Ermənilər Tərtərdə 20-dən çox məzar dağıdıblar

SOSİAL
17:45 27.04.2016
1746
Cari ilin aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınıb, iri çaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində dağıdılıb.

“Qafqazinfo” xəbər verir ki, aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılmış, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib.

Bu hallar hazırda da davam edir.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR