Müasir dövrdə hələ də minlərlə insan əmək müqaviləsi bağlanmadan, qeyri-rəsmi şəkildə çalışır. Belə hallarda işçi əməkhaqqının ödənilməməsi, əsassız işdən çıxarılma, məzuniyyət və digər əmək hüquqları ilə bağlı problemlərlə qarşılaşdıqda hüquqlarını necə müdafiə edəcəyini bilmir.
Əmək müqaviləsi olmadan işləyən şəxs öz əmək münasibətlərini necə sübut edə və hüquqlarını necə qoruya bilər?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, müasir dövrdə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi qanunun tələbidir:
"Buna baxmayaraq, bəzi işəgötürənlər işçiləri əmək müqaviləsi bağlamadan, qeyri-rəsmi şəkildə işlədirlər. Bu isə işçilərin əməkhaqqı, məzuniyyət, sosial sığorta, iş stajı və digər əmək hüquqlarının pozulmasına səbəb olur. Əmək müqaviləsi bağlanmasa belə, şəxs faktiki olaraq işlədiyini müxtəlif sübutlarla təsdiq edə bilər. Belə sübutlara şahid ifadələri, bank köçürmələri, yazışmalar (WhatsApp, e-mail və s.), iş qrafikləri, video və foto materiallar, giriş-çıxış qeydləri, işə dair sənədlər və digər faktiki məlumatlar aid edilə bilər. Məhkəmə bu sübutları qiymətləndirərək tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu müəyyən edə bilər”.
Elnur Məmmədov vurğulayıb ki, işçi hüquqlarının pozulduğunu hesab etdikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə, habelə məhkəmədə əmək münasibətlərinin müəyyən edilməsi, ödənilməmiş əməkhaqqının, istifadə edilməmiş məzuniyyət haqqının və digər qanuni ödənişlərin tutulmasını tələb edə bilər:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsinə görə işəgötürən inzibati məsuliyyət daşıyır. Bundan əlavə, əmək müqaviləsi bağlamadan işçilərin işlədilməsi nəticəsində vergidən və məcburi dövlət sosial sığorta ödənişlərindən yayınma halları olduqda, qanunvericiliyə uyğun olaraq daha ağır, o cümlədən cinayət məsuliyyəti də yarana bilər. Qeyd olunanlardan da göründüyü kimi, əmək müqaviləsi olmadan işləyən şəxs hüquqsuz hesab edilmir. Faktiki əmək münasibətlərini sübut edə bildiyi halda, qanunla nəzərdə tutulmuş bütün əmək hüquqlarının bərpasını və pozulmuş hüquqlarının müdafiəsini tələb etmək imkanına malikdir”.