“English-Azerbaijani Dictionary for All” adlı lüğət nəşr edilib

GƏNCLİK
14:25 15.05.2012
1804
Sabah Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası müəllimlərinin hazırladığı “English-Azerbaijani Dictionary for All” adlı lüğətin təqdimat mərasimi keçiriləcək. ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə 10-a yaxın ali təhsil ocağından nümayəndələr iştirak edəcək.
“English-Azerbaijani Dictionary for All” adlı lüğət Azərbaycanda ilk dəfə olaraq nəşr edilən 150.000 sözü əhatə edən ingiliscə-azərbaycanca olan lüğətdir. Lüğət bu vaxta qədər yazılmış lüğətlərdən bir sıra fərqli xüsusiyyətlərə malikdir. Müəlliflər kitabı “Dictionary for All”, yəni hamı üçün daha sadə və anlaqlı etmək üçün səy göstəriblər. Lüğətdə elm və texnikanın inkişafı ilə əlaqədar yaranan yeni sözlər də öz əksini tapıb. Bu lüğətdən müstəqil şəkildə dil öyrənənlər, bütün təhsil müəssisələrində təhsil alanlar və ingilis dilini tədris edənlər, o cümlədən tərcüməçilər, həmçinin diplomatik korpusların nümayəndələri faydalana bilərlər.
Qeyd edək ki, təqdimat mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov giriş sözü ilə çıxış edəcək. İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva rəhbərlik etdiyi kafedra əməkdaşlarının nəşr etdirdikləri elmi ədəbiyyatlardan danışacaq. Lüğət haqqında isə müəlliflər söhbət açacaq.

OXŞAR XƏBƏRLƏR