Endokrinoloji Mərkəzin rüşvət alan vəzifəli şəxslərinə cinayət işi açıldı

Endokrinoloji Mərkəzin rüşvət alan vəzifəli şəxslərinə cinayət işi açıldı
KRİMİNAL
11:43 18.03.2025
216
Respublika Endokrinoloji Mərkəzinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

"Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda deyilir.

Bildirilib ki, toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR