“Ermənistan cəmiyyəti real olaraq sülhün faydasını görür” - Deputatı

“Ermənistan cəmiyyəti real olaraq sülhün faydasını görür” - Deputatı
SİYASƏT
15:29 05.02.2026
744
"Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın növbəti, daha praktik mərhələyə keçdiyini göstərən mühüm siqnaldır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, sözügedən görüşün mahiyyəti bəyanatlardan daha çox, artıq həyata keçən proseslərin təsdiqi və genişləndirilməsi ilə ölçülür:

"Görüş zamanı tərəflərin ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinin icrası istiqamətində əldə olunmuş irəliləyişi yüksək qiymətləndirmələri normallaşmanın artıq kağız üzərində deyil, real mexanizmlər vasitəsilə davam etdiyini göstərir. Bu məqam xüsusilə vacibdir, çünki uzun illər Azərbaycan–Ermənistan münasibətləri bəyanatlar, vasitəçilər və nəticəsiz diplomatik raundlarla xarakterizə olunurdu. Əbu-Dabi görüşü isə yeni mərhələdə normallaşmanın ikitərəfli əsasda və praktik addımlar üzərindən irəlilədiyini nümayiş etdirir”.

Parlamentari qeyd edib ki, görüş zamanı ikitərəfli ticarətin başlamasının qeyd olunması sülhün real göstəricisidir:

"Görüşün ən diqqətçəkən tərəflərindən biri tərəflərin ikitərəfli ticarətin başlamasını, Azərbaycandan Ermənistana neft məhsullarının ixracını və üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitini xüsusi məmnunluqla qeyd etmələridir. Bu faktlar sülhün real, gündəlik həyatdakı təsirlərinin göstəricisidir.

Bu proses bir neçə mühüm nəticəni ortaya qoyur. Bu o deməkdir ki, Ermənistanın faktiki olaraq Azərbaycanın regional logistika sisteminə inteqrasiyası başlayıb, Azərbaycanın nəqliyyat və enerji infrastrukturu regionun əsas dayağı kimi qəbul olunur və siyasi normallaşma iqtisadi asılılıq mexanizmi ilə möhkəmləndirilir.

Tarix göstərir ki, münaqişədən çıxmış regionlarda sülhü ən çox möhkəmləndirən amil iqtisadi maraqların üst-üstə düşməsidir. Hazırda baş verənlər də məhz bunu təsdiqləyir”.

Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti real olaraq sülhün faydasını görür:

"Ermənistan cəmiyyəti real olaraq sülhün faydasını görür. Enerji təminatı, tranzit imkanları, ticarət axınları. Azərbaycan isə regionun iqtisadi mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Görüşdə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi barədə razılıq əldə olunması xüsusi diqqətə layiqdir. Bu, artıq klassik dövlət diplomatiyasından ictimai diplomatiya mərhələsinə keçidin göstəricisidir. Sülh həm də cəmiyyətlərin psixoloji hazırlığı ilə möhkəmlənir. Qarşılıqlı səfərlər, dialoq mühitinin formalaşması, sosial təmaslar gələcəkdə mümkün neqativ ritorikanın qarşısını alan ən təsirli mexanizmdir.

TRIPP və digər bağlantı layihələrinin müzakirəsi də göstərir ki, söhbət təkcə Azərbaycan-Ermənistan münasibətlərindən getmir. Burada daha geniş regional arxitektura qurulur. Bu layihələr Cənubi Qafqazı qapalı münaqişə zonası statusundan çıxararaq, qlobal ticarət və logistika xəritəsinin aktiv hissəsinə çevirir. Bu isə Ermənistan üçün seçim məsələsini daha da aydınlaşdırır. Yəni İrəvan ya regional əməkdaşlığın bir hissəsi olmaq, ya da özünü təcrid vəziyyətində saxlamalıdır. Əbu-Dabi görüşü göstərir ki, rəsmi İrəvan artıq birinci yolu seçmək məcburiyyətindədir”.

E.Mirzəbəyli deyib ki, İkitərəfli dialoq konkret nəticələrə hesablanır:

"Ən mühüm məqamlardan biri də normallaşma prosesinin ikitərəfli əsasda davam etdirilməsinin vurğulanmasıdır. Bu, Azərbaycan diplomatiyasının uzun müddətdir irəli sürdüyü mövqenin təsdiqidir. Çünki vasitəçilərin çoxluğu əksər hallarda prosesi uzadır, məsuliyyəti isə yayındırır.
İkitərəfli dialoq isə konkret nəticələrə hesablanır və tərəfləri birbaşa məsuliyyət qarşısında qoyur. Əbu-Dabi görüşü bir daha göstərdi ki, postmünaqişə dövrü artıq simvolik mərhələdən praktik mərhələyə keçib. İndi söhbət sülhün fəlsəfəsindən deyil, sülhün infrastrukturlarından, iqtisadi mexanizmlərindən, sosial dayaqlarından gedir.

Bu görüş sübut edir ki, sülh prosesi geriyə dönməz xarakter alır, Ermənistan faktiki olaraq Azərbaycanın yaratdığı regional reallığa uyğunlaşır, Cənubi Qafqaz yeni geosiyasi və geoiqtisadi mərhələyə daxil olur. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləmələri, təmasların davam etdirilməsi barədə razılığa gəlmələri isə bu prosesin epizodik deyil, sistemli xarakter daşıdığını göstərir.

Əbu-Dabi görüşü göstərdi ki, artıq sülhün işlək mexanizmləri formalaşır. Bu mexanizm isə regionun gələcək onilliklərinin siyasi və iqtisadi trayektoriyasını müəyyən edəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR