Energetik içkilər – nə zaman faydalı və nə zaman zərərlidir?

SAĞLAMLIQ
13:07 25.11.2019
9173

Son zamanlar energetik içkilərin zərərli olması ilə bağlı mübahisələr səngimir.

Biz isə məsələ ilə bağlı tərəflərin əsaslarını gözdən keçirərək, baş verənlərə obyektiv qiymət verməyə çalışmışıq.

TƏRKİBİ HAQQINDA

Əvvəlcə energetiklərin tərkibinə daxil olan əsas komponentlərə nəzər salaq. Bildiyiniz kimi, bütün energetik içkilərin əsasını qəhvə, çay, kakao, yerba mate, quarana, kola və s. bitkilərə daxil olan və təbii alkaloidlərə aid edilən KOFEİN, MATEİN, TEİN, QUARANA, habelə B qrupu vitaminlər, L-karnitin və jenşen təşkil edir.

Kofein mərkəzi sinir sistemini stimullaşdırır, eyni zamanda ürək əzələlərinin davamlılığını artıraraq onların işini gücləndirir. Tibdə bu maddə başağrısı və miqrenə qarşı dərman vasitələrinin tərkibində, o cümlədən soyuqdəymədə nəfəs və ürək fəaliyyətinin stimullaşdırıcısı kimi, zehni və fiziki fəaliyyətin artırılmasında, süstlüyün aradan qaldırılmasında geniş istifadə olunur.

L-karnitin xüsusi olaraq fiziki yüklənmələr zamanı orqanizmin tonusunu və əzələlərin davamlılığını artırır. Matein aclıq hissini azaldır, orqanizmə əlavə güc verən jenşen və quarana onu xeyli canlandırır. В qrupu vitaminləri – insanın əsas orqanlarının işini tənzimləyən ən önəmli vitaminlərdir. Buna misal olaraq, B6 vitamini orqanizmin fasiləsiz enerji mənbəyi olan vacib qlikogenin qaraciyər tərəfindən ifraz olunmasına yardım edir, eyni zamanda ürək-damar sisteminə müsbət təsir göstərir, B12 vitamini, öz növbəsində, qanyaradıcı prosesində iştirak edən dəmirin orqanizm tərəfindən mənimsənməsini stimullaşdırır.

VACİB MƏQAM

Unutmayın ki, energetik içkilərin iki növü mövcuddur və bu məqama xüsusi diqqət yetirmək lazımdır. Gündəlik gərgin məşqlər zamanı idmançılar tərəfindən qəbul edilən xüsusi növ energetik içkilər peşəkar idmanla məşğul olmayan və çox böyük yüklənmələrə məruz qalmayan insanlar üçün heç də faydalı deyil.

Qeyri-idman energetik içkilərinə gəldikdə isə, onları gənclər, adətən, imtahan sessiyası, uzun yorucu səyahət zamanı, diskotekada, gərgin iş prosesində istifadə edirlər. Bununla belə, istehsalçılar gün ərzində iki bankadan artıq içkinin istifadəsini məsləhət görmürlər.

 

 


Sözügedən içkilərin şəkərli diabet və hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkənlər tərəfindən istifadəsinin zərərli olduğunu unutmamaq lazımdır. Eyni zamanda, uşaqlar, hamilə qadınlar, depressiyadan əziyyət çəkən insanlar və yaşlılar tərəfindən istifadəsinə əks-göstərişlər mövcuddur.


QAYIDAQ ENERJİ İÇKİLƏRİNİN TƏRƏFDARLARI VƏ ƏLEYHDARLARI MÖVZUSUNA

Enerji içkilərinə qarşı çıxış edənlər, adətən, bu içkilərə guya qadağa qoyulmuş bəzi Avropa ölkələrinə (Böyük Britaniya, Danimarka, Norveç, Fransa və b.) və ABŞ-a istinad edirlər. Gəlin, məsələyə daha ətraflı baxaq.

Söhbət ondan gedir ki, 1998-ci ildən 2006-cı ilə qədər Fransada həqiqətən energetik içkilər qadağan olunmuşdur. Fransanın Səhiyyə Nazirliyi o zaman taurin və yüksək kofeinli içkilərə qadağa qoymuşdur. İstehsalçılar buna dərhal reaksiya göstərdi. Onların bir qismi içkinin düsturunun dəyişdirilməsinə əl ataraq, nəinki kofeinin miqdarını 100 ml-də 15 mq-a qədər azaltdı, hətta taurini bənzər xüsusiyyətlərə malik digər amin turşusu – L-karnitinlə əvəz etmək qərarına gəldi. Eyni vaxtda istehsalçılar birliyi qadağanın əsassız olduğunu göstərərək, məhkəməyə müraciət etdi. Axı energetik içkilərlə müqayisədə kofeinin ən sevilən içkilər olan çay və qəhvənin tərkibində daha yüksək dozalarda olduğunu heç kim inkar edə bilməz. Taurinə gəldikdə isə, o, ümumiyyətlə təhlükə mənbəyi sayıla bilməz, çünki bütün bioloji orqanizmlərin ayrılmaz tərkib hissəsidir. Məhkəmə işi uzun müddət davam etdi vənəticədə Fransanın Konstitusiya Məhkəməsi heç bir elmi əsaslara söykənməyən və hüquq bərabərliyini pozan (əks təqdirdə qəhvə də qadağan olunmalı idi) qadağanı aradan qaldırdı.

Araşdırma tələb edən digər məsələyə toxunaq. Yaxın zamanlarda bəzi ölkələrdə uşaqların energetik içkilərdən istifadəsinə qadağa qoyulub. 2016-cı ildə sözügedən qadağaya əl atan Latviya və Estoniya bu ölkələr sırasındadır. Rusiyanın bir sıra regionunda da analoji qadağa mövcuddur. Ancaq siyahı bu ölkələrlə məhdudlaşır.

 

 


Mövzunun mahiyyətini nəzərə alaraq, qeyd olunanların əksinə bəzi beynəlxalq mənbələrin rəylərini bildirmək istəyirik.

Belə ki, Energy Drinks Europeassosiasiyası bildirir ki, dünyanın heç bir ölkəsində energetik içkilərə qadağa yoxdur. Buna etibar etmək olar, əgər hesaba alsaq ki, energetiklərin istifadəsi statistikası ABŞ və Avropa ölkələrini əhatə edir və bu rəqəmlər Azərbaycandakı göstəriciləri bir neçə dəfə üstələyir.

Böyük Britaniya Səhiyyə Nazirliyi Komitəsi (United Kingdom Committee on Toxicity), öz növbəsində, energetik içkilərin uşaq və yeniyetmələr üçün nəzərəçarpan risk daşıdığını göstərən heç bir dəlilin olmadığını qeyd edir.

 

2018-ci ilin noyabr ayında İsveçin Qida Məhsullarının Təhlükəsizliyi üzrə Milli Agentliyi (Swedish Livsmedelsverket (National Food Agency, NFA))energetiklərin təhlükəsizliyi məsələsini araşdırmış və belə nəticəyə gəlmişdir ki, uşaq və yeniyetmələr arasında kofeinin yeganə mənbəyinin energetiklərin olmadığını nəzərə alaraq, bu içkilərin hər hansı şəkildə məhdudlaşdırılması kofeininin istifadəsinə cüzi təsir göstərə bilər. Yəni, energetik içkilərin qadağan olunması və ya məhdudlaşdırılması kofeinin istifadəsinin azaldılması istiqamətində effektiv tədbir sayıla bilməz.

 

2019-cu ilin fevral ayında Norveçin Qida Məhsullarının Təhlükəsizliyi İdarəsi (Norwegian Food Safety Authority - NFSA) uşaqlar üçün energetiklərə qadağaların tətbiqinin həddindən artıq sərt olduğu və problemin mahiyyətinə mütənasib olmadığı haqqında rəyini açıqlamışdı.

 

HANSI QƏNAƏTƏ GƏLMƏK OLAR?

Unutmamalıyıq ki, gündəlik həyatımızda qəbul etdiyimiz hər şey miqdarından asılı olaraq faydalı və zərərli ola bilər. Həddi-buluğa çatmış hər kəs öz sağlamlığının qayğısına qalmaq iqtidarındadır və əks-göstərişlər olmadığı halda tövsiyə olunan miqdarda energetik içkilərdən istifadə etmək hüququna malikdir.

2020-ci il yanvarın 1-dən Azərbaycanda energetik içkilərlə bağlı yeni qaydalar qüvvəyə minir. Odur ki, məsələnin mahiyyətini və mövzu ilə bağlılığımızı nəzərə alaraq, hər kəsi narahat edən məqamlara aydınlıq gətirməyi və obyektiv qiymət verməyi özümüzə borc bildik.

OXŞAR XƏBƏRLƏR