‘Ərindən küsən gəlir, oxuyur’ - İzzət Bağırov

MAQAZİN
12:47 21.10.2013
2114

Onu 22 il əvvəl "7-17" televiziya müsabiqəsində necə görmüşəmsə, elə də qalıb. Bəzi kişi müğənnilər kimi, gündəmdə qalmaqdan ötrü min cür dona girməkdən çox uzaqdır. Hətta bir ara türk mahnıları oxumağa üstünlük versə də, indi həmin "şakəri"ni də unudub. Professional səhnəyə addım atdığı günlərdə qazandığı populyarlığı bu gün də saxlayanİzzət Bağırovla söhbətimizdə müğənnilik sənətininin bugünkü vəziyyətindən və özü ilə bağlı bəzi məqamlardan danışdıq. İzzət Bağırov 1976-cı il may ayının 17-də Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar, xanəndəlik sinfini və İncəsənət Universitetinin musiqili teatr fakültəsini bitirib. - İzzət, "7-17" televiziya müsabiqəsi sənin yaradıcılıq fəaliyyətində bir növ yaşıl işıq rolunu oynadı. Həmin müsabiqənin laureatlarından indi üzdə olan təkcə sənsən. Bu uğurunu nə ilə əlaqələndirirsən? - "7-17" müsabiqəsində qalib gəlməyim mənim sonrakı fəaliyətimə bir növ xeyir-dua oldu. Həmin müsabiqədə istedadlı uşaqlar çox idi. Hesab edirəm ki, mənim "naxışım" tutdu. Bu gün də müxtəlif mahnı müsabiqələri keçirilir. Hər dəfə də 10-15 "ulduz" istehsal olunur. Amma nə olsun? Sonra ikinci "yeni ulduz" çıxır və birinci artıq unudulur. Əgər mən də "7-17"-də qalib olandan sonra heç bir iş görməsəydim, İzzət Bağırov olmazdım. Bakı Dövlət Sirkində "7-17" müsabiqəsi keçirirdilər, yaxud indiki Heydər Əliyev adına Sarayda camaatın gözü qabağında Əlibaba Məmmədov, Arif Babayev, Məmmədbağır Bağırzadə kimi sənət adamları jüridə oturub bizə qiymət verirdilər. Amma indi gəlib oxuyursan, qohumlar da sənə SMS göndərirlər və gəlib "yeni ulduz" olursan. İndi ulduz olmağa nə var ki? Bu il mən artıq 22-ci ildir ki, sənətdəyəm və məni ayaqda saxlayan sənətimdir. Odur ki, əgər ikinci dəfə də dünyaya gəlsəydim, yenə müğənni olardım. - Bugünkü müğənnilərin əksəriyyətindən fərqli olaraq, sən diplomlu müğənnisən... - Mənim ixtisasım elə musiqi olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin həm tar, həm də xanəndəlik sinfini bitirmişəm. Xanəndə sinfində bizə Əlibaba Məmmədov, vokalda Ziya Bağırov dərs deyib. Sonra Musiqi Akademiyasına sənəd verdim, qəbul olunsam da, orada oxumadım. Adlarını çəkmək istəmədiyim gözəl sənətkarlarımız mənə dedilər ki, orada təhsil aldığım 5 il müddətində efirə çıxmamalıyam, toylara getməməliyəm. Bu da mənə sərf etmirdi. Çünki 5 il efirə çıxmasaydım, toylara getməsəydim, yaddan çıxardım. Çünki o vaxtlar artıq tanınırdım və istəmirdim ki, yerimi kimsə tutsun. Bir diploma görə əziyyətlə qazandıqlarımı itirə bilməzdim. Ona görə də Musiqi Akademiyasında oxumaqdan vaz keçdim. Sonra İncəsənət Universitetinə daxil oldum. Mənim üçün fərqi yox idi, istər İncəsənət Universiteti, istərsə də Musiqi Akademiyası olsun, əsas diplomdur. Ali təhsili olmayanları o vaxt dövlət tədbirlərinə çağırmırdılar. Diplom deyəndə də ki, hər iki yerdə eyni təhsil verirlər. İncəsənət Universitetində Yaşar Səfərov mənə vokal dərsi keçib. Düzdür, bu gün diploma baxan yoxdur. Kimi gəldi dövlət tədbirlərinə buraxırlar. Yerindən duran, ərindən küsən gəlir oxuyur... Oxumaq indi heç nə olub. Amma dəxli yoxdur, sənətkar sənətkardır və özünü gündəmdə saxlamağı bacarır. - Səndən sonra gələnlərə fəxri adlar verildi, amma sənə düşmədi. - Verilmədi. Hələ ki, vermədilər. Vermədilər, Allah canlarını sağ eləsin. - Bəzi müğənnilər gündəmdə qalmaq üçün qalmaqallar yaradırlar. Amma hələ ki, səninlə bağlı qalmaqal eşitməmişik. Bunlardan qaçmağı necə bacarırsan? - Mən bu vaxta kimi deməmişəm və demərəm də ki, mənim hansısa müğənnidən xoşum gəlmir. Deyərəm ki, hamısından xoşum gəlir, oxuya biləndən də, bilməyəndən də. Çünki yoldaşlıq edirik, toylarda, konsertlərdə görüşürük. Atalar məsəli var: "Dağ dağa rast gəlməsə də, insan-insana rast gəlir". Sadəcə, mənliyi və şəxsiyyəti olmayanlar bir-birilərinin dalınca danışmaqla qalmaqal yaradırlar. - Müşviq Şahverdiyev sənə yaman "ilişir". Xətrinə dəymir ki? - Mən icazə vermişəm. Burada nə var ki? Müşviqin məni parodiya etməsi özümə ləzzət edir və xoşuma da gəlir. Deməli, mən gündəmdəyəm və populyar olduğum üçün məni parodiya edirlər. - Nə üçün Az.TV-də tək-tək hallarda görünürsən? - Orada elə böyük musiqi proqramları yoxdur ki, əziyyət çəkim, konsert yazdırım, onu da gecə saat 4-də yayımlasınlar. Nəyimə lazımdır? - ATV-də veriliş aparırdın, onu nə üçün bağladın? - Çünki həm işlərim yarımçıq qalırdı, həm də özüm çox yorulurdum. Nə vaxta kimi eyni ssenaridə veriliş aparmaq olar? Əgər aktyor və ya aparıcı olsaydım, ayrı məsələ. - Nə vaxtdır, albom da buraxdırmırsan, maliyyə vəsaitin yoxdur, yoxsa başqa səbəb var? - Albom buraxdırmaq sərf etmir. Mən bir mahnını min dollara alıram və o cümlədən 500 dollar mahnının hazırlanmasına, 500 dollar da musiqiçilərə verirəm. Və bir kasset mənə 20 min dollara başa gəlir. Bəs nə qazanıram? Heç nə. Hansısa kənddən gəlmiş bir adam mənim kasetimi satışa buraxır, özünə "Mercedes" alır. Heç mənə 15 dənə kaset vermir ki, polis işçiləri yolda saxlayanda onlara bir kaset verim. Yeni mahnılarım olanda efirdə səslənir, özüm evdə diskə yazıb dost-tanışa verirəm. - Bəziləri müğənniləri kateqoriyaya bölür. Səncə, bu nə qədər doğrudur? - Özlərinə adlar verənlərə onu demək istəyirəm ki, gedək, balaca bir zalda mənimlə birlikdə afişalarımızı vuraq. Görək, kimin biletləri tez satılacaq? Mən bilən, kateqoriya məsələsini Faiq Ağayev ortalığa atıb. Əgər onu nəzərdə tutursunuzsa, o bir nömrədir. Çünki Faiq Ağayev hər il Heydər Əliyev Sarayında konsert verir və zalı tamaşaçı ilə doldurur. Mənim Faiqdən nə çörəyim gəlir, nə əmim deyil, nə də dayım. Sadəcə, işgüzar insan olduğu üçün ona böyük hörmətim var. - Dindarlığını bir kənara qoyaq, musiqiçi kimi efirə yarılüt çıxanlara necə baxırsan? - Mən onlara bir söz demərəm, çünki hərə öz sözünə və geyiminə cavabdehdir. Bu yaxınlarda bir xanım sənətçi ilə verilişdə oldum. Mənə qayıdıb deyir ki, "əvvəllər namaz qılırdım, amma indi sənətimlə bağlı namaz qıla bilmirəm". Sonra da efirdən deyir ki, "mən özüm yarılüt şəkildə efirə çıxıram ki, əks cinsi özümə cəlb edim və pərəstişkar toplayım". Sözə bax, a. Əgər özünə pərəstişkar yığmaq istəyirsənsə, işləmək lazımdır. Yarılüt şəkildə efirə çıxmaq yox... - İndiki şou biznes səni qane edirmi? - Bəzi məqamlarda qane edir, bəzi məqamlarda isə yox. İndiki gənclər imkan versələr, bizdə də əməlli-başlı şou olar. Amma imkan vermirlər. İndiki gənclər hər-hansı şou verilişinə dəvət olunanda, 30-40 manata gedib kiminsə mahnılarını oxuyurlar. Onu da elə oxuyurlar ki, oxumasalar, yaxşıdır. Belə adamlar şou-biznesi pis günə salırlar. Gəlib məndən "minisovka"nı alıb toya və ya şoulara gedib bazarımızı öldürüblər. - Nə vaxtsa yaddan çıxmaqdan qorxmursan ki? - Onsuz da mən yaddaşlardan silinməyəcəyəm. Bunu dəqiq bilirəm. Çünki xalq məni sevir və səsimi bəyənir. Əgər bir mahnım 5-6 il məni gündəmdə saxlayırsa, bu mənə bəsdir. - Sənin bir klipin məşhur türk müğənnisi Bülənt Sərtacın da ifa etdiyi bir mahnıya çəkilib. Bu klipdə mahnını türk dilində oxumusan. Bizim sənətçilər, elə siz özünüz, türk mahnılarını türk ləhcəsində oxuyurlar. Amma türklər bizim mahnıları ifa edəndə öz dillərinə uyğunlaşdırıb oxuyurlar... - Söz yazdırmaq lazım idi. Amma mahnının sözləri gözəl olduğu üçün dəyişmək istəmədim. Çünki həmin mahnının sözlərində bir dünya var. Onun sözlərini dəyişmək, mənə elə gəlir ki, günahdır. Türklərə gəldikdə isə, bizim mahnıların sözlərini ona görə dəyişirlər ki, onlar bizim dildə oxuya bilmirlər. - Türkiyəyə səfərə hazırlaşırsan. - Hə, elə bir fikrim var. Türkiyəyə klip çəkdirmək üçün getmək istəyirəm. Fikirləşirəm ki, həm konsert verərəm, həm də bir qədər dincələrəm. Axır vaxtlar çox yorulmuşam. - Taleyindən razısanmı? - Bəlkə də razıyam deyə bilərəm. Amma şəxsi həyat tərəfdən yox. Şəxsi həyatımda çox problemlər var. Kənardan məni müşahidə edənlər bəlkə də fikirləşirlər ki, İzzətin heç bir problemi yoxdur, həm müğənnidir, həm də aparıcı. Amma çox yanılırlar. Bəlkə də mənim mənəvi problemlərim qədər heç kəsin problemi yoxdur. Mən sadəcə olaraq pərəstişkarlarımı sevindirirəm. Onlar üçün yaşayıram. Özüm isə heç vaxt ürəkdən gülə bilməmişəm. - Səni bu cür sıxan və gülməyə imkan verməyən nədir? - Gəlin bu barədə danışmayaq. Bu barədə danışmağı heç xoşlamıram. Çünki bunlar mənim şəxsi problemlərimdir və heç kimi buna şərik etmək fikrim də yoxdur. - Hər bir sənətçini sənətdə qane etməyən nəsə olur. Səni də qane etməyən nəsə varmı? - Yox! Allaha şükür, sənətdə hər şeydən razıyam. Hələ ki, sənətdə məni qane etməyən elə bir böyük problem yoxdur. - İndi hansı bəstəkarlarla işləyirsən? - Mənim üçün bəstəkarın fərqi yoxdur. Əsas odur ki, onların mahnıları gözəl olsun. Xoşuma gələn mahnı olanda, götürürəm. Hal-hazırda Sevda Məmmədli ilə işləyirəm və yeni satışa çıxaracağım kasetimdəki mahnıların çoxunun müəllifi də odur. Ekspress.az

OXŞAR XƏBƏRLƏR