"Laçın dəhlizinə nəzarət gücləndirilməli və Azərbaycan əsgərlərinin həmin ərazidə fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Bu cür problemlərin vaxtaşırı yaranmasının əsas səbəbi isə rus sülhməramlılarının mandatının təyin olunmamasıdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə rus sülhməramlılarının fəaliyyətində müəyyən problemlər var:
"10 Noyabr Bəyənatı”nın müddəalarının həyata keçirilməsi istiqamətində tez bir zamanda genişmiqyaslı fəaliyyət icra olunmalıdır. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu, müharibənin arxada qaldığını bildirdi. Müharibənin qələbəsi Azərbaycanın tarixinə yazıldı. Amma onu da qeyd edək ki, Azərbaycanın bölgədə yenidənqurma və quruculuq işlərinin davam etdirdiyi bir dönəmdə ermənilər təxribatlardan geri qalmır, atəşkəsi pozurlar. Onlar bu təxribatlarla digər məqsədlər güdürlər.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafında Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu. Bu, onu göstərir ki, sülhməramlıların fəaliyyətində müəyyən problemlər var, eyni zamanda erməni silahlı dəstələri hələ də regionda sülhə və sabitliyə böyük təhdiddir. "10 Noyabr Bəyənatı”nın müddəalarının həyata keçirilməsi istiqamətində tez bir zamanda genişmiqyaslı fəaliyyət icra olunmalıdır”.
İlyas Hüseynov onu da qeyd edib ki, bölgədəki erməni dəstələrinin qalıqları zərərsizləşdirilməlidir:
"Hələ də erməni ordusunun qalıqlarının orada olması ilə bağlı çoxsaylı faktlar var. Bu dəstələr zərərsizləşdirilməli və ya bölgədən çıxarılmalıdır. Bunun üçün ilk növbədə Laçın dəhlizinə nəzarət gücləndirilməli və Azərbaycan əsgərlərinin həmin ərazidə fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Bu cür problemlərin vaxtaşırı yaranmasının əsas səbəbi isə rus sülhməramlılarının mandatının təyin olunmamasıdır. Bu da danışıqların predmeti kimi qarşıdakı perspektivdə müzakirə olunan problemlər sırasında nəzərdən keçirilir”.
Aydın Nuri