Ərdoğan İsrail - Fələstin müharibəsi ilə bağlı mövqeyini açıqladı

Ərdoğan İsrail - Fələstin müharibəsi ilə bağlı mövqeyini açıqladı
DÜNYA
00:09 10.10.2023
3730
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail - Fələstin müharibəsi ilə bağlı mövqeyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə o "Facebook” hesabında yazıb.

Ərdoğan İsrail administrasiyasından Fələstin torpaqlarını, xüsusən də Qəzzəni bombardmanlarını dayandırmasını və fələstinlilərdən İsraildəki mülki yaşayış məntəqələrinə qarşı təzyiqləri dayandırmasını istəyib: 

"Aydındır ki, Fələstin xalqını daim sıxışdırmaqla, can və mal təhlükəsizliyinə məhəl qoymayaraq, evlərini və torpaqlarını ələ keçirməklə, infrastrukturunu dağıtmaqla, inkişafının qarşısını almaqla bölgədəki problemi həll etmək mümkün deyil. Belə yanaşma yalnız iğtişaşların dərinləşməsi, hər iki tərəfdə davamlı qan tökülməsi nəticəsində yaranan münaqişələrin artmasına gətirib çıxaracaq və son nəticədə sülh axtarışları həmişə məyusluqla yekunlaşacaq. İsrailin Fələstin xalqının fundamental hüquqlarını heçə sayan yanaşması son hadisədə də göründüyü kimi öz xalqının təhlükəsizliyini də təhdid edir.  Biz İsrail təhlükəsizlik qüvvələrinin və qeyri-qanuni məskunlaşanların fələstinlilərə etdiyi zülmə, qəddarlığa, qətllərə qarşı olduğumuz kimi, İsrail vətəndaşlarına qarşı təsadüfi hərəkətlərə də qarşıyıq. Qəzzanın qeyri-mütənasib hava və quru hücumları ilə dağıdılması, məscidlərin bombalanması, günahsız uşaqların, qadınların, qocaların və mülki şəxslərin həlak olması tamamilə qəbuledilməzdir. Əgər İsrail şəhərlərinə qarşı aksiyalarda oxşar mənzərələr baş veribsə, biz onları qətiyyən bəyənmirik. İsrail administrasiyasından Fələstin torpaqlarını, xüsusən də Qəzzəni bombardmanlarını dayandırmasını və fələstinlilərdən İsraildəki mülki yaşayış məntəqələrinə qarşı təzyiqləri dayandırmasını xahiş edirik. Bu mülayim addım həm də sülhün qapısını açacaq”.

O, hər iki dövlətin başçısı ilə mütəmmadi əlaqə yaratdığını və sülhün bərqərar olması üçün hər cür səyi göstərəcəklərini vurğulayıb:

"Gün dövlət ağlı, soyuqqanlılığı və insan vicdanı ilə hərəkət etmək günüdür. Bildirmək istərdim ki, tərəflər tələb edərsə, Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən əsir mübadiləsinə hazırıq. Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardım materiallarının tədarükü üçün də lazımi hazırlıqları görürük. Bu gün Fələstin Prezidenti cənab Abbas və İsrail Prezidenti cənab Hersoqla çox məhsuldar telefon danışıqlarım oldu. Yenə bu gün Qətər əmiri cənab Şeyx Təmim, Livanın baş naziri cənab Mikati və Malayziyanın baş naziri cənab Ənvər İbrahimlə görüşdük və axan qanı necə dayandıra biləcəyimizi müzakirə etdik. Biz ümid edirik ki, diplomatik əlaqələrimizi artırmağa davam edəcəyik və münaqişələrin tezliklə dayandırılması və sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyik”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR