilə idi, Eltonla yox! Amma mən əsəblərimi cilovlaya bilmədim və ola bilər ki, mən Eltona qarşı hər hansı bir sözləri işlətdim. Amma onun kişiliyi var, yoxsa yoxdur, bu, onun öz ailəsinə məxsusdur. Və onu mənə yox, ailəsinə sübut eləsin. Məni bu, maraqlandırmır. Siz ona bizim münasibətlərimiz barədə sual vermisiniz, Elton da cavabında birinci deyir ki, “ona kişiliyimi sübut eləmişəm”, sonra da deyir ki, biz yalnız dost olmuşuq. O, özü özünü dolaşdırır. Danışdığı cümlələrdən belə xəbəri yoxdur. 
Bizim yalnız dostluq münasibətimiz olub. Və ən azından mənim yanımda işləyənlər bilir ki, onun mənə borcu var.

- Maraqlıdır, bəs Elton o 14 min manatı sizdən nəyə görə borc edib?

- İnanın ki, mən əgər onun açıqlamasını versəm ... (fikirləşdi və heç nə demədi, sadəcə başını buladı). Mənim onsuz da Eltona yazığım gəlir. O, kişidir, hulqumunu unudub və ağzına gələnləri danışır. Amma mən çox danışmayacağam. Sadəcə bir söz deyəcəyəm, Allah sənin bəlanı versin! Mən qadın olsam belə, o 3-4 ay səninlə dostluq etdiyimiz müddətdə sənə hörmət edib, kömək eləmişəm.

- Elton deyir ki, sizin açıqlamalarınıza təəccüblənmir. Çünki siz hər zaman belə şeylərlə gündəmə gəlmisiniz.

- (Gülür) Mən heç vaxt belə şeylərlə gündəmə gəlməmişəm. Sən, Sumqayıtda toyları mənim mahnımla aparmısan. Sən gündəmdə olmayanda, arvadın mənim disklərimi daşıyırdı. Sən də o zaman sevinərək efirdə deyirdin ki, mən Rəqsanə ilə, Röya ilə mahnı oxuyacağam.

- Amma sonra söhbət gəzdi ki, siz birləşmisiniz və Röyaya qarşı çıxmısınız.

- Lənət sənə kör şeytan! Mən heç vaxt Röyaya qarşı çıxmaram. Mən Röyanı çox istəyirəm. Elton deyir ki, guya mən Allahımı tanımıram. Amma mən Allahımı tanıyıram və qurban olduğumun köməyi ilə bu yerə gəlib çatmışam. Elton isə Allahını tanımır, tanısaydı dini atıb, içkiyə başlamazdı. O vaxt Elton bizə qonaq gələndə, elə yaxşı sözlər danışırdı ki..., mən eşidəndə ki, o, araq içir, inanmadım. Allah böyükdür, əgər mənim onlara qarşı günahım varsa, qoy mən cəzamı çəkim. Yox, onların mənə qarşı səhvi varsa, qoy, onlar öz cəzalarını çəksinlər! Birinci onun arvadı mənim barəmdə “səviyyəsiz” sözünü işlətdi. Mən onda Eltona zəng vurub dedim ki, arvadın belə deyir. Elton isə Tomanın yerinə məndən üzr istədi. Sonra da mənə dedi ki, jurnalistlər yazıblar. Amma heç vaxt jurnalistləri yersiz yerə günahlandırmaq olmaz. Mən Eltonun o sözünə görə heç bir açıqlama vermədim. Elə Elton özü də bu barədə heç bir açıqlama verməmişdi. Onun susmağının qarşısında arvadı çıxıb açıqlama verdi və elə o danışmağı ilə də öz ərini pis vəziyyətdə qoydu. Verilişdə danışdıqdan sonra Elton mənə zəng vurub dedi ki, mən həmin vaxt onun yanında olmamışam. Elton arvadına deyib ki, sən Rəqsanə ilə çalışmısan, bəs niyə onun haqqında belə danışmısan? O da deyib ki, "Rəqsanə mənimlə işləyib!" Mən başa düşə bilmirəm, Toma, sən müğənni, mən isə prodüser idim? Mən canlı yayıma da çıxdım, istədiyim ifadələrə işlədə bilərdim, amma yenə də hər ikisinə hörmət elədim, danışmadım. O, indi çərçivədən danışır, amma bilsin ki, Azərbaycanda çox gözəl qanunlar var, dövlət var! O, dediyi “pozğun” sözlərinin bir nümunəsini də mənim telefonuma göndərib. Sonra da mənim prodüserimə zəng vurub, hədələyib - məni öldürəcəkmiş güya! Bunlara görə, o, məhkəmə qarşısında cavab verəcək. Mən bu gündən Eltonla yalnız məhkəmədə görüşəcəyəm!

mənbə: Milli.Az

OXŞAR XƏBƏRLƏR