Noyabrın 14-də Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni konstitusiyaya uyğun sayan qərar qəbul edib. Qərarı məhkəmənin sədri Qaqik Arutyunyan oxuyub və sənədin parlamentə göndəriləcəyini açıqlayıb.
AZXEBER.COM "Mediaforum"-a istinadən xəbər verir ki, parlament komissiyalarında baxılandan sonra dekabrın əvvəllərində sənədlərin plenar iclasda müzakirə olunacağı gözlənir.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar.