Ermənistan 44 günlük müharibədən dərs çıxarmayıb - Yenə "Dəmir yumruq" istəyir?

Ermənistan 44 günlük müharibədən dərs çıxarmayıb - Yenə "Dəmir yumruq" istəyir?
SİYASƏT
17:38 10.03.2023
341
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni siyasi mənzərə və bu mənzərədə sülh əlinin Ermənistana uzatması bir daha ölkəmizin tərəqqipərvər ölkə olduğuna işarə etdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Ermənistanın növbəti təxribatlarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, 10 Noyabr Bəyanatı və bu bəyanatdan irəli gələn məsələlər, onun bəndlərinin icrası 3 ilə yaxın müddət keçəsinə baxmayaraq, Ermənistan tərəfindən bu və ya digər formada yubadılır: "Yəni Azərbaycan üzərində düşən bütün öhtəlikləri yerinə yetirir. Ölkəmiz təxirəsalınmaz formada bölgəyə daimi sülhün gəlməsini, sərhədlərin delimitasiya və demarkasiyası olunmasını, kommunikasiya xətlərinin bərpa edilməsinin, ərazi bütövlüyümüzün qarşılıqlı tanınması və sülh müqaviləsinin tərəfdarıdır. Qeyd etməliyik ki, bu, bizdən çox Ermənistana lazımdır. Amma hələ də erməni toplumunun tarixən zəhərlənməsi və özlərindən başqa bütün xalq və dövlətlərə olan kin və nifrət onları rasional düşünməyə qoymur. Bu gün də Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatlarla məğuldur. Sülhdən danışan Paşinyan əslində hələ də daimi sülhün əldə olunması üçün bu və ya digər formada siyasi manipulyasiyalarla məşğuldur”. 

Deputat bildirib ki, burada ikinci məsuliyyət ərazimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlılarının üzərinə düşür: "Onlar bu məsuliyyəti daşımaq üçün həmin ərazidədirlər. Mandatlarının əsas məqsədi o bəndlərin icra olunmasını təmin etməkdir. Lakin hələ də üçtərəfli bəyanatın dördüncü bəndində olan sülhməramlıların yerləşdirilməsi ilə erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsi öz həllini tapmayıb. Əksinə, hələ bizdə şübhələr var ki, sülhməramlılar oradakı qanunsuz birləşmələri, erməni banditlərini qorumaqla məğuldurlar. Çünki artıq əlimizdə faktlar var ki, onlar alternativ yollarla silahlar daşıyırlar və o daşıma prosesində sülhməramlıların da avtomobilləri açıq-aydın görünür. Bu, bizə onu deməyə əsas verir ki, sülhməramlılar öz missiyalarından kənar fəaliyyətlə məşğuldurlar. Ona görə də, Cənab Prezident dəfələrlə Rusiya Prezidenti ilə görüşlərində, danışıqlarında, Müdafiə Nazirliyimiz, Xarici İşlər Nazirliyimiz bununla bağlı kifayət qədər Rusiya tərəfinə öz iradlarını bildirib”. 

V.İskəndərov həmçinin əlavə edib ki, son zamanlar Ermənistan sülhdən danışaraq sülhə gəlməməsi, əksinə onu pozması Ermənistanı hələ də işğalçılıq siyasətini göstərir: "Ermənistanın siyasi-hərbi rəhbərliyi hələ də rasional düşünə bilmir və bölgədə qalıcı və daimi sülhün əldə olunması üçün bu danışıqları pozur. Ona görə də, Cənab Prezident X Qlobal Bakı Forumunda söylədi ki, biz əlimizdən gələn bütün addımları atmışıq və atırıq. Əlbəttə ki, bizim səbrimiz də sonsuz deyil. Yəni Ermənistan bu təxribatlarına davam etsə, sülhməramlıların müvəqqəti olduğu ərazilərdə yaraqlıların mövcud olması və orada təxribat törətməsinə davam etsə, ölkəmizin öz hüquqlarından istifadə edəcək. Əsasən də legitim hüququ olan hansısa xüsusi əməliyyat, anti-terror əməliyyatlarının keçirilməsini qanuniləşdirir. Buna görə də, biz öz ərazilərimizdə hansısa əməliyyatın keçirilməsini özümüz müəyyən edirik. Amma hələ ki, ölkəmiz silahların yox, diplomatiyanın danışmasını istəyir. Bu, baş tutmasa, Ermənistan tərəfi bunu anlamasa, ölkəmiz nə lazımdırsa, onu da yüksək səviyyədə edəcək. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir”. 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

O qeyd edib ki, Azərbaycanın öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ var:


"Aydındır ki, ermənilər həmişə pozuculuq fəaliyyəti ilə məşğul olublar. Tarixən ermənilər haqqında oturuşmuş təəssürat ondan ibarətdir ki, onlar gərginlik yaradan, münaqişələr yaradan terror fəaliyyəti ilə məşğul olan bir xalqdır. Bu, erməniləri xarakterizə edən ilk əlamətdir. Azərbaycanın ərazisində yaşayan ermənilər üçün təhlükəsizliyin olacağını, onların dinc mövcudluğu şəraitinin olacağını deyirik. Onlar yalnız Azərbaycanın konstitusiyasına, qanunlarına tabe olduqları halda ölkəmizin ərazisində mövcudluqlarını davam etdirə bilərlər. Amma ermənilər separatizmdən əl çəkmək istəmirlər. Bu, onun göstəricisidir ki, ermənilər öz mahiyyətlərinə uyğun davranmaqdadırlar. Yenə dağıdıcı fəaliyyətlə məşğuldurlar, görünür bundan sonra da məğul olmaq istəyirlər. Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırlar. Belə olan halda, təbii ki, hər bir dövlətin olduğu kimi, Azərbaycanın da öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ var”.

Deputat bildirib ki, erməni separatçıları bu cür davam etdiyi halda, onlara qarşı güc tətbiqi həyata keçiriləcək:

"Biz həmişə olduğu kimi, bu məsələləri müzakirələr, dinc vasitələrlə həll etmək istəyirik. 30 ilə yaxın müddətdə də ermənilərlə danışıqlar apardıq. Amma gördük ki, ermənilər heç bir halda dinc yolla məsələni həll etmək istəmirlər. Təxribatlarını davam etdirirlər. Belə olan halda, biz güc yolu ilə torpaqlarımızı işğaldan azad etdik. İndi də biz Ermənistana dinc yollar təklif edirik. Azərbaycanda müxtəlif xaqların nümayəndələri olduqca dinc şəraitdə, təhlükəsizlik şəraitində mövcud olmaqdadırlar. Azərbaycanda hansısa xalqın nümayəndələrinə qarşı heç vaxt diskriminasiya halına yol verilməyib. Bunu da ermənilər çox gözəl bilir. Ona görə də, onlar məqsədli şəkildə bu cür pozuculuq fəaliyyətlərini davam etdirirlər. Hadisələr təkrar olur. Ermənilərə biz yenə dinc yol təklif edirik, lakin onlar təxribatlarını, separatçılıq fəaliyyətlərini davam etdirirlər. Belə olan halda, biz yenə məsələni başqa yola həll etmək məcburiyyəti qarşısında qalacağıq. Yəni, ermənilər yenə də bu cür hallardan geri durmayacaqlarsa, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradacaqlarsa, biz bu təhdidləri aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirəcəyik. Burada da güc tətbiqi istisna deyil”.
 
Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR