Erkin Qədirli REAL-dan getdi - YENİLƏNİB

SİYASƏT
15:33 13.05.2014
1360

Qədirli açıqlama verdi.

İdarə Heyətinin qərarı ilə hesablaşmağa məcburam. Mən İdarə Heyətinin iclasında öz izahlarımı verdim, arqumentlərimi gətirdim. Amma İdarə Heyəti bunu inandırıcı qəbul etmədi.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında REAL-ıən məclis başqanı Erkin Qədirli vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

E. Qədirli qərarla razılaşmasa da, İdarə Heyətinin qərarını qəbul etməyə məcbur olduğunu qeyd edib. Onun sözlərinə görə, qərara şəxsi münasibətlər təsir göstərməyib:

“Mən REAL-ın qurucularındanam. REAL mənim üçün daha çox bir missiyadır. Mənə qarşı heç bir şəxsi-qərəzlik yoxdur. Biz çalışırıq ki, şəxsi münasibətlərimizi hərəkata gətirməyək. Orda hamı mənə hörmətlə yanaşır. Onlar hesab edirlər ki, mənim fikirlərim REAL-ın təməl prinsiplərinə uyğun deyil. Yəni, buna heç bir şəxsi münasibət təsir göstərməyib. REAL-ın prinsiplərini qəbul etməsəydim, hərəkatdan çıxardım. REAL-ın proqramının hazırlanmasında şəxsən iştirak etmişəm. Fikirlərimdə qəzəbli, ehtiyatsız ifadələr işlətmişəmsə, təbii ki, mənim məsuliyyətimdir”.

13:19

“Respublikaçı Alternativ (REAL) Hərəkatının Məclis başqanı, İdarə Heyətinin üzvü Erkin Qədirli vəzifəsindən kənarlaşdırılıb və mətbuatla təmasına məhdudiyyət qoyulub”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında hərəkatın icra katibi Natiq Cəfərli deyib.

N.Cəfərlinin sözlərinə görə, bu barədə qərar hərəkatın İdarə Heyətinin toplantısında verilib.

O bildirib ki, E. Qədirlinin vəzifəsindən kənarlaşdırılmasına son günlər hərəkatın proqramına zidd müsahibə və açıqlamaları səbəb olub:

“Son günlər onun sosial şəbəkələrdəki statusları və müsahibələri hərəkatda müzakirə olunurdu. Onun bəzi müsahibələri REAL-ın proqramı ilə təzad təşkil edir. Erkin Qədirlinin demokratiya ilə bağlı bəzi fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Ona görə də biz ona vaxt tanımışdıq ki, səhvlərini düzəltsin. Ancaq bu baş vermədiyinə görə, İdarə Heyəti belə bir qərar verdi”.

N.Cəfərli onu da əlavə edib ki, İdarə Heyəti 3 ay müddətinə E. Qədirlinin mətbuatla təmasına da məhdudiyyət qoyub. Onun sözlərinə görə, REAL-ın yeni Məclis başqanı seçiləcək: “Amma Erkin Qədirli İdarə Heyətində qalır və bütün işlərdə aktiv iştirak edəcək”.

OXŞAR XƏBƏRLƏR