Erməni hakerlər Azərbaycan nazirliklərinin saytlarına hücum təşkil ediblər.
Bu barədə "Cyber Army" adlı haker qrupu xəbər yayıb.
Məlumata görə, erməni hakerlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin internet saytlarını dağıdıblar. Amma hazırda hər iki dövlət qurumunun saytına daxil olmaq olur.
Məsələ ilə əlaqədar hər iki nazirliklə əlaqə saxladıq. FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovbildirdi ki, saytın fəaliyyətində heç bir problem yoxdur. "Haker hücumu ilə bağlı yayılan məlumatlar yalandır. FHN-in internet saytı 24 saat fəaliyyət göstərir".
Fövqəladə Hallar Nazirliyinin saytı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəriElman Babayevisə bildirdi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.
Erməni haker qrupu hücumu cəbhə xəttində baş verən insidentlərlə əlaqələndirib. Xəbərdə bildirilir ki, Azərbaycanın xüsusi təyinatlı dəstəsi dekabrın 18-də 4 istiqamətdən hücuma keçib. Baş verən döyüş nəticəsində Ermənistan ordusunun üç hərbçisi həlak olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan ordusunun əsgərlərinin ikisi gecə təmas xəttində atışma zamanı öldürülüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il). Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı şəraitdə öldüyü araşdırılır.
Milli.Az xəbər verir ki, son məlumatlarında erməni mediası ölən əsgərlərin 3 yox, 10 olduğunu yazıblar.
Bu erməni hakerlərin ilk belə addımı deyil. Hakerlər noyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) saytına hücum etmişdilər.
Həmin vaxt sayt ASALA terror təşkilatının hakerləri tərəfindən dağıdılmışdı.
Fondun www.amf.az saytına girərkən ingilis dilində ASALA tərəfindən kiberhücum (Hacked by A.S.A.L.A.) və ya "Veb səhifə açılmır" ("Веб-страница недоступна") yazısı görünüb.