Ermənilər Ağrı Dağ-ı özlərinin qeyri-maddi irsi sayılmasını tələb edirlər. Bunun üçün Ermənistan parlamenti YUNESKO-ya müraciət üçün məktub hazırlayır.
Ermənistan parlamentində Türkiyə ərazisində yerləşən Ağrı dağın (ermənilərin Ararat adlandırdığı – red.) Ermənistanın qeyri-maddi irsi sayılmasını tələb edilməsi ilə bağlı müzakirələr aparılır. Erməni parlamenti bu məqsədlə YUNESKO-ya müraciət hazırlayır. Qeyd edək ki, ermənilərin uydurduqları Böyük Ermənistan dövlətinin uydurma xəritəsi İrəvanın etnoqrafik muzeyində nümayiş etdirilir.
AZXEBER.COM-a sözügedən məsələ ilə bağlı şərh verən millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı bunları söyləyib: "Ağrı dağının Ermənistana və ermənilərə heç bir aidiyyatı yoxdur. Bu dağ Türkiyənin dünya birliyi tərəfindən qəbul edilmiş sərhədlərinin içərisində, tarixi türk ərazisində yerləşir. Ağrı dağ təbii bir abidədir. Onun erməni qeyri-maddi irsi ilə nə əlaqəsi var? Ermənilər bu regionda aborigen deyillər, gəlmədirlər. İndiki Ermənistan dövləti türk, azərbaycanlı torpaqlarında yaradılıb. Belə bir məktubu ünvanlamaqla Ermənistan parlamenti İrəvanın dövlət səviyyəsində təcavüzkarlıq siyasəti yürütdüyünü və beynəlxalq hüquq normalarını kobudcasına pozduğunu öz imzası ilə təsdiq edir, qonşuları ilə dinc yanaşı yaşaya bilmədiyini, onlara qarşı əsassız ərazi iddialarını davam etdirdiyini və regionda gərginlik mənbəyi olduğunu göstərir. Cənubi Qafqaz regionu hansı istiqamətlərdə geri qalırsa, onun başlıca səbəbləri Ermənistanın yürütdüyü siyasətlə bağlıdır".
Orxan