Emin Ağalarovun musiqi albomunun Londonda satışı başlanacaq

ŞOU-BİZNES
11:56 26.03.2011
1903

Gələn həftədən Böyük Britaniyada musiqi sahəsində Azərbaycanın adı xüsusi yerdə olacaq - həmyerlimiz, gənc bəstəkar və müğənni Emin Ağalarovun timsalında. Çünki martın 28-dən etibarən onun Londonda “Wonder” adlı albomunun satışı başlayacaq. Albomda yer almış 12 mahnıdan 9-nun müəllifi Emin Ağalarovun özüdür.

Artıq London metrostansiyalarının girişləri, ictimai nəqliyyatın hərəkətinin gur olduğu yerlərdə gənc bəstəkar və müğənninin posterləri asılıb.

Müğənni bu barədə ANS telekanalına danışıb. O, bu albomun İngiltərədə yazıldığını deyib: ““Wonder” orada proqress olunub. Mən bu albomdakı əksər mahnıların müəllifiyəm. Bu alboma həyatımın 2 ilini, musiqiyə isə son 15 ilimi sərf etmişəm. Mənim üçün uğur insanlar tərəfindən mahnılarımın, səsimin tanınmasıdır”.

Qeyd edək ki, Emin Ağalarovun “Obvious” hiti bu günlərdə Britaniya radiostansiyalarının hit-paradlarında lider mövqedədir. Britaniyanın BBC-2 radiostansiyası bu mahnını hər gün bir neçə dəfə səsləndirir. Bu gün isə Emin Ağalarov “Obvious” mahnısını Britaniyanın İTV telekanalında da canlı ifa edib. Onun “Wonder” diski artıq bir sıra ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və təbii ki, Azərbaycanda musiqisevərlərə təqdim edilib. Bəstəkar və müğənninin hədəfi indi digər ingilis dilli ölkələrdir.

Emin Ağalarov yaxın 2-3 ayı Böyük Britaniyaya sərf etmək niyyətində olduğunu söyləyib: “Düşünürəm ki, bu çox mühüm bazarlardan biridir və bunu bütün Avropa izləyir. Əgər sən buradakı radiolardasansa və insanlar sənin mahnılarını sevir və musiqilərini tanıyırlarsa, onda sənin mahnıların avtomatik olaraq Almaniya, Fransa İspaniya və sair Avropa ölkələrinin radiostansiyalarında səsləndirilir. Bu gün mənim “Obvious” adlanan mahnım BBC radiosunun mərkəzi pley-listinə daxil olub. Onlar mənim mahnımı səsləndirirlər. Bu mahnını 60 milli regional stansiyalar səsləndirir. Ötən həftə isə İngiltərədə səsləndirilən 25 mahnının içində olub”.

Musiqiçi yeni albom barədə də düşünür. Düzdür, hələlik yeni albomda Azərbaycan haqqında və ya Azərbaycan bəstəkarlarının mahnılarının yer alacağı planlaşdırılmır. Amma gələcəkdə Azərbaycan haqqında mahnılar oxusa, o, mütləq Müslüm Maqomayevin repertuarına müraciət edəcək.

Emin Ağalarov hal-hazırda belə planlarının olmadığını deyir: “Əgər siz sualı Azərbaycanın xaricdə tanıdılması məqsədiylə verirsinizsə, mən bunu mahnılarla yox, daha çox Azərbaycandan olmağım barədə dialoqlarla edəcəyəm. Mən azərbaycanlıyam və ingilis dilində, beynəlxalq dildə mahnılar ifa edirəm. Bu mahnıları özüm bəstələyirəm və bu mahnılar başqa müəlliflərin deyillər. Növbəti albomdan desək, burada yenə də mənim öz bəstələdiyim mahnılar olacaq”.

OXŞAR XƏBƏRLƏR