Biz işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başladıqda haradan başlamaq, necə davam etdirmək kimi məsələrlə bağlı hazır bir yol xəritəsi yox idi. Bu isə böyük qeyri-müəyyənlik və çətinliklər yaradırdı.
Bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, son beş ildə Azərbaycan bu prosesdə bir növ özünü kəşf etmə mərhələsini keçib:
" Ən önəmli dərslərdən biri isə odur ki, biz yeni bir bacarıq qazandıq – tamamilə dağıdılmış, uzun müddət məhv edilmiş yaşayış mühitini necə bərpa etməyi öyrəndik. Bunu həm səmərəli, həm effektiv, həm də dayanıqlılığı təmin edəcək formada etdik.
Əlbəttə, biz müxtəlif beynəlxalq təcrübələrə, ən yaxşı praktik nümunələrə baxdıq. Amma başa düşdük ki, Azərbaycana hazır şəkildə tətbiq oluna biləcək tək bir model yoxdur. Deməli, biz öz yanaşmamızı, öz bərpa modelimizi yaratmalı idik. Məhz cənab Prezidentin başladığı yol budur – 5 mərhələdən ibarət konkret bir yol xəritəsi”.
O birinci mərhələnin planlaşdırma olduğunu bildirib:
"Planlaşdırmaya mümkün qədər çox vaxt sərf etdik. Çünki düzgün planlama uğurlu icranın açarıdır. Nə qədər düşünülmüş plan olsa, prosesdə dayanma və səhvlər də bir o qədər az olar.
İkinci mərhələ minalardan təmizləmə idi. Azad olunmuş ərazilərdə qarşılaşdığımız ən böyük problemlərdən biri budur. Minalardan təmizləmə irəlilədikcə, üçüncü mərhələ, yəni əsas infrastrukturun qurulması başladı. Daha sonra sosial-iqtisadi infrastruktur yaradıldı. Nəhayət, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesi başladı.
Bu 5 mərhələli yanaşma olduqca vacibdir. Son 5 ildə biz böyük irəliləyiş əldə etmişik. Proses davam edir, amma artıq 50 minə yaxın insan azad olunmuş ərazilərdə yaşayır və işləyir. Yeni şəhərlər, kəndlər, məhəllələr, yaşayış məntəqələri salınır, iqtisadi fəaliyyət canlanır, tələbələr təhsil almağa qayıdır. Bir sözlə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır”.
\apa