Elza Seyidcahan: 'Dahi olmaq üçün gərək ölüm, mən yaşamaq istəyirəm' - MÜSAHİBƏ

MƏDƏNİYYƏT
14:52 22.02.2013
2859
-Elza Seyidcahan Allaha məktublar yazdığını açıqladı və bu, mətbuatda səs-küy doğurdu. Bu, gündəmdə olmaq üçün bir addım idi, yoxsa ortada həqiqətən də belə məktublar var?
- Yox əsla, reklam üçün deyil. Ailədə dörd qız idik, anam həmişə bizə deyirdi ki, pis hərəkət etsəniz, sizi kəsərəm. O, uşaq vaxtı bizdən Allaha məktub yazmağımızı istəyirdi. Məsələn mən texnikuma daxil olmaq istəyirdimsə, təxminən belə bir məktub yazırdım: “Ay, Allah, mən Elza Əhmədova sənə söz verirəm ki, filan tarixdə bu texnikuma qəbul olacağam.” İmza da çəkib, anama verirdim. İllər sonra bu məktubu tapmışdım. Bir aralar isə Allaha minnətdarlıq məktubu yazırdım və günahlarımın bağışlanmasını istəyirdim.
“FİKİRLƏŞİRDİM Kİ, TOYLARDA QARMON ÇALIB, PUL QAZANARAM”
-Elza xanım, günah işlətməkdən qorxduğunuzu deyirsiniz, amma maraqlıdır ki, hər zaman qalmaqallarla və həmkarlarınıza atdığınız atmacalarla gündəmdəsiniz.
- Belə bir hikmətli söz var: Lazım olan yerdə hamı sussa belə sən nəinki danış, hətta möhkəmdən çığır. Danışmaq lazım olmayan yerdə hamı danışsa belə, səs sus. Niyə də danışmayım?! Dilim və sözüm var, deyirəm. Allah adamı odur ki, pislik etməsin. 
-Sizə pislik edənlərin cavabını necə verirsiniz?
-Mənə pislik edənlərə sözümü deyirəm, amma ona pislik etmirəm, kin saxlamıram. Mən sözümü balama da, bacıma da deyirəm. Ola bilər bir adamla aramda qalmaqal olsun, amma ona qarşı kin saxlamaram. Çünki belə olan halda həm yaza bilmərəm, həm də  gözəl qalmaram. Ruhum təmiz olmalıdır ki, işləyə bilim.
-Son zamanlar bəstəkarlıqdan əlavə çoxlu şeirlər də yazırsınız.
-Əslində mən şairlikdən bəstəkarlığa keçmişəm, uşaqlıqdan şeirlər yazırdım. Satirik üslubda bir maraqlı şeirim var idi, birini də anam üçün yazmışdım, daha sonra şeirlərimə musiqi bəstələməyə başladım.  Anam bu istedadımı gördüyü üçün məni fortopiano üzrə təhsil almağa məcbur etdi. Mən qarmon çalmağı istəyirdim, çünki mən fikirləşirdim ki, qarmon çalıb, toylara gedərəm. 
“QALOŞ GEYİNƏNDƏ NİYƏ MƏNƏ GÜLÜRDÜLƏR?”
-Son zamanlar ancaq qaloş tipli ayaqqabılar geyinirsiniz və bu səbəbdən tez-tez tənqid olunursunuz. 
-İsveçdə, İtaliyada, Türkiyədə də belə tipli çəkmələr var. Qaloş bizim nənələrimizdən qalıb. Dünya təcrübəsində də kənd təsərrüfatında istifadə olunan ayaqqabıları müasir şəkildə satışa çıxarırlar. Bizim də bir çarığımız, bir də qaloşumuz olub. Mənim geyindiyim ayaqqabılar da müasir tiplidir. İndi hamı baxır və çox bəyəndiyini deyir. Maraqlıdır , bəs ötən il qaloş geyinəndə niyə mənə gülürdülər? İndi görürlər ki, özlərinə gülüblər. Dünya artıq bizim qaloşları modernləşdirib. İnsan düşünməyi bacarmalıdır. Əgər düşünə bilmirsə, heç olmasa düşünənlərə gülməməlidir. O insanlara səslənirəm ki, 10-a qədər sayıb sonra gülsünlər. 
“MƏN ÖZ MAHNILARIMI OXUYANDA İLHAMƏ QULİYEVADAN İCAZƏ ALIRAM”
-Xalq artisti İlhamə Quliyeva möhürünü vurduğu mahnıları oxumağı qadağan edib. Elza xanımın buna münasibəti?
-İlhamə xanım məndən böyükdür, mən də onun mahnılarını ifa edərkən xalq artistindən icazə alıram. Hətta öz “Ağ çiçəyim” mahnımı da oxuyarkən ondan icazə almışam. 
-Öz mahnınız olduğu halda, nə üçün İlhamə xanımdan icazə almaq gərəyi duymusunuz?
-Çünki bu mahnını mən onun üçün bəstələmişəm. Bu mahnını ifa edəndə o mənə söyləmişdi ki, harasını bəyənmədinsə, de bir də oxuyum. Xahiş edirəm İlhamə xanım mənə qadağa qoymasın. Onsuz da nə mən, nə də başqası onun kimi oxuya bilməyəcəyik. 
- Yalçın Rzazadə söyləmişdi ki, Elza Seyidcahan  fərqli janrda oxuyur, amma kaş ki, özünə dahi deməsəydi.
- Mən özümə heç vaxt dahi deməmişəm. Yalçın müəllim bilməlidir ki, Elza Seyidcahan elə təbəqəyə sahib adam deyil ki, özünə dahi desin.  Dahinin yaşı olmur, elə dahilər var ki, biz gözləyirik onlar ölsün sonra biz onun dahi olduğunu etiraf edək.  Qara Qarayev də öz dövründə bizim kimi insan idi. Onunla da vuruşurdular, iradlar tuturdular, lağa qoyurdular. Amma hazırda həmin insanlar əsl dahilərdir. 
-Dediyinizdən belə çıxır, yalnız insanlar öldükdən sonra onların dahi olduğunu başa düşürlər?
-Mən özümə dahi demərəm, çünki dahi olmaq üçün gərək ölüm. Ölümü isə arzulamıram, istəyirəm uzun yaşayım. Mənim tamaşaçılarım bilir ki, Elza xanım heç vaxt dar düşüncəli olub özünə dahi deməz. Ən azından mənim müəllimlərim çox sadədir. Dahi insan edir və əslində nə qədər böyük bir iş gördüyünü bilmir. Əgər mən dahi olmaq üçün nəsə etsəm, heç vaxt yarada bilmərəm. İnsanlar ona görə dahi olmur ki, bir əldə beş qarpız tuturlar. Oturduqları yerdə istəyirlər həm Elza Seyidcahan, həm Qənirə Paşayeva, həm də Zeynəb Xanlarova olsunlar. Başa düşmürlər ki, hamısını etmək mümkün deyil. Mən bu gün özümə dahi demirəm, amma zaman göstərəcək ki, Elza dahi idi, yoxsa yox.
-Yaradıcılığınızla bağlı da yenilikləriniz var. Bu yaxınlarda şəhid ailələrinə konsert verəcəksiniz. Tədbirdə hansı ulduzlar iştirak edəcək? 
-Böyük bir layihədir, 8 mart Qadınlar Günündə bu konsert reallaşacaq. Konsertdə şəhid ailələri və ulduzlar olacaq. Biz istəyirik ki, həmin günü şəhid ailələrinin az da olsa könlünü şad edək. Konsertdə əsasən millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələnən mahnılar üstünlük təşkil edəcək. Xalq və türk mahnıları da olacaq. Bir sözlə, hər kəs “şok”a düşəcək. 
Çinarə Nurməmmədova

OXŞAR XƏBƏRLƏR