APA-nın məlumatına görə, buna səbəb İran prezidenti Mahmud Əhmədinejadın Fars körfəzində yerləşən Əbu Musa adasında görüş keçirməsidir. M. Əhmədinejadın bu adaya səfəri BƏƏ-nin narazılığına səbəb olub. Buna etiraz olaraq, əmirlik Tehrandakı səfirini geri çağırıb. BƏƏ xarici işlər naziri Abdulla bin Zahid əl-Nəhyan isə deyib ki, M. Əhmədinejadın Əbu Musa adasına səfəri BƏƏ ilə İran arasında mübahisəli 3 ada məsələsinin sülh yolu ilə həllinə ziddir: “Bu ada BƏƏ-nin torpaqlarıdır. İran prezidentinin Əbu Musaya səfəri adanın bu statusunu dəyişdirə bilməz”. Qeyd edək ki, Əbu Musa, Kiçik və Böyük Tonb adaları BƏƏ Böyük Britaniyadan müstəqillik qazanandan sonra İranın nəzarəti altına keçib. İranla imzalanmış müqaviləyə əsasən, Əbu Musa adası hər iki ölkə tərəfindən ortaq idarə olunmalıdır. Lakin BƏƏ iddia edir ki, 1991-ci ildən İran Əbu Musa adasını tamamilə öz nəzarəti altına alıb, orada hava limanı və hərbi baza yaradıb.